Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xatırladaq ki, öldürülən 18 yaşlı Məmmədova Fatimə Murtuz qızı sosial şəbəkələrdə məşhur olub. Belə ki, F. Məmmədova “tik-tok”da çəkdiyi açıq-saçıq videolardan bir çoxları tərəfindən tanınıb.V. Bədəlov isə bacısı qızını namus üstündə öldürdüyünü deyib.
Hokm.az bildirir ki, lent.az həmin cinayət işi üzrə materialları əldə edib.
İttihama görə, bu ilin may ayında Göyçay rayonu, Bığır kəndində 18 yaşlı Məmmədova Fatimə Murtuz qızını dayısı, Bığır kənd sakini, 32 yaşlı Bədəlov Vüqar Məhəmməd oğlu boğaraq qətlə yetirib.
İttiham üzrə ifadə verən V. Bədəlov bacısı qızını əxlaqsız həyat tərzi keçirdiyi üçün öldürdüyünü deyib.
“Bacım qonşumuz Murtuzla evləndi. Onların birgə nikahdan Fatimə və İbrahim adlı övladları oldu. Fatma 2019-cu ildə Göyçayda Qızılağac kənd sakini ilə nişanlandı. Amma o, nişanlı ola-ola başqasına qaçdı. Bundan iki gün sonra xəbərimiz oldu. Anasına zəng edib Tərtərdə Mahir adlı şəxslə qaçdığını, onunla evlənəcəyini dedi. Fatimə Tərtər rayonunda 4 ay qalıb. Sonra oradan da qaçdı. Bir müddət Fatimədən məlumat ala bilmədik. Həmin vaxt Fatimənin əri polisə müraciət etdi. Polis onu taparaq evinə geri qaytardı. Sonradan Fatimənin əri ilə dalaşıb qaçdığını öyrəndik. Atası Murtuz Tərtər rayonuna gedib, Fatiməni geri, Bığıra qaytardı. Təxminən 3-4 ay kənddə qaldıqdan sonra bacımgil Bakı şəhərinə köçdülər”.
V.Bədəlov deyib ki, bu ilin aprel ayının ortalarında isə bacısı Gülnarə oğlu İbrahim ilə kəndə qayıtdı:
“Hadisədən 3 gün əvvəl isə Fatimə Bakı şəhərindən Göyçay rayonuna gəldi və anasıgillə bizim evdə qaldılar. Fatimə bizdə qalan zaman həmişə kimlərləsə telefonla danışır, mesajlaşırdı. Bütün bunlar da mənə pis təsir etmişdi. Bir dəfə Fatimə ilə birlikdə “Kapital Bank”dan kart götürmək üçün ora getdik. Həmin vaxt, o, açıq paltar geyindi, buna görə də Fatiməyə öz etirazımı bildirdim. Bundan sonra başqa paltar geyindi və biz banka getdik. Fatimə bankdan kart götürüb mənimlə birlikdə geri qayıtdı. Axşam saatlarında bacım ilə birlikdə həyətyanı sahələrində olan istixananı suvararkən artıq Fatimənin hərəkətlərindən bezdiyim üçün bacıma onu öldürəcəyini dedim. Bacım məni fikrimdən yayındırmağa çalışdı. Həmin vaxt bir az sakitləşdim.
Axşamüstü Fatimə parka getmək istədiyini bildirdi. Həmin vaxt həyat yoldaşım da onunla birgə getdi. Hətta qonşumuz Seymur öz maşını ilə onları aparıb sonra geri gətirdi. Fatiməgil parkdan təxminən 24 radələrində qayıtdı. Biz ailəliklə Fatiməyə məsləhət verməyə başladıq. Belə ki, bu yoldan çəkinməsini, ata-anasının sözünə baxmasını bildirdik. Fatiməa isə “özüm bilərəm, sizlik deyil, siz öz işinizlə məşğul olun” dedi. Onun heç kimi saymamasından əsəbiləşdim. Bu zaman Fatimə parkdan qayıdarkən aldığı dondurmanı yeməyə başladı. Həmin vaxt Fatiməyə dondurma verməsini xahiş etdim, o isə əli ilə cinsi orqanını göstərərək “dondurma yerinə bunu ye” dedi. Bu sözü mənə çox pis təsir elədi. Çünki mən onun dayısı idim.
Bundan sonra Fatimə hamam otağına keçib yuyundu və paltarsