“Tox illərimiz” bitdi, nə etməli?backend

“Tox illərimiz” bitdi, nə etməli?

Əhalinin loyallığı necə satın alınırdı

Azərbaycan iqtisadiyyatı ilə bağlı geniş yayılmış düşüncə – neft-qaz gəlirlərinin hamısının hakimiyyət tərəfindən ələ keçirilməsi, fantastik korrupsiya layihələri və geniş xalq kütlələrinin ölkəyə axan neft dollarlarından kənarda qalmasıdır. Lakin son 15 ildə yaranmış situasiyaya diqqətlə baxsaq, hər il milyardlarla valyuta gəlirləri daxil olan Azərbaycanla bağlı, yuxarıda deyilənlərin doğru olması faktını qəbul etsək də, bu fikirlərin mənzərəni heç də tam əks etdirmədiyini qeyd etməliyik. Çünki hakim rejim bütün bu illər ərzində ölkədəki sabitliyə təkcə polis dəyənəyi ilə nail olmayıb, Azərbaycan bütün renta iqtisadiyyatlarına xas, amma müəyyən qədər də unikal xüsusiyyətləri özündə cəmləşdirməyə nail olub. Qısa şəkildə ifadə etsək, Azərbaycan Respublikası neft gəlirlərinin büdcədən bölüşdürülməsinə əsaslanan iqtisadi struktura malikdir və azad bazar prinsiplərinə əməl olunmamasının əvəzində, hakimiyyət əhalini bu və ya digər vasitələrlə büdcədən qidalandırmaqla kompensasiya edir.

Ölkədəki sabitliyin və konsensusun əsasında əhalinin ayrı-ayrı təbəqələrinin büdcədən kütləvi maliyyələşməsi faktı dayanır. Əlbəttə, bu meyl iqtisadiyyatın tamamilə qeyri-sağlam və rəqabət qabiliyyətindən məhrum olmasına gətirib çıxarıb. Həmçinin cəmiyyətin siyasi oriyentasiyasından asılı olmayaraq, az qala bütün təbəqələri, dövlətin əhaliyə maaş və müavinət verməsini, qiymətləri aşağı həddə saxlamasını və iş yerləri açmasını təbii qəbul edir və bunu tələb edir.

Böyük neft pullarının sürətlə axmağa başladığı 2000-ci illərin ortalarından etibarən, ölkədə yaranan iqtisadi aktivlik əhalinin xeyli hissəsi üçün əlverişli idi. 90-cı illərdəki müharibədən və siyasi qarşıdurmalardan sonra, stabillik və iqtisadi inkişaf, əhalinin siyasi proseslərdən müəyyən mənada uzaqlaşmasına gətirib çıxardı. Hakimiyyət əhalinin loyallığını almaq məqsədilə perspektivdə böyük problemlərə səbəb olacaq (bu problemləri biz qarşıdakı illərdə görəcəyik) güzəştlərə getdi, belə ki, saxta təqaüdlərdən tutmuş kommunal xərclərin ucuzluğuna, əmlak vergisinin tətbiq olunmamasına, dövlət aparatının sonsuz şişirdilməsinə, xırda məmur korpusunda korrupsiyanın geniş vüsət almasına və milli valyutanın hələ də davam edən süni yüksək kursuna qədər bir çox faktorlar, əhalinin rifah halının yüksəlməsinə gətirib çıxardı. Hakim elita özünün böyük pullar qazanmasının əvəzində, əhalinin bütün təbəqələrinin büdcədən müxtəlif formalarda qidalanmasına şərait yaradaraq onların loyallığını alırdı. Neft pulları, Rusiyanın “tox” illərində əmək miqrantlarının göndərdiyi iri həcmli vəsaitlər, dövlətin nəhəng infrastruktur tenderləri, Bakıdakı tikinti bumu işsizlik probleminin kəskin formada özünü göstərməsinə imkan vermirdi.

