Son günlərdə Əməkdar artist Dilarə Əliyevanın prodüser həyat yoldaşı Oqtay Əliyevin açıqlaması şou aləmində səs-küyə səbəb olub.
“SOY” prodakşının rəhbəri, prodüser Oqtay Əliyev müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xosenin efirə çıxmaq üçün qonorar istəməsinə münasibət bildirib.
O.Əliyev sözügedən musiqiçiləri heç bir qonorar qarşılığında efirə çıxarmadığını bildirib.
“Onları pul verərək dəvət edən oldumu? Xeyr! Bu da bütün sualların cavabıdır. Onlar dedilər ki, qonorarla çıxırıq. Cavab da odur ki, heç kim çağırmır. Qurtardı, getdi. Heç bir problem yoxdur. Onsuz da efirlər davam edir”.
Müğənni Natavan Həbibi efirdən qonorar istədiyi üçün onu və həmkarlarını tənqid edən Oqtay Əliyevə cavab verib.
İnstaqramda şərh yazaraq prodüser və ailəsini incəsənətə zərbə vurmaqda ittiham edib: “Müğənnilərdən qazanan belə deməlidir də. Guya söz deyib. Azərbaycan incəsənətinə ən böyük zərbələrdən vuran ailə! Sənətimizi ən abırsız formada dünyaya tanıdan kəslərin də məqsədi bəllidir. Millətin içində sənət nümayəndələrinə nifrət hissi formalaşdıranlar da indi yenə sənətimizi alçaldıb, insanları həqiqətdən yayındırıb, səhv fitva verərlər. Bunları keçmişik. Siz söhbətinizi edin”.
Oqtay Əliyev isə açıqlamasında Natavan Həbibinin təhqir etdiyi ailə üzvlərinin uğurları ilə bağlı məlumat paylaşıb.
“Bizim ailədə 5 nəfər var. Onlardan ikisi Xalq artisti, ikisi Əməkdar artist, biri də Əməkdar incəsənət xadimidir. Hansı ki, bu adlar mədəniyyətin inkişafındakı müstəsna xidmətlərə görə cənab prezident İlham Əliyev tərəfindən verilib. Prezidentin qiymət verdiyinə Natavanın bir söz deməsi bizim üçün plentusdan da aşağıdır. Mən o xanımı çox yaxşı başa düşürəm. Yaşıdları xalq və əməkdar artistlərdir, onun isə bir dənə həvəsləndirici qramotası belə yoxdur”.
Məşhur aparıcı, aktrisa və Oktay Əliyevin həyat yoldaşı Dilarə Əliyeva mövzu ilə bağlı fikrini bildirib. O deyib ki, N. Həbibi və digər sənətçilər qonorarı vaxtında ödəniş edib çıxdıqları verilişlərdən tələb etsinlər: “Hər kəsin öz zövqü, baxış bucağı var. Natavan və digər qonorar tələb edən müğənnilərimizlə bağlı ya sənətinə, ya da şəxsiyyətinə toxunan nə süjet verdiyimizi, nə də söz dediyimizi xatırlamıram. Hərənin bir xarakteri var. Onların qonorar tələb etməsi də normaldır. Düşünürəm ki, onlar qonorarı vaxtında ödəniş edib çıxdıqları verilişlərdən tələb etsinlər. Bizim televiziya tarixində hələ kimsə deyə bilməz ki, Dilarə Əliyevanın proqramında hansısa qonorar müqabilində çıxış edib. Bunu açıq şəkildə deyirəm, bütün incəsənət və şou-biznesdə olan insanlar da bilirlər. Arzu edirəm ki, televiziyaların, iqtisadiyyatımızın gücü elə olsun ki, hər kəs öz qonorarını əldə edə bilsin. O ki qaldı başqa sözlərə… Əgər sağlam polemika varsa, bir-birimizlə sağlam şəkildə danışaq, bir-birimizin qəlbinə, ürəyinə, gördüyü işlərə, keçirdiyi illərə hörmət qoymağı bacaraq. Oqtay Əliyevin açıqlamasında kimsəyə toxunacaq nəsə yoxdur. Oqtay demir ki, televiziyalar onları çağırılmağa layiq olmadıqları üçün dəvət etmirlər. O, deyir ki, bizdə maliyyə məsələləri elə səviyyədə deyil ki, verilişə gələn qonaqlar hansısa qonorar müqabilində çağırılsınlar.
