Zahid Oruc: “Səhiyyədə üç hakimiyyətlilik olmamalıdır”backend

Zahid Oruc: “Səhiyyədə üç hakimiyyətlilik olmamalıdır”

Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi (STM) 2 ildir ki, fəaliyyət göstərir. Onun yaradılmasında əsas məqsəd hakimiyyət institutuna  cəmiyyətdə baş verən proseslərlə bağlı dürüst təhlillər aparmaq və düzgün qərarların verilməsinə yardımçı olmaqdır. Bəs görəsən bu məqsədə nə dərəcədə nail olunur? Bu suala cavab tapmaq üçün mərkəzin rəhbəri Zahid Oruca müraciət etdik:

– Azərbaycanda sosioloji araşdırmaların səviyyəsini necə dəyərləndirirsiniz?

– Dünyada belə bir ənənə var. Hakimiyyət və dövlət qərarları qəbul edərkən prosesləri bilavasitə tədqiqatlardan keçirmirsə həmin ölkələrə yüksək qiymət verilmir. Təəssüf ki, biz bu sahədə sistemli iş görməmişik. Azərbaycanla bağlı müxtəlif araşdırmalar, təhlillər aparanda istinad edilməli mənbələr çox az olur. Səbəb alimlərimizin araşdırdığı araşdırmalıların az olması deyil, tədqiqat institutlarının fəaliyyətinin köklü şəkildə formalaşdırıla və beynəlxalq əməkdaşlığın sona qədər qurula bilməməsidir.Bu gün dünyada elə mərkəzlər var ki, dövlətlərin özündən güclüdürlər. Onlar hesab edirlər ki, bu cür beyin mərkəzinin adını qazanıblar. Həmin mərkəzlər elə bir haldadırlar ki, dövlətdən aldıqları sifarişlər bir ölkənin deyil daha çox ölkənin coğrafiyası və siyasi subyektlərini idarə etməyə yetəcək bir səviyyədədir. Biz bu mərkəzdə fəaliyyətə başlayanda Britaniyanın, Yaponniyanın, Fransanın, Almaniyanın təcrübələrinə baxdıq. Gördük ki, öyrənməli çox işlər var.Qardaş Türkiyədə isə bu proses universitet təhsili səviyyəsində öyrənilir. Bizim də qarşıya qoyduğumuz məqsədlər həddindən artıq çoxdur.

– Mərkəzin hazırladığı hesabatlar əsasən dövlət başçısına təqdim edilir. İctimaiyyətə açıq hesabatların sayını artırmaq planınız varmı?

– Bizim hazırladığımız əksər sənədlər dövlət rəhbərinə təqdim olunur. 2 illik fəaliyyətimiz dövründə açıq, qapalı və məxfi araşdırmalar olub. Bəzən cəmiyyətin prosesdə rolu önəmli olsa da, bəzən bunu göstərmək problemin həllinə mənfi təsir edə bilir. Ona görə də mərkəz dövlət başçısına hesabat hazırlayır. Bununla yanaşı digər strukturlarla yaxın əməkdaşlıq edirik.

– Pandemiya bir çox adamların biznesinə mənfi təsir edib. Sizin qurum bunu aradan qaldırmaq yollarını araşdırıbmı? Hökümətə bu istiqamətdə hansı təkliflər edilib?

– Pandemiya başlayandan biz onun yeni eraya keçid dövrü olduğunu ilk dərk edənlərdən idik. Bu sahədə 2 böyük məcmuə hazırlayan və bunu hökümətə anında təqdim edən çox az təşkilatlardan biriyik. Biz yaxşı mənada öyünərdik o halda ki, bütün istəklərimiz həyata keçmiş olardı.

Mərkəz olaraq biz müxtəlif arayış sənədlərini hökumətə vermişdik. İlk vaxtlar bir sıra qurumlar narahat olurdular ki, biz kənardan monitorinq aparan qurum kimi çıxış edirik. Lakin sonrakı dövr onların edilən ictimai təzyiqi görüb qəbul etdilər ki, biz düz yoldayıq. Ancaq bunu da deməliyəm ki, hökumət qərarını verərkən Operativ Qərargahda onlarla mənbədən masaya daşınan cari hesabatlar nəzərə alınır. Biz də bu prosesdə bir element sayılırıq.