Digər renta iqtisadiyyatları kimi, Azərbaycan iqtisadiyyatı da, neft gəlirlərini bölüşdürən təsərrüfata çevrilmişdi və əhalinin xeyli hissəsi, bu və ya digər formada həmin gəlirlərdən bəhrələnə bilirdi. Bütün bunların fonunda insan hüquqları, siyasi və iqtisadi azadlıqlar, sosial liftin işləməməsi, total korrupsiya insanları az maraqlandırırdı. Tarixi təcrübə göstərir ki, belə problemlər, yalnız mövcud siyasi-iqtisadi strukturda problemlər yarandıqda özünü qabarıq şəkildə büruzə verməyə başlayır.

2015-ci ildən sonra neft gəlirlərinin azalması, ölkədə problemlərin olduğunu üzə çıxardı, klanların qarşıdurması kimi qələmə verilən hadisələr, əslində gəlirlərin azalması nəticəsində yaranan ziddiyyətlər və əmlakın yenidən bölüşdürülməsi cəhdləri idi. Dövlətin bütün səylərinə baxmayaraq, əhalini artıq əvvəlki formada büdcədən qidalandırmaq mexanizmində də problemlər yaranmağa başladı, orta və xırda məmur korpusunun korrupsiya mənbələri kəsilməyə başladı. 2020-ci ilin pandemiyası və neft qiymətlərinin kəskin düşməsi, ciddi iqtisadi problemlərin olduğunu aşkar surətdə hamıya göstərdi. Təsadüfi deyil ki, məhz iqtisadi çətinliklər və maliyyə resurslarının qıtlığı hakimiyyəti dünyanın ən ağır karantin rejimlərindən birini tətbiq edərək, maliyyə kanalları və valyuta axını üzərində total nəzarətə sövq etdi.

Neft gəlirləri 4 dəfə azalıb

Neft gəlirlərinin itirilməsi ilə bağlı vaxtilə proqnozlar verilsə də, hökumət bu fikirləri ciddi qəbul etmir, yaxud da bununla bağlı önləyici tədbirlər görmürdü. Gözlənilmədən baş verən qlobal dəyişikliklər ölkənin valyuta gəlirlərinin azalmasına sarsıdıcı təsir göstərdi. Qısa şəkildə son dövrdə  Azərbaycanın bir neçə səbəbdən neft gəlirlərini itirdiyini qeyd edə bilərik:

1.Neftin aşağı qiymətiləri öz təsirini göstərir və bu təsirin yaxın gələcəkdə davam edəcəyinə heç kim şübhə etmir.

2.Azərbaycan yalnız OPEC+ razılaşmasına görə deyil, həm də təbii şəkildə hasilatı azaldır. İlin əvvəlində Neft Fondunun büdcəsində də bu azalma nəzərə alınmışdı. Bu il də olmasa, gələn il hasilatın 30 milyon ton həddinə enəcəyi ehtimalı böyükdür.

3.Müqaviləyə görə, neftin aşağı qiymətlərində Azərbaycana düşən mənfəət nefti 75 faiz deyil, daha aşağı həcm təşkil edir ki, bu da öz növbəsində gəlirlərə ciddi təsir göstərir.

Sadalanan faktorların əsasında sadə, bir qədər də kobud müqayisə apara bilərik: 110 dollardan 45 milyon ton neft satıb mənfəətin 75 faizini götürməklə, 42 dollardan 30 milyon ton neft satıb, mənfəət neftindən daha az paya sahib olmaq arasında, 4 dəfəyə yaxın fərq yaranır. Yəni müasir Azərbaycan neft gəlirlərinin katastrofik dərəcədə – 4 dəfəyə yaxın azalmasıyla üzləşməkdədir və bu tendensiya ölkənin siyasi, iqtisadi və sosial mənzərəsində kəskin izlər qoyacaqdır.

Hazırda vətəndaş cəmiyyətinin fəallaşması da yuxarıda göstərilən meyllərlə bağlıdır. Keçən ilə qədər Azərbaycanın valyuta gəlirlərini formalaşdıran neft-qaz sektoru çətin vəziyyətdədir, turizm gəlirləri COVİD-19 pandemiyasına görə kəsilib, Rusiyadakı miqrantların  göndərdiyi maliyyə vəsaiti isə xeyli azalıb. Hələlik büdcə hesabına əhalinin xeyli hissəsini maaş, təqaüd və müavinətlər hesabına cüzi, lakin stabil formada təmin etmək mümkün olsa da, mövcud rejim insanlara perspektiv vəd edə bilmir. İlk dəfədir ki, sadə azərbaycanlılar hökumətin onların problemlərini həll edə bilməyəcəyi reallığını dərk edirlər və gələcəklə bağlı perspektivlərinin dumanlı olduğunu anlayırlar.