Belə bir durum yoxdur, iqtisadi baxımdan mümkün deyil. Kimsə kimsəni efirə zorla dəvət edə bilməz. Zamanında instaqram, feysbuk yox idi. Bir efir var idi. Mənim də öz proqramıma dəvət etdiyim müğənnilər hansısa qonorara görə gəlməyiblər. Mənim bu durumda təklifim odur ki, vaxtında hansı efirlərə ödənişlə çıxıblarsa, elə onlardan da qonorar tələb etsinlər. Amma fikir bildirəndə dediyimiz sözün məsuliyyətini dərk edək. Zərbə deyəndə, hansı zərbədən söhbət gedir? Natavan Həbibi daha diqqətlə danışsa, sözlərinə fikir versə… Məsələn, biri var desin ki, efirə biz gəlməyək, bayağı mahnılar səslənsin. Hansı ki, mənim efirimdə bir dəfə də olsun bayağı ifalar olmur. Amma fikrini izah edir ki, biz gəlməyək, “çuşka-muşka”ları çağırın. Sonra deyir ki, zərbə vurdunuz.
Bəs “çuşka-muşka” ifadəsi nə qədər düzgündür? Qurduğu sözlərə, ifadələrə qarşı diqqətli olmalıdır. Zərbə adlandırdığı verilişdə bu, elə yox belədir, hər kəsin gördüyü işə görə, onun şərhləri verilir. Bu gün ən kobud formada fikrini dilə gətirir. Mən isə həyatı boyu nə o cür kəlmələrdən istifadə etmişəm, nə də kiminsə qəlbinə dəymişəm. Kimin sənəti, şəxsiyyəti var, onlara toxunmamışıq. Natavan incəsənətə vurulan zərbə deyəndə hansı incəsənət nümayəndəsinə vurulan zərbəni nəzərdə tutdu? Kimə toxunduq? Kimin sənətini yerlə bir etdik? Şəxsiyyətini təhqir etdik? Şəxsən mən onun işlətdiyi ifadəni dilimə gətirməmişəm. “Bayağı”, ya da “ucuz” musiqi ritmi sözünü deyə bilərəm, amma “çuşka” demərəm. Mən kimə nə dediyimin o qədər gözəl fərqindəyəm ki, əsl sənəti də, incəsənəti də, sənətin meyarlarını da bilirəm. Bu baxımdan Oqtay Əliyevin dedikləri kimsəni qıcıqlandırmasın. İndi bütün sahələrdə durum belədir ki, onların qonorarla efirə dəvət edib, yola salmaq mümkün deyil. Aparıcılar gecə-gündüz, səhərdən axşama qədər işləyirlər, maaş alırlar. Onların əmək haqqısı müğənnilərin tələb etdiyi qonorarın yarısının, yarısı deyil. Mən xatırlamıram ki, Natavanın özünə, hansısa mahnısına zərrə qədər toxunacaq bir sözüm olsun. Qurduğu cümlə çox da zəif deyil. İncəsənətə vurulan böyük zərbə, özü də ailə şəklində deyir. Mən o vaxt danışa bilirəm ki, ortada aqressiya olmasın, sağlam polemika olsun, ağız deyəni qulaq eşidir. Bunlar misal şəklində çəkilir. Bütün hallarda “bayağı” mahnını tənqid etmişəm, daha doğrusu sarkazm və satira ilə yanaşmışam. Bunu zərbə deyə anlayır. Özü isə həmin adamları “çuşka” adlandırır. Baxaq daha çox kim təhqir edir və zərbə vurur. Sözünüz varsa, mənim telefonum bütün günü açıqdır, sağlam polemikalara da hər zaman açığam. Əsl incəsənət adamı mədəniyyətini göstərməlidir, artıq, əlavə sözlərdən istifadə etməməlidir. Hətta onun davası, acığı, hirsi, kini belə yüksək mədəniyyətlə təqdim olunmalıdır, kobudluqla deyil”.
Müğənni Natavan Həbibi ilə “Soy” prodakşının rəhbəri Oqtay Əliyev arasındakı qalmaqala Xatirə İslam da qoşulub.
O.Əliyevin “Biabırçılıq gündə boşanıb evlənməkdir” açıqlamasına əsəbiləşən Xatirə bunları əlavə edib: “Əvvəl onu deyim ki, Oqtay Əliyevdən bu qaxıncı gözləmirdim. Ən azından iki qız atası, gözəl ailə başçısı və bir baba kimi sizə yaraşdırmadım.
