Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hokm.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxs Füzuli Qarayevin qardaşı Kərəm Qarayev bildirib ki, qardaşı həyat yoldaşını feministlərə qoşulduğu üçün qətlə yetirib.
“Küçədən uşaqları götürdüm. Dedim niyə öldürdün, qoyaydın çıxıb gedəydi. Qonşuda da günah var, əri gəlib, ver çıxıb getsin, niyə odun üstünə benzin tökürsünüz? Birinci evliliyində qayınatasıyla düz gəlmədilər, atasıyla üz-göz oldular, qızını götürüb getdi.
Yazıq uşaqlar bizdə də qalıb, bacımgildə də qalıb. Sığınacaqda qaldıqları da olub. Feministlərə qoşulmuşdu. Xalası qızı eləmişdi. Söz-söhbətləri olurdu, çıxıb gedirdi, gətirirdik. Uşaqlara görə boşanmadılar. Şəhərdə idim, zəng elədi ki, arvadımı vurmuşam, gəl uşaqları apar”, – o bildirib.
Proses aprelin 5-də davam etdiriləcək.
Qeyd edək ki, bu il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə)maddələri ilə cinayət işi başlanılıb.