Ukrayna musiqi və şou biznes dünyasında səs salan Lana Tigrana ləqəbli müğənni – rəqqasə Ruslana Akif qızı Nəsibovanın ifasında “Dəli olma” adlı yeni sinqlın təqdimatı baş tutub.
Hokm.az xəbər verir ki, layihənin direktoru və prodüsseri Azərbaycanda bir sıra telelayihələrin müəllifi olmuş, hazırda Kiyevdə yaşayan tanınmış prodüsser İdris Cəfərovdur.
Belə ki, bir çox hallarda ABŞ-da yaşayan erməni əsilli müğənni Şerə ilə müqayisə olunan Lana Tigran müğənni olmaqla yanaşı, Ukraynada şərq rəqslərinin öyrədicisidir və bu məşhurluqla, yaşadığı ölkədə artıq ona bənzədilən erməni müğənninin reytinqini geridə qoyub.
O, 2017-ci ildə Avstriyada Vyana Balının kraliçası titulunu alıb. Beynəlxalq kateqoriyalı rəqs üzrə məşqçi dərəcəsini alan Lana eyni zamanda Ukrayna Şərq Rəqsi Yarışmasının qalibi də olub. O, həm də bir sıra telelayihələrin qalibi olub. Lana musiqi layihəsinə 3 il əvvəl başlayıb. Yeni layihə-klipdən əvvəl Lana “Şərq” və “Şəfəq” adlı daha iki klipini da yayımlayıb. Bundan başqa bəstəkar kimi “Azərbaycan” adllı vətənpərvər mövzuda mahnı da yazan müğənni bildirib ki, bu mahnının ərsəyə gəlməsi azərbaycanlı atasına və Azərbaycana sevgisinin tərənnümündən irəli gəlib:
“Bu gün mən “Dəli olma” adlı yeni klipimi təqdim edirəm. Bu klip böyük bir hadisə ilə bağlıdır. Çünki belə bir dövr oldu ki, mən rəqs ilə məşğul olan zaman şəxsi həyatımda problemlər oldu. Ona görə düşündüm ki, bu rəqsdən ibarət klipimi “Dəli olma” adlandıracam. Klipin sözlərini və musiqisini özüm yazmışam. Amma təbii ki, komandam, hansı ki, bu layihədə çalışırlar, mənə böyük köməkləri olub. Mən şəxsən Ukrayna Şərq Mədəniyyəti Mərkəzini yaratmışam, insanları yaxın və uzaq şərq mədəniyyəti ilə tanış edirəm. Bu mərkəz Kiyevdə yerləşir, hər kəs gəlib tanış ola bilər. Yeri gəlmişkən mənim atam azərbaycanlıdır. Biz əslən Azərbaycanın Naxçıvan bölgəsindənik. Hazırda Naxçıvanda qohumlarım, nənəm, əmilərim və xalalarım yaşayır. Baxmayaraq 28 ildir Ukraynada yaşayıram. Amma təşkil etdiyimiz mədəniyyət mərkəzində əsasən Azərbaycan mədəniyyətini təbliğ edirik.
Azərbaycan əsilli Ukrayna müğənnisi onu da bildirib ki, bu layihə son deyil və qarşıdan yaşadığı ölkədə geniş səs salmağa hədəflənən bir sıra layihələri də nəzərdə tutub. O bildirib ki, bu istiqamətdə artıq işlərini məhz azərbaycanlı tanınmış prodüsser İdris Cəfərov ilə birgə planlaşdırıb. İdris bildirib ki, Lananın bu fəaliyyəti Azərbaycan və dünya azərbaycanlılar üçün qürurvericidir”.