Boşanmaq Allahın qismətidir. Heç kimi bu hadisədən sığortalanmayıb. Bəzən 30 ilin ailəsi də dağıla bilir. Çox çətin zamana gəlmişik. Hər şey dəyişib. Ana balanın, bala atanın üzünə dayanan bir zamandır. Sabah siz də boşana bilərsiz (Allah eləməsin), mən də… Deməli, ağzımızı açan kimi boşanmağı başımıza qaxınc edib, bizi qohum-əqraba yanında utandıracaqsınız? Bilirsiniz, bu ölkədə neçə minlərlə boşanmış qadın var? Müğənni də adi insandır. O qadınların da taleyində anlaşılmazlıqlar ola bilər və ayrılarlar. Amma bu şeylərə görə qorxudan boşana da bilmirik. Çünki müğənni boşandısa, vəssalam, deməli günah ondadır. Bu minvalla evdə, ailədə, bayırda olan hər şeyi ürəyimizə salıb xəstəlik tapırıq. Demək olar ki, bütün sənət adamlarının xəstəliyi var. Bəzən efirdə gördüyümüz tükürpətici hadisələr var. Hansı ki, günlərlə özümüzə gəlmirik. Biri atası ilə yatır, biri qardaşından doğur, biri qaynı ilə sevişir, evdən qaçır, biri doğur atır küçəyə… Bunun hansını sənət adamı edib? Axı nəyi bölə bilmirik? Niyə ölkədə olan başqa problemlərə belə tez reaksiya vermirsiniz? O qədər çatmayan işlər, məsələlər var. Danışın da onlar haqqında da. Gücünüz ancaq yalandan gülüb özünü həm varlı, həm sağlam, həm xoşbəxt göstərən şou əhlinə çatır? Mənim dünyasında sizə qarşı mənfi fikrim olmayıb. Sizi istəyən insanam, nə də yaltaqlıq bilirsiz mənlik deyil. Amma sizi mehribançılığa çağırıram. Gəlin əl-ələ verək bu çətin dönəmdən keçək. Bütün xalq virus içindədir, hər evdə xəstə var. Heç kimə sənətçi və bəzi yalançı efirlər lazım deyil. Hamı canı ilə əlləşir. Hamının efiri çantasındadır. Heç kimi də birliyə çağırmıram. Bu birliyi yaratmağa bizim ömrümüz çatmaz. Sizi mehribançılığa çağırmaq sənət adamlarını birliyə çağırmaqdan asandır”.
Müğənni Natavan Həbibi və Xatirə İslamdan sonra reper Elşad Xose də efirlərdən qonorar istəyib.
Bu barədə aparıcı Kazım Sübhan məlumat yayıb. O instaqramda video paylaşaraq bildirib ki, Elşadı öz verilişinə dəvət edib: “Mənə dedi ki, sənə hörmətim var, amma artıq proqramlara qonorarla çıxacam. Bu üçüncü ifaçıdır ki, belə bir təklif irəli sürür. Xatirə İslam, Natavan Həbibi və Elşad Xose. Hər kəsin fikrinə, qərarlarına hörmətim var. Amma bunu xarici ölkələrdə görüb icra etmək istəyirlər. Bunu da anladım. Lakin bu belə olmur, rəsmi şəkildə edilən bir işdir. Bu günə qədər sənət yolunda elə uğurlar oldu ki, bunu televiziya vasitəsilə etdiniz. İndi isə elə bir məqama çatdınız ki, telekanallardan qonorar istəyirsiniz. Axı vaxtında hər şey qarşılıqlı olub. Telekanallar sizdən, siz də onlardan reytinq qazanmısnız. İndi belə etmək düzgün deyil. Ya da sıfırdan gələndə belə etməli idiniz”.
Müğənni Xatirə İslam aparıcı Kazım Sübhanın efir üçün qonorar istəyən məşhurlar sırasında onun adının hallandırmasına reaksiya verib.
