“Məni birinci qızım təbrik edir. Saat 12 olan kimi bütün diqqətim ona yönəlir. Bir neçə dəqiqə əvvəl evdən gedir, hay-küylə geri qayıdıb təbrik edir. Qızım, arzum budur ki, arzularım yarı yolda qalmasın. “Qızım” mahnısını Heydər Əliyev Sarayında oxuyanda ilk dəfə səhnədə ağladım. O vaxtdan sonra bu mahnıya kim qulaq asırsa, ağlayır”.
Hokm.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Səhər Mərkəzi” proqramında deyib. Bu gün 50 yaşı tamam olan pop ulduz efirə telefonla bağlanaraq bu barədə məlumat verib.
Verilişdə qonaq olan İlqarə Kazımova isə anası barədə fikirlərini bölüşüb, onu təkrarlamaq istəyən müğənnilərdən danışıb: “Aygün Kazımovanın qızı olmağın mənfi və müsbət təsirləri var. İstəyirsən ki, hamı kimi dincələsən, marketə gedəsən. Kütləvi yerləri sevirəm, amma orada tanınmaq istəmirəm. İndi maska var, bu, bir az məni sevindirir. Anamı məndən gözəl nə heç kim tanıya bilər, nə də sevə bilər…
İnsanlar müxtəlif olur. Bütün müğənnilər bir-birinə oxşamır. Şıltaqlıq, partlayışlar tək mənim anama yaraşır. Bəzi müğənnilər onun yolunu təkrarlamaq istəyir, amma yaraşmır. Anam səhnə üçün doğulub. O, mənim kimi marketə getməz. Ofisdə olar, işlərini görər. Boş vaxtını evdə keçirər. Gənc yaşlarımdan müxtəlif müğənnilər görmüşəm ki, səhnəyə can atırlar. Bəziləri var idi ki, çox pul yatırdılar, amma heç nə alınmadı. İstedad yox idi, alınmadı. Əgər tamaşaçı qəbul etmirsə, qalanı boşdur. Hamıya arzu edirəm ki, öz yolunu tapsın. Hobbini əsas peşəyə çevirməsinlər”.Qafqazinfo