– Son vaxtlar bir-birinə oxşar funksiyaları yerinə yetirən qurumlar yaranıb. Sizcə onların yaranması nə qədər səmərəlidir? 

– Vətən müharibəsi zamanında cəmiyyətdə həkimlərə yüksək münasibət var idi. Amma səhiyyəni idarəetmə aparatına münasibət bir o qədər də mənfi idi. Bu faktdır. Qarşısdakı dövrdə hökumət bu sahədə ciddi addımlar atmalıdır. Bu gün səhiyyə sistemində 3 qurum – TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta mövcuddur. Vətəndaş bunu nəzərində 3 hakimiyyətlilik kimi görür. Bır sıra məsələləri qaldıranda hərə öz üzərindən atır. Nəticədə vətəndaş bu ünvanlılığı görmür, hökümət siyasəti konkret bir cavabdehlərin üzərindən gerçəkləşmir. Tədqiqat mərkəzi kimi məsələyə baxışımız ondan ibarətdir ki, gələcəkdə bu məsələyə son qoyulmalıdır. İlk aylardan İcbari Tibbi Sığortanın tətbiqinin  son dərəcə ağır problemlərə yol aça biləcəyini müəyyən qədər proqnozlaşdırmışdıq.

– Ölkədə ən çox tənqid olunan sahə səhiyyə sistemidir. Ümumiyyətlə STM bununla bağlı dövlətə hər hansı gizli və ya açıq formada arayış təqdim edibmi? 

– Bəli etmişik və düşünürük ki, müəyyən qədər baxışlara təsir edib. Ancaq deyə bilmərik ki, atılan addımların hamısı bizim düşündüyümüz və ya arzuladığımız istiqamətdədir. Bunun bəlli səbəbləri olub. Biz proseslə  bağlı araşdırmalar aparanda görürdük ki, vahid fkirə gəlmək çətindir. Qarşıdakı dövrdə bu istiqamətdə işlərimizi  davam edəcəyik.

– Rusiya Müdafiə Nazirliyi 1941-1945 Böyük Vətən Müharibəsindəki qələbəyə həsr olunan təntəli parada hazırlaşır. Həmin parad üçün rus sülhməramlıları Xocalı hava limanında məşqlərə başlayıb. Münasibətiniz maraqlıdır.

– 600 mindən artıq oğullarımız  faşizmə mübarizə aparıb, 300 mindən artıq insan həyatını itirib. Ona görə də nəzərə almalıyıq ki, bu  həm də bizim babalarımızın böyük irsinə dəyər verməkdir. Ancaq bunun konkret ünvanı Kremilin baş meydanı, “Qızıl meydan” olmalıdır. İndiki halda bu qələbə ildönümünə hazırlıq adlana bilməz. Ona görə  haqlı olaraq mediada və cəmiyyətdə məsələ ilə bağlı müəyyən həyəcanlama və tənqidi mövqelər mövcuddur.

Biz 10 noyabr razılaşmasına baxmalıyıq. Ondan sonra dövlət olaraq ali baş komandanın verdiyi mesajları hüquqi cəhətdən tamamlanmasını həyata keçirməliyik. Sülhməramlıların statusunun hüquqi cəhətdən müəyyənləşməsi ilə bağlı addımlar atılmalıdır. Bilməliyik ki, onların səlahiyyət dairəsi hardan başlayıb harada bitir. Orada sülhyaradıcı qüvvə karnavallar, hərbi marşlar həyata keçirəcək, başqa addımlar atacaqsa bu Rusiya və Türkiyənin yaratdığı monitorinq tərəfindən müşahidə altında olmalıdır.

İkinci dünya müharibəsinin qələbələrinin dünya səviyyəsində qeyd olunması gərəkdirsə bunun üçün onların baş meydanları var, orda keçirtmək olar. Lakin biz çox arzu edirik ki, sülhməramlıların mandatı müəyyən olunsun. Onların məsuliyyət zonası təyin edilsin, digər tərəfdən bütün addımlarla bağlı məsələlər sanksiyalaşdırılsın ki, bu məsələ ətrafında kimsə özəl mövqeyini, şərhlərini ortaya qoymasın.

