“Həmişə öndə olana arxadakılar söz atır. Kimsənin kiminsə şəxsi həyatı haqda danışmağa, ona yol göstərməyə haqqı yoxdur. Hərənin özəl həyatı və dünyaya öz baxışı var. Biz hüquqi dövlətdə yaşayırıq. Əgər biri cinayət işləyibsə, qanun mövcuddur. Hər birimiz cəzamızı alarıq. Yoxsa cəngəllik qanunları ilə danışmağa ixtiyarı çatmır. Ad çəkmirəm, ümumi danışıram”.
Hokm.az xəbər verir ki, bu sözləri “şərq”ə açıqlamasında müğənni Afət Fərmanqızı deyib. O, son zamanlar şou-biznesdə tüğyan edən qalmaqallardan danışıb. Həmçinin bu kimi məsələlərə əhəmiyyət vermədiyini söyləyib: “Mənə qarşı bir söz deyiləndə faktlarla cavablandırıram. Xüsusilə də şou aləmində son zamanlar qalmaqallar yaşanır. Çoxu gündəmə gəlmək istəyir. Özümdən danışacam, bir vaxt mənim başıma gəldi. “Pəncü-şeş” mahnısını oxuduqdan sonra onlarla sənətçi əleyhimə çıxış etdi. İnsanları çaşdırdılar ki, guya, böyük qəbahət etmişəm. Nəsimi mənim üçün Allah deyil. Nəsimi, Nizami, Füzuli kimi neçə-neçə şair sadalayaram ki, hansınınsa toxunulmazlığı yoxdur.
Konstitusiyanın qanunlarını nəzərə alaraq mahnı oxumuşam. “Tupoy”, savadsız bəzi müğənnilər reklam üçün söz atdılar. Mən də cavablarını verdim. Biri də nə isə edə bilmədi. Hətta guya məni məhkəməyə verəcəkdilər. Onların içərisində xalq artisti də var idi. Niyə məni məhkəməyə vermədilər? Məhkəməyə müraciət etsə də, əsassız olduğu üçün qazana bilməzdi.
Məsələn, sizə deyə bilərəm ki, qara paltar geyinməyin? Yox. Bunlar da eynisini edir. Oxumuşam, sən kimsən? Sən Nəsimisən? Əcəb etmişəm. Sonra yenə ifa etdim. Biri də səsini çıxara bilmədi. Öz keçmişlərinə baxsınlar, min hoqqadan çıxıblar, indi gəlib sənətdə, şəxsi həyatda biri-birlərinə yol göstərirlər. Ona görə də ayıblarını açıb-ağartmasınlar.
Kimsə süddən çıxmış ağ qaşıq deyil. Fikrimcə, belə səviyyəsiz şəkildə qalmaqal edən müğənnilər efirə buraxılmasınlar. Burada söhbət Şəbnəmdən, Vəfadan, Rəqsanədən getmir. Ümumi danışıram. Biz incəsənəti təbliğ edən adamlarıq. Şou-biznes, ya sənətçi, fərqi yoxdur. Yeri gəlmişkən deyim ki, indi iki qrup var: şou əhli və sənətçilər. Amma bəzi müğənnilər həm sənətdədir, həm də şouda. Aygün Kazımova onlardan biridir. Yəni efirlər öncə araşdırmalıdır. İfadəmə görə üzr istəyirəm, bic doğanlar proqramda əxlaqdan danışır. Hansısa bir pis işdə, qadın alverində, narkotikdə adı hallananlar efirə çıxırlar. Aparıcılar boşananlara ailə dəyərlərindən sual verirlər. Ayrılmaq ayıb deyil. Amma boşanana ailə münasibətindən sual ünvanlamaq olmaz. Məni də verilişə çağırırlar, deyirlər, ailədən danışın. Qayıdıram ki, vallah, cəmi 2 il ailəli olmuşam. Nə yatdım ki, nə yuxu görüm? Nə danışa bilərəm? Nümunəvi ailəsi olan, dəyərli sənətkarlarımızı dəvət edin. Məndən inciməsinlər, günah aparıcılardadır.
