Bu gün Azərbaycanda Anım Günüdür. Səhər saatlarından başlayaraq bütün şəhər və rayonlarında anım mərasimləri keçirilir.
Hokm.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva bu günü qürur hissi ilə yada saldığını deyib.
O qeyd edib ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilərsə qürur mənbəyimizdir:
“Gözümü açandan arzumuz olub ki, işğal olunan torpaqlarımız geri qayıtsın. Ötən ilki duyğuları biz necə yaşamışıq, onu bir biz, bir də Allah bilir. Həqiqətən, həmin vaxtda həm qürur, həm sevinc, həm kədər bir-birinə qarışmışdı. Eyni anda bir neçə duyğunu birdən yaşayırdıq. Bu gün də şəhid övladı kimi fərqli duyğular içərisindəyəm. Səhərdən paylaşılan videolara, şəkillərə baxıram, keçən il baş verənləri xatırlayıram, çox qəribə duyğular içərisindəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, biz onların borcundan heç vaxt çıxa bilmərik. Çox qürur duyuram ki, xalqımın belə oğulları var”.
Aynişan Quliyeva tezliklə işğaldan azad olunmuş torpaqlara getmək arzusundan da danışıb:
“İşğaldan azad olunan torpaqlara istəsəm də, təəssüf ki, getmək alınmır. Çünki hazırda oralara getmək elə də asan deyil. Ümid edirəm ki, ən qısa zamanda bu alınar və mən də o torpaqları gedib görərəm. Bu, mənim ən böyük arzumdur”.