Ölkədə yaranmış situasiya müəyyən qədər Boliviya ssenarisini xatırladır.  Məlum olduğu kimi, Boliviyada EvoMorales hakimiyyəti daha çox sosial yönümlü islahatlarla yadda qalmışdı. Yoxsulluq içərisində yaşayan əhalinin rifah halının müəyyən qədər yüksəlməsindən sonra, insanlar bu tendensiyanın davamlı olacağını zənn edirdilər, lakin bu prosesi davam etdirmək üçün ölkənin resursları və iqtisadi strukturu adekvat deyildi. Beləliklə, Boliviyada   baş verən hakimiyyət dəyişikliyinin sosioloji əsasları, insanların növbəti mərhələdə daha yaxşı həyat gözlədikləri halda, hökumətin bunu təmin edə bilməməsi oldu. Biz eyni situasiyanı daha böyük miqyasda Azərbaycanda da müşahidə edə bilərik. Əhalinin xeyli hissəsini yoxsulluqdan çıxardıqdan sonra, hökumət nəinki insanların rifah halını növbəti, daha yüksək  mərhələyə qaldıra bilir, əksinə, yenidən 90-cı illərin yoxsul illərinə qayıtmaq perspektivi yaranır. “Tox” illərdə kifayət qədər yaxşı yaşamış yüz minlərlə insan üçün isə bu perspektivlə barışmaq çətindir və tamamilə arzu olunmazdır. Klassik deyimi bir qədər dəyişsək, yuxarılar əvvəlki kimi idarə edə bilmir, amma aşağılar məhz əvvəlki kimi yaşamaq istəyirlər. İnsanlar neft gəlirlərinin azalması, iqtisadiyyatın kiçilməsi ilə barışmayaraq, yenə də əvvəlki həyat tərzinin qorunub saxlanılmasında israr edirlər. Lakin 10 il əvvəlki rifah halını təmin etmək üçün hökumətin resursları olmadığından, geriyə, 2000-ci illərin əvvəllərinə qayıdış ssenarisi təbii formada işə düşməkdədir. Belə kəskin geriyə dönüş, hətta ən effektiv və çevik idarəetmə mexanizminə malik hakimiyyətlər üçün də xoşagəlməz nəticələrlə qurtara bilər.

Maraqlıdır ki, hakimiyyətin yuxarı eşalonunda yaranmaqda olan problemlərin miqyasını və səbəblərini çox yaxşı dərk edirlər, lakin uzun illər ərzində formalaşmış qeyri-effektiv idarəetmə sisteminin girovuna çevrildikləri üçün, hər hansı islahat və yenidənqurma aparmaqda acizdirlər. Hakimiyyət bütün çətin vəziyyətlərdən pul hesabına çıxmaq taktikasına sadiq qaldığı halda, məhz ehtiyat maliyyə resurslarının hazırda əlçatan olmaması vəziyyəti dramatikləşdirir. Neft Fondundakı ehtiyatların əsas hissəsi hazırda xərclənə bilmədiyindən, ümumiyyətlə bu ehtiyatlarla bağlı ciddi suallar yarandığından, hökumət əsasən neftdən gələn cari gəlirlərin ümidinə qalıb. Burada isə vəziyyət getdikcə gərginləşməkdədir. Məsələn, bu ilin birinci yarısında AÇG yatağından çıxarılan neftin həcmi 7 faiz azalaraq, təqribən 12 milyon ton təşkil etmişdir. Beləliklə, ilin sonuna qədər beynəlxalq konsorsiumun ümumi hasilatı 24 milyon tondan artıq olmayacaq. Dövlət Neft Şirkətinin də hasilatı azaltdığını nəzərə alsaq, deməli hasilat ən yaxşı halda, 30 milyon tondan bir qədər artıq ola bilər.