Sənəti olmayana sənətdən sual verirlər. Şou nümayəndəsinə sual ünvanla ki, niyə açıq-saçıq geyinirsən, ya da kiminsə ərindən uşaq doğmaqla gündəmə gəlirsən? Bu, hə. Ya da bunlar üçün ayrıca bir kanal açılsın. Bəzən fikirləşirəm ki, uşaqlı ailələr televizorda belə səviyyəsiz mövzulara necə baxa bilirlər. Təbii ki, bütün kanalları nəzərdə tutmuram. Bəziləri çox sərbəstdir. Hazırda kim çox əxlaqsızlıq edirsə, o gündəmdədir. Sonra da həmin şəxs reklam olunur, varlanır və gözü ayağının altını seçmir. Çoxunu müğənni kimi görmürəm”.
Müğənni instaqramdakı bəzi səhifələrin fəaliyyətindən narazı olduğunu xüsusi vurğulayıb: “Qarabağa salam yetir” mahnım var. Bir dəfə onu paylaşmırlar. Yaxşıları təbliğ edin. Kiminsə xətrinə dəymək istəmirəm. Pozğunluq niyə baş alıb gedir? Görürlər ki, belə olanda daha çox baxış gəlir. Bu da pulsuz reklam yoludur. Mən ifam ilə reklam olundum. Mahnıma görə məni söysünlər, tənqid etsinlər. Kiminsə ərindən uşaq doğmaqla gündəmə gəlmədim, kiməsə daş atmadım. Qətiyyən! Əksinə, mənə daş atdılar. Ay jurnalistlər, səhifə adminləri, siz niyə onları təbliğ edirsiniz? Təsəvvür edin ki, on dəqiqəlik müsahibə götürüb, hansısa əxlaqsızı təbliğ edirsiniz. Bu nə dərəcədə doğru olar? Əksinə, ayıbı örtmək lazımdır. Ötən dəfə bir səhifə admini var.
Özü açıq-saçıq geyinən müğənni ilə işləyir, tanımıram. Proqramda Telli Borçalı ilə birgə xəngəl yediyimiz videomuz var. Bu, pis bir şey deyil. Öz çalışdığın müğənniyə xanım deyə müraciət edirsən, amma Telli Borçalı ilə mənim videomu yerləşdirib, sürətləndirib sadəcə adımızı yazırsan. İstərdim ki, belə səhifələr, umumiyyətlə sosial şəbəkələr də ləğv olunsun”.
A.Fərmanqızı mahnıların baxış sayı ilə əlaqəli işlərdə trend məsələsinin olduğunu bildirib:
“Guya trendə düşürlər. Pul verib mahnının PR-nı etdirir. Onunla yanaşı qalmaqal yaradır. Səhifəsinə baxırlar, o zaman avtomatik baxış artır. Müvəqqəti də olsa, gündəmdə qalırlar, sonra yaddan çıxırlar. Özlərini iş və mahnı ilə göstərməlidirlər. Çox pis vaxtdır. Çörəyim başqa yerdən gəlsə idi, sənətdən gedərdim. Murdarlıq şou-biznesdə daha çoxdur. Biri qabağa gedən kimi, onun ayağından çəkirlər.
“Pəncü-şeş” mahnısı yayımlanan zaman mənə ağıl öyrədirdilər. O zaman sakit idim. Baxdım ki, artıq müdafiə vaxtıdır. Mənə bəzi cahil sənətçilər dedi ki, filankəsin sənəti böyükdür. Onun sənəti böyükdür deyə, məni təhqir etməlidir? Yanlış düşüncədir. Bunları iki il əvvəl yaşamışam. Səhv iş görürsə, siz baxmayın, sonra düzələcək. Sosial şəbəkələrə girə bilmirik. Adiyyəti qurumlardan xahiş edirəm ki, “Tik-Tok”u bizim ölkədən yığışdırsınlar. Ora lap əxlaqsızlıq yuvasıdır. Mən orada yoxam, həftədə bir dəfə mahnı paylaşıram, baxan olmur. Biri hoppanıb-düşsün, nə qədər izləyərlər”.