– Rəsmi Bakı əvvəlcə “İskander”  raketinin Şuşaya düşməsini təkzib, sonra isə  təsdiq etdi. Bu bəyanatların olması nədən xəbər verir?

– 44 günlük müharibədə Azərbaycan hava hücumundan müdafiə sistemləri çox mükəmməl işləyib. Paytaxt Bakını hədəf seçmə sözü elə belə deyildi. Məişət düşüncəsi saymaq olmaz. Özü üçün dövr edən söhbətlər deyildi.Əgər öncədən deyilsəydi ki, “İsgəndər M” raketi Şuşaya düşüb, bu zaman beynəlxalq mediada suallar  yaranacaqdı. Ona görə faktların olması mütləq idi. Amma  bununla bağlı ortada çoxlu suallar qalıb. Bu raket hardan gətirilib, Rusiya hərbi sənayesi onu nə zaman ermənilərə verib? Ona kimlər qol çəkib? Əmri kim verib? Bu müharibədə Bakı və bir çox bölgələrimiz qoruna bildi. Amma qoruna bilməyən bölgələrimiz bizim üçün daha ciddi addımlar atmağımız üçün siqnal oldu.

– Siyasətçi  kimi 5 il sonra rus əsgərinin Dağlıq Qarabağı tərk etməsinə inanırsızmı?

– Bunun üçün əsas əlverişli zəmin ölkə başçısının planlarıdır. Son dərəcə düzgün ağıllı addımlar atmalıyıq. STM olaraq ora dönmək istəyən, haqqı olan vətəndaşlarımızdan soruşmuşuq ki, birgə yaşayışa hazırdılarmı? 90% üzərində olan insanlar “yox” deyib. Yerdə qalan  isə 10 il sonra bəlkə mümkün ola bilər söyləyib. Azərbaycan və Ermənistan vətəndaşları sovet dövründə bir səngəri bölüşən, bir çətir altında müəyyən bir dövr qonşuluq əlaqələri qurmuş  adamlardı. Ortada xeyli birlik resursu var. O resurs getdikcə zəifləyir. Əvvəllər çox  mehriban idik. Fikrimizcə,  Azərbaycan elə addımlar atmalıdır ki, Qarabaqda konfilikt tam aradan qalxsın. BMT qaçqınlar üzrə komisarlığın heç olmasa bu sahədə öz missiyasını yerinə yetirməsini gözləyirik ki, vətəndaşlarımız ora dönsün. Terminlər dəyişməlidir, qələbə moduna girməliyik, məğlubiyyət dövrünün leksikonumuzdan çıxarmalıyıq və s. 5 il sonranın planlarını dövlət hazırlayıb. Addım-addım ona doğru getməliyik ki, cəmiyyət 44 gündəki kimi daim dövlətin yanında olsun. Amma təxribatçı mövqelərə də gedilməməlidir. Məqsədimiz Qarabağda insanlara yaşamaq üçün şərait yaratmaqdır, yalnız o şərtlə ki, onlar Azərbaycan konsititusiyasnı, ərazi bütövlüyünü tanımalı, bizə qarşı cinayət əməli etməməlidirlər.

– Siz eyni zamanda bir necə vəzifəni icra edirsiz. Çətin deyil?  

– Bir neçə platformada çalışmaq müəyyən qədər güc tələb edir.  Həyatım bu sahədə bir qədər ixtisaslaşıb. Tələbə həyatım Bakıda keçdiyi üçün bütün baş verən proseslər gözümün qarşısında baş verib. Həyat özü formalaşdırır. Gələcəkdə seçim qarşısında qalsam parlamentdəki vəzifəmə daha çox üstünlük verəcəm. Amma çox arzu edirəm ki, Azərbaycanda tədqiqat məktəbi formalaşsın. Orada çox istedadlı insanlarımız olsun. Onların zəkasına dünya baxsın, dünya bizim ölkə ilə hesablaşsın. Azərbaycanda mütləq tədqiqatla bağlı əsaslı kitablar, məktəblər, sosioloji universitetlər yaradılmalıdır.  Baza və ocaq var. Dövlətin tapşırdığı işləri və özümüzün seçdiyimiz mühüm vəzifələri bir damla da olsa gerçəkləşdirə bilmişik. Görüləcək işlərin isə sayı hesabı yoxdur.

  •  (0)
  •  (0)