Azərbaycan üçün hasilatın 30 milyon ton civarına düşməsi, neftin aşağı qiymətlərinə təsadüf etdiyindən, zərbənin gücünü ikiqat artırır. Büdcənin icra olunacağı ilə bağlı iddialar doğrudur, hökumət istənilən halda, ola bilsin xərcləri müəyyən  qədər azaltmaq yaxud elə əvvəlki səviyyədə saxlamaqla büdcəni icra edəcək. Büdcəni icra etmək üçün bir çox vasitələr vardır, bunlardan sonuncusu milli valyutanın devalvasiyası ola bilər ki, mövcud reallıqda hökumət bundan oddan qaçan kimi qaçır.

İqtisadiyyat təkcə büdcədən ibarət deyil

Biz hazırda devalvasiyanın baş verməyəcəyi varinatını nəzərdə tutub büdcənin icrasının mümkünlüyünü qeyd edirik. Amma makroiqtisadi sabitliyi və əhalinin loyallığını əldə etmək üçün təkcə büdcənin icrası kifayət deyil, çünki iqtisadiyyat tək büdcədən ibarət deyil. Belə ki, Azərbaycanın son 15 ildəki rifahı neft gəlirlərinin müxtəlif formalarda multiplikasiyasına əsaslanırdı. Neft gəlirləri azaldıqda təbii olaraq, müxtəlif qidalanma və təminat mənbələri də sıradan çıxır.

Beləliklə, 2026-cı ildən sonra Azərbaycan yenidən öz xərclərini kəskin şəkildə aşağı salmalı  olacaq ki, bu da bütün səviyyələrdə narazılıqla müşayiət olunacaq. Çünki ölkə böyük məbləğdə valyutadan məhrum olur və indiyə qədər neft pullarının elita-məmur korpusu-əhali arasındakı bölgüsüylə bağlı konsensus pozulur. Son illərdəki büdcə xərclərini, məmur korpusunun müxtəlif yollarla qidalanmasını və əhalinin rifahını təmin etmək üçün hasilatın 40 milyon ton, qiymətin isə 70 dollara yaxın olması zəruridir. Əks təqdirdə, kəskin iqtisadi azalma əhalinin bütün təbəqələrinə öz təsirini göstərəcək.

Neft gəlirlərinin azalması, süni şəkildə dövlət tərəfindən dəstəklənən iqtisadi mexanizmin dayanmasına gətirib çıxarmaqdadır. Ölkə iqtisadiyyatı süni nəfəs aparatına bağlanmış xəstə kimi, neft pullarından və inzibati idarəetmədən asılı olduğu üçün, dövlətin maliyyə resurslarının tükənməsi ilə düşdüyü komadan ayılmaya bilər.

Bu prosesin yaratdığı ən böyük və qarşısı alınmaz problem isə işsizlikdir. Belə ki, qeyri-effektiv iqtisadiyyat əhalinin böyük hissəsinin büdcədən maliyyələşən təşkilatlarda işlə təmin olunmasına səbəb olmuşdu. Inkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda lazımsız, bir-birini təkrar edən, iqtisadi cəhətdən effektsiz və əmək məhsuldarlığı aşağı, bəzən isə ümumiyyətlə əmək məhsuldarlığı olmayan on minlərlə iş yerləri mövcuddur. Iri dövlət şirkətlərinin, təhsil müəssisələrinin, Elmlər Akademiyasının kontingentinin əksəriyyətini təşkil edən kadrlar, cüzi maaş qarşılığında perspektivsiz və iqtisadi baxımdan səmərəsiz işlərlə məşğul olurlar. İşsizlik problemi hazırda cəmiyyətin qarşılaşdığı və mövcud iqtisadi piradiqmada həll edilməsi qeyri-mümkün olan fenomenə çevrilir. Dövlətin təklif etdiyi az maaşlı ictimai işlərlə problemin qarşısını almaq ağlasığmazdır. Qarşıdakı dövrdə işsizlik və iqtisadi tənəzzülün böyük sosial gərginliyə gətirib çıxaracağı qaçılmaz görünür.

