BPC sədri idxal-ixrac zamanı yaranan çətinliklərdən danışdıbackend

BPC sədri idxal-ixrac zamanı yaranan çətinliklərdən danışdı

“Azərbaycanlı iş adamları qonşu ölkələrə embarqolar səbəbindən Rusiyaya və ərəb ölkələrinə idxal-ixrac əməliyyatları zamanı milli valyutanın dəyərdən düşməsi səbəbindən müəyyən itkilərə məruz qalırlar”

Bu sözləri Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova söyləyib.

O bildirib ki, təkcə sanksiyalara məruz qalan Rusiya və İranla deyil, digər dövlətlərlə də ticarət əlaqəsi zamanı problemlər yaranır:

“Məlumdur ki, ərəb ölkələri, eləcə də Səudiyyə Ərəbistanı ilə yük daşımaları İranın ərazisindən həyata keçirilir. İrana qarşı isə ABŞ və Qərbin sanksiyaları mövcuddur. Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı da iqtisadi embarqolar tətbiq edilib. Bu vəziyyət yerli iş adamları üçün ciddi çətinliklər yaradır. Onların valyutalarının qlobal bazarlarda stabil olmaması yerli iş adamları üçün itkilərə gətirib çıxarır.  Manatın rus rublu və İran rialı qarşısında zəifləməsi idxal-ixrac məhsullarının maya dəyərini artırır. Nəticədə idxal məhsulları baha, ixrac məhsulları isə ucuz satılır. Qlobal amillər səbəbindən bu ölkələrlə və bu ölkədən keçməklə həyata keçirilən ticarət əlaqələrində maliyyə riskləri yaranır və Azərbaycan sahibkarlarının potensial gəlirləri azalır. Bu, xüsusilə də işgüzar və iqtisadi sahələrə təsir edərək, ölkənin ümumi iqtisadi stabilliyinə və idxal-ixrac balansına mənfi təsir göstərir”.

Ekspertin sözlərinə görə, Azərbaycan hökuməti sahibkarların xarici bazarlara çıxış zamanı üzləşdiyi problemlərin aradan qaldırılmasına dəstək olmalıdır: “İdxal əməliyyatları zamanı sahibkarlar məhsullarını gömrükdən keçirərkən onların vəsaiti ABŞ dollarına müvafiq olaraq hesablanır. Nəticədə qiymət fərqləri yaranır. Digər yandan Qida Təhlükəsizliyi Agenti məhsuldan laborator nümunələr götürərkən obyektiv və subyektiv səbəblərdən bəzən cavabları gecikdirir. Bu da məhsulların bazarlara çıxmasını yubadır. Xüsusən tez sıradan çıxan məhsulların xarab olması riski yaranır. Bu səbəbdən Dövlət Gömrük Komitəsinin və Qida Təhlükəsizliyi Dövlət Agentliyinin sahibkarlara müvafiq güzəştlər tətbiq etməsi yaxşı olardı. Optimal idarəetmə sisteminə keçid dəyən zərərin miqyasını azalda bilər. Çünki məhsulun maya dəyəri artdığı zaman sahibkar da onu baha satmağa məcbur olur və nəticədə qiymətlər artır” – Bayramova vurğulayır.

Əlavə edir ki, ölkəmizin iqtisadi inkişafı istiqamətində həyata keçirilən islahatlara dəstək baxımından da bu güzəştlər müstəsna əhəmiyyət kəsb edir: “Yerli istehsalın artırılması, “Made in Azerbaijan” brendinin təşviqinin güclənməsi dövlətin iqtisadi siyasətinin priroritet istgiqamətinə çevrildiyi bir şəraitdə dövlət qurumları da fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirməlidirlər” – deyə, BPC sədri fikrini tamamlayır.

  •  (0)
  •  (0)