Xatirə İslam instaqramda post paylaşaraq radio aparıcısının tənqidi çıxışına cavab verib. Xatirə qeyd edib ki, əvvələr kanallara pul xərcləyib, indi isə onlardan qonorar tələb edir: “Kazım, bu nə sözlərdir danışmısan? Deyirsən ki, vaxtında televiziyalar vasitəsi ilə tanınan sənətçilər bu gün efirə havayı gəlməlidir. Kazım, sən də televiziya vasitəsilə tanınmısan. Özü də bizdən fərqli olaraq pul xərcləmədən. Bu gün televiziyadan pul, maaş almırsan? Çəkini bilmirəm, amma 55 kiloqramdan ağır olmazsan. Sənin çəkin ağırlığında televiziyalara pul vermişəm ki, bu gün efirə gedəndə qonorar alım. Vaxt olub anamın üzüyünü satıb bir verilişə vermişəm, eləcə də hamı. Xalqı aldatmayın, kim səhnəyə yeni çıxırsa o yolu keçməlidir, pulu ödəməlidir. Kiminsə qara qaşına, gözünə görə televiziya onu tanıtmır. Dədəmə borcu var mənim? Mənim istedadım olmasaydı, tanıtmazdılar. İndiki vaxta ağlın getməsin. Biz efirə çıxmırıq, kimi gəldi çıxardırsınız. O vaxt başqa cür idi, sanbal məsələləri…Qaldı ki, bu işin rəsmi olmasına… El bir olsa, dağ oynadar yerindən. Rəsmi də olacaq. Bir neçə nəfər də bu addımı atsın, bax gör, rəsmi olur, ya yox. Bir neçə adama söz vermişdim ki, kefim yaxşı olanda efirə gələcəm. Öz işimdir, kimdən qonorar istəyirəm, istəmirəm özüm bilərəm. Bunun yolu budur, belə olacaq. Sənin gözünün qabağında televiziyalara nə pullar xərclənib, bunu bilə-bilə deyirsən ki, vaxtında qarşılıqlı reytinq qazanmısınız. Vaxtında müğənni pulu ödəyib efirə çıxırdı, sənətçiyə ağzına gələni deyib, ağladıb, reytinqi televiziya qazanırdı. İndi ola bilər o şey? Pul ödəyənə güldən ağır söz demək olar? Həm pul verirdik, həm də efirdən sonra anamızın təzyiqi 1200 olurdu”.
Qalmaqala müğənni Kərim də qoşulub.
“Plintusdan aşağı nə deməkdir? Anlamadım… Bir Azərbaycan xanımına deyiləsi sözdür? Natavan kimi sənətçiyə yaraşan kəlmədir? Belə mügənniyə bele kəlmə? Evdə 10 nəfər Xalq artisti ola bilər Oqtay, amma ağız danışığı olmadısa, heç nə”.
Bu sözləri müğənni Kərim Abbasov sosial şəbəkədə yazıb. O, “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin həmkarı haqda səsləndirdiyi “Natavanın söz deməsi bizim üçün “plintus”dan da aşağıdır” fikirlərini sərt tənqid edib: “Sən özün bəyəm dediyin “plintus”dan belə yuxarısan? Yuxarı olsaydın, mənimlə olan məhkəməni uduzmazdın. Məhkəmə yolu ilə istədiyin 200 minlik şərəf-ləyaqət təzminatını heç 2 manatla da ölçmədi möhtərəm hakim. Əksinə, bütün məhkəmə və ekspertiza xərclərini də sənin özünə ödətdirdilər. İndi de görüm kim sənin dediyin “plintus”dan aşağıdır? Sən, yoxsa, bizim kimi sənətçilər? 20 ildən çox bizim kimi müğənnilərin sayəsində evinə pul aparan adam, indi bizə dil uzadırsan? Bizim kimi müğənnilərin sayəsində sən və ailən milyonlarla pul qazanmısan. Hələ indi də qazanırsan (“Pıçhapıç”dan tutmuş “Yeni ulduz”a kimi). Hazırladığın hansı bir veriliş müğənnisiz olub? Hamısı bizim üstümüzdə qurulub. Bugünki gündə sənətçilərin pul istəməsi sənə niyə təsir edib? Evinə bir 500 manat az aparsan sənə heç nə olmaz. Heç olmasa, sən sus, danışma. Axı ailənin hamısı bizim kimi sənətçilərin sayəsində evinə pul gətirir. İndi sən bizə dil uzadırsan? Sənə və sənin ailənə (Dilarə xaric olmaqla) nifrət edirəm. 20 ildən çox bizim kimi sənətçilərin üstündə qazandığın pullar, evlər, maşınlar haqqı haramın olsun. Ayıb olsun sənin düşünmə tərzinə!”.
Qeyd edək ki, müğənni ilə prodüser arasında bir müddət əvvəl də qalmaqal yaşanmışdı. Buna səbəb isə O.Əliyevin aparıcı qardaşı Elçin Əlibəyli olmuşdu. Kərim aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinə görə məhkəməyə verilmişdi. İfaçı eyni zamanda E.Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı. O.Əliyev Kərimdən 200 min manat təzminat istəmişdi. Məhkəməni isə Kərim Abbasov qazanmışdı.
“Yeni Müsavat”