Hazırda cəmiyyətin uşaq pulu, müavinət və sair yardımlarla bağlı tələbləri, insanların əksər hissəsinin kəskin yoxsullaşmasının əks-sədası kimi başa düşülməlidr. Lakin dövlətin yardım və müavinət vermək resursları məhdud olduğundan, ən çətini isə, yardım tələb edənlərin sayının işləyənlərin sayından çox olması, qorxunc mənzərə yaradır. Dövlət öz sosial öhdəliklərini icra etmək üçün ilk növbədə əmək qabiliyyətli əhalinin əksər hissəsinin məşğulluq problemini həll edib onları vergi ödəyəcilərinə çevirməzsə, sosial siyasət proqramları labüd uğursuzluğa məhkumdur.

Nə etməli?

Bu suala cavab verməzdən əvvəl, vacib bir məqamı nəzərə almaq zəruridir. Hakimiyyət fundamental hüquq və azadlıqları icra etməyənə, xususən mülkiyyət toxunulmazlığı və  məhkəmələrin müstəqilliyini həyata keçirilməyənə qədər, bütün iqtisadi təkliflər və onların icrası, ölkədə köklü dəyişikliklərə gətirib çıxara bilməz. Azad seçkilərin keçirilməsi, söz azadlığı, parlament və cəmiyyətin hökumət üzərində nəzarətinin təmin edilməsi, istənilən iqtisadi islahatların fundamentini təşkil edir. Mövzumuz sırf iqtisadi məsələlər olduğundan, bu sadalananlar barədə daha geniş yazmağa ehtiyac görmürük.

Bütün bu sadalanan fikirləri nəzərə alaraq, problemin həlli üçün, dövlət kapitalizmindən tam imtina, dövlətin iqtisadiyyatdakı payının azaldılması və mümkün qədər tamamilə iqtisadiyyatdan çəkilməsi, vergi və gömrük qanunvericiliyinin mövcud reallığa uyğun dəyişdirilməsi, ölkənin Avropa bazarlarına inteqrasiyası, kütləvi özəlləşmə zəruridir. Bu məqsədlə ilk növbədə aşağıdakı tədbirlərə diqqət ayrılmalıdır.

1) Hal-hazırda Azərbaycan qlobal və regional bazarlardan heç birinə inteqrasiya olunmayıb. Gömrük sərhədlərinin açılması və hər hansı qlobal yaxud regional iqtisadi birlikdə təmsil olunmaq bir tərəfdən bir sıra istehlak mallarını ucuzlaşdıracaq, digər tərəfdən yerli istehsalın yaranmasına və qlobal əmək bölgüsündə ölkəmizin yer tutmasına imkan verəcək. Azərbaycanın Avropa və Rusiya kimi böyük bazarlar üçün yüngül sənaye və kənd təsərrüfatı istehsalçısı kimi perspektivi böyükdür. Son illərdə ölkədə yaradılmış əla infrastruktur, əhalinin nisbətən savadlı və fəal olması, ölkə daxilində enerji mənbələrinə malik olmaq və bu mənbələrin nisbətən ucuzluğu, əlverişli iqlim şərtləri az xərclərlə sənaye və kənd təsərrüfatı istehsalına imkan verir. ABŞ və Avropa ölkələrinin Çindən idxaldan asılılığı azaltmaqla bağlı gördükləri tədbirlər kontekstində, müəyyən yüngül sənaye sahələrinin yaradılması və ixracı üçün Azərbaycan bütün imkanlara malikdir. Lakin bu sahələrin yaradılmasına dövlət girişərsə, yenə də əvvəlki illərdə gördüyümüz mənzərənin şahidi olacağıq. Yalnız özəl biznes çevik, sürətli şəkildə rentabelli işləyərək, iqtisadi inkişafın lokomativinə çevrilə bilər.

2) Vergi islahatlarının aparılması və bu zaman verginin əsas istiqamətinin biznesdən əmlaka yönəldilməsi, böyük dəyişikliklərə gətirib çıxara bilər. Əmlak vergisi büdcəyə böyük miqdarda vəsait toplamaqla yanaşı, biznesin üzərindəki vergi yükünü azaltmaq, kiçik biznesi vergidən azad etməklə istehsal və xidmət sektorlarının inkişafına təkan vermək, daşınmaz əmlakın süni şişirdilmiş qiymətini ucuzlaşdırmaq baxımından olduqca faydalıdır. Beləliklə bir çox iş adamlarının yeganə investisiya sahəsi olaraq, daşınmaz əmlak bazarını görməsi tendensiyasına da son qoymaq mümkündür.

