Vaksinasiya məcburi olsun – Adil Qeybullabackend

Vaksinasiya məcburi olsun – Adil Qeybulla

Son günlər bütün dünyada COVID-19 virusuna yoluxma hallarının kəskin artması müşahidə edilir. Koronavirusun yeni mutasiyası, “delta” ştamı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 yayılmağa başlayıb.

Onu da vurğulayaq ki, son dönəmlər Rusiyada rekord yoluxma və ölüm halı qeydə alınır. Yoluxma on minlərlə ölçülür. Hətta bundan sonrakı dönəmdə şimal qonşumuzda yenə restoran və kafelər, fitnes mərkəzləri, gözəllik salonları bağlanacaq. Əksər müəssisələr onlayn işə keçir, 30 oktyabr-7 noyabr qeyr-iş günü elan olunub.

Elə qardaş Türkiyədə də vəziyyət ürəkaçan deyil. Hətta gündəlik yoluxma sayı 26 mini keçib. Şimal-qərb qonşumuz Gürcüstanda isə sutka ərzində yoluxma 4 mini ötüb. Onlarla ölüm faktı qeydə alınmaqdadır.

Azərbaycanda isə vəziyyət digər ölkələrlə müqayisədə bir xeyli yaxşıdır. Ən azından yoluxma artsa da, vəziyyət nəzarətdə saxlanılır. Düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda Azərbaycan dünyada hər milyon nəfərə düşən yoluxma səviyyəsinə görə 99-cu yerdədir. Müqayisə üçün qeyd edək ki, Gürcüstan bu siyahıda 5-ci, Ermənistan 45-cidir. Statistik fərq ortadadır. Bunun bəlli səbəbləri var. Birincisi, Azərbaycan vaxtında çevik və zəruri qabaqlayıcı addımlar atıb. İkincisi postsovet ölkələri arasında vaksinasiyaya başlayan ilk ölkələrdən biridir.

Bütün bunlara baxmayaraq, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv peyvənd olunması, 3-cü doza vaksinasiyanın sürətləndirilməsi zəruridir. Tibb elmləri doktoru, professor Adil Qeybulla da bu cür düşünür. Həkim Publika.az-a açıqlamasında söyləyib ki, pandemiyanın xeyli uzanması ciddi narahatlıq doğurur:

“Hazırda virusun süni laboratoriyada yaradılması ilə bağlı ciddi iddialar var. Bununla bağlı araşdırmalar gedir. Biz bunun hüquqi tərəflərinə təbii ki, toxunmuruq. Çünki bu, araşdırma məsələsidir. Çox güman ki, araşdırmalardan sonra dünya ictimaiyyəti onun mahiyyətini biləcək. Amma fakt ondan ibarətdir ki, biz pandemiya ilə üz-üzəyik. SARS-2 RNT – yəni ribonuklein turşusu daşıyıcısı olduğu üçün mutasiya etmək qabiliyyətinə malikdir. Buna görə də pandemiyanın gedişi boyu çoxsaylı mutasiyalar mövcuddur. Bunların içərisində bəzi mutagen formalar ayrı-ayrı dalğaların əmələ gəlməsinə səbəb olub. Bunlardan biri də “delta” və “delta plus” ştamıdır. Hazırda əmələ gələn mutasiya da “delta plus”un mutasiyasıdır. Söhbət AY.4.2 ştamından gedir. Bu virus kifayət qədər yoluxmaya meyillidir. Yoluxdurucu olmaqla yanaşı, bir sıra klinik əlamətlərin ortaya çıxması ilə müşahidə olunur. Əgər əvvəlki dövrlərdə gənclərdə, uşaqlarda xəstəlik sırf klinik formada keçirdisə, indi uşaqlar və gənclər arasında da xəstələnmə, hətta ölüm hallarının artımını görmək mümkündür. Bu da çox ciddi narahatlıq doğurur”.

Professorun fikrincə, dövlət və müvafiq strukturlar bunun qarşısını almaq üçün ilk növbədə bir sıra addımlar atmalıdır:

“Orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında tədris başladığı üçün şagirdlər və müəllimlər, tələbələr arasında sıx, böyük təmaslar mövcuddur. Bu da yoluxma potensialını artırır. Hesab edirəm ki, biz qəti tədbirlər görməliyik. Bunlardan biri qapalı mühitdə karantin tədbirlərinin görülməsi üçün ciddi təbliğatın aparılmasıdır. Bütün auditoriyaların girişində əllərin dezinfeksiyası üçün məhlullar qoyulmalıdır. Tələbələrə dərhal mikrofonla elan edilməlidir ki, gigiyenik qaydalara əməl etsinlər. Bu barədə müəllimlər də tələbələrlə danışmalıdır. Tibbi maskasız auditoriyada oturmaq qadağan olunmalıdır. Yaxşı olardı ki, vaksinasiya məsələsinə də toxunulsun. Vaksin olunmaq intensivləşdirilsin. Hətta vaksinasiyanın icbariləşdirilməsi ilə bağlı məsələ qaldırıla bilər. Karantin qaydalarının gözlənilməsi hazırda əsas şərtdir. Epidemioloji vəziyyət pisləşməkdə davam edərsə, daha sərt tədbirlərin görülməsi mümkündür. Bunlardan biri də təhsilin onlayn sistemə keçirilməsi ola bilər. Hər halda hələlik buna ehtiyac duyulmur”.

  •  (0)
  •  (2)