Bakıda həyat yoldaşını bıçaqlayaraq öldürməkdə ittiham olunan qadın hakim qarşısına çıxarılıb. Qətli törədən qadın son zamanlar əri tərəfindən tez-tez döyüldüyünü bildirib.
Hokm.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Sevda Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror törətdiyi əmələ görə Sevda Babayevanın 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.
Qətl hadisəsi Qaradağ rayonunda baş verib. S.Babayeva Əskərzadə Elvin Pənah oğlunu yaşadıqları evdə bıçaqlayaraq öldürüb. S.Babayeva şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bir uşaq anası olan S.Babayevanın həyat yoldaşı ilə münasibətlərinin pis olub, aralarında dəfələrlə mübahisələr yarandığı bildirib.
S.Babayeva ifadəsində göstərib ki, mərhum əri ilə özləri tanış olub və ailə həyatı qurublar. Onların hadisədən bir müddət əvvəl qızları dünyaya gəlib.
Qətlin baş verməsinin səbəbləri haqda danışan S.Babayeva bildirib ki, ailə həyatı qurduqdan sonra Elvinin ona qarşı münasibəti dəyişib və aralarında tez-tez mübahisələr yaranıb.
“Kirayədə qaldığımız evin pulunu ödəyə bilmədik. Bizi həmin evdən çıxardılar. Onda mən hamilə idim. Sonra başqa bir evə kirayəyə köçdük. Ordan da çıxandan sonra atamın həyətindəki evdə yaşamağa başladıq. Elvin bizə qarşı soyuq idi. Nə qazandığını görürdük, nə də özünü. Uşağın yeməyini belə almırdı. Özü fəhləlik edirdi, amma qazandığını hara xərcləyirdi bilmirdim. Buna görə aramızda dəfələrlə mübahisələr olub, məni döyüb, ailə üzvlərimi təhqir edib. Amma ailəm dağılmasın deyə bunlara susmuşam. Son zamanlar da onun başqa qadınlarla telefonda danışdığını eşidirdim. Hamama girib telefonla orada danışırdı. Soruşanda da deyirdi ki, yaxşı edirəm. Buna görə də mübahisələrimiz olub. Məni şillə, yumruq, təpiklə döyüb” – deyə Sevda ifadəsində qeyd edib.
S.Babayeva qeyd edib ki, sonuncu dəfə də bu mübahisələrdən biri olub və özünü qorumaq üçün Elvini bıçaqla vurub:
“Məni döyməyə başlayanda əlindən qaçıb mətbəxə getdim. Mətbəxin qapısını bağlaya bilmədim deyə arxamca gəldi. Orda da məni tutub boğmağa başladı. İki əli ilə boğazımdan tutmuşdu. Əlindən çıxmağa çalışırdım. Əlim masanın üstündə olan bıçağa çatdı. Onu itələdim, bıçağı da ona tərəf uzadıb gəlməməsi üçün qışqırdım. O zaman bıçaq bir dəfə sinəsinə dəydi. Otaqdan çıxıb getdi. Mən də düşündüm ki, evdən getdi. Hamama gedib əlimi yudum, bıçağı da çölə atdım. Evdən çıxıb atamgilə getdim”.
Atasının evinə gələn Sevda qapını açan zaman Elvinin üzü üstə yerdə uzandığını görüb. Güman edilir ki, Elvin yaralı vəziyyətdə Sevdanın qonşuluqdakı atasının evinə gedib və kömək istəyib, amma taqəti çatmayıb.
Sevda Elvinin yerdə halsız vəziyyətdə uzandığını görüb və qışqıraraq atasını çağırıb:
“Anam və atam yanıma gəldi. Onlara Elvini bıçaqla vurduğumu dedim. Atam bir şillə ilə başımdan vurdu. Sonra Elvini divanda uzatdıq. Təcili yardıma zəng elədik. Təxminən 20-25 dəqiqə sonra gələn təcili yardım dedi ki, Elvin ölüb. Bir az keçmişdi ki, polislər də gəldi”.
Mərhumun valideynləri və Sevdanın valideynləri də istintaq zamanı şahid qismində dindiriliblər. Onlar ifadlərində bildiriblər ki, Sevda və Elvin arasında olan narazılıqlardan xəbərləri olmayıb. Onlar ara-sıra mübahisə etsələr də bunu valdieynlərinə deməyiblər. Valideynlər də ailə problemlinin iki gənc arasında həll edildiyini düşünüblər.
Sevda ifadəsində onu da əlavə edib ki, Elvin onlara baxmadığı üçün uşağının yeməyini, paltarını atası alıb.
Qətl hadisəsi baş verəndən sonra Elvinin nəşini atasının evinə Sevdanın valideynləri göndərib.