Ümumiyyətlə nəzərə almalıyıq ki, vergi məcəlləsi kənardan son dərəcə proqressiv görünsə də, tamamilə qeyri-effektivdir və xarici təcrübənin kor-koranə tətbiqi üzərində qurulmuşdur. Ölkə reallığını, iqtisadiyyatın strukturunu, mövcud şərtləri nəzərə almadan hazırlanan, əksər hallarda qanunun icrası ilə məşğul olacaq icra orqanı tərəfindən hazırlanıb qəbul etdirilən qanunlar, Vergi, Gömrük, Mülki və Cinayət Məcəllələri biznesin qarşısında keçilməz maneəyə çevrilir.

3) Dövlətin mülkiyyətində olan, qeyri-effektiv idarə edilməsi səbəbindən büdcəyə yükə çevrilən, korrupsiya mənbəyi sayılan əmlakın, bankların, istehsal müəssisələrinin və iri dövlət şirkətlərinin özəlləşdirilməsi ölkədə orta və iri biznesin yaranmasına təkan verə bilər. Həmçinin valyuta formasında çıxarılan vəsait  ölkədə qalar, iş adamları tərəfindən daşınmaz əmlaka yatırılan və cüzi gəlir gətirən nəhəng məbləğlər, ölkədə işsizlik və yoxsulluğun azaldılması ilə yanaşı, sahibkarlara da böyük məbləğdə  gəlir gətirər. Kütləvi özəlləşdirmənin nə qədər effektiv və faydalı olduğunu görmək üçün Gürcüstan təcrübəsi kifayətdir. Korrupsiya mənbəyinə çevrilmiş monopolist dövlət şirkətlərinin özəlləşdirilməsi, onların inhisarında olan sahələrdə azad rəqabət mühitinin yaradılması son dərəcə faydalı olardı. Gürcüstanda aparılan liberal iqtisadi və siyasi islahahlar ölkənin ÜDM məhsulunun 4 dəfə dəfə artımı ilə yanaşı, həm də dövlət aparatındakı korrupsiyanı da kökündən ləğv etmişdir. Çünki bir çox korrupsiya halları, dövlət əmlakının idarəetməsi zamanı meydana çıxır. Dövlət büdcəsinə yük olan, hər hansı rəqabət qabiliyyətli məhsul istehsal etməyən, keçən əsrin ortalarına aid qayda-qanunlara əsaslanan elmi müəssisələr, ilk növbədə Elmlər Akademiyası və onun əksər institutları optimallaşdırılmalı, kiçik strukturlara çevrilməklə büdcədən və digər mənbəələrdən maliyyələşməsinin yeni mexanizmləri yaradılmalıdır.

Təklif etdiyimiz islahatların keçirilməsi nəticəsində, Azərbaycan iqtisadiyyatının stabil inkişaf edən, neft qiymətlərindən asılı olmayan, əksinə, öz karbohidrogen resurslarını iqtisadi inkişafı üçün sərf edən dövlətə çevrilməsi realdır. Məsələn, yalnız neft və qazın sənaye müəssisələrinə güzəştli qiymətlərlə verilməsi, Ermənistan, Gürcüstan, hətta Türkiyə kimi ölkələrlə rəqabətdə, sənayenin və kənd təsərrüfatının böyük üstünlük qazanmasını stimullaşdıra bilər. Iri dövlət şirkətlərinin özəlləşdirilməsi, onlara sərbəst rəqabət şəraitində xidmət edən yüzlərlə kiçik və orta biznes subyektinin yaranmasına gətirib çıxaracaq, işsizliyi aradan qaldıracaq. Bütün bunları nəzərə alaraq, bazar iqtisadiyyatı istiqamətində islahatların dərhal başlaması zəruridir və dövləti, vətəndaşlara büdcədən yardım vermək tələbindən xilas edərək, iqtisadi fəal əhalinin əksəriyyətinin vergi ödəyəcilərinə çevrilməsini təmin edə bilər.

  •  (1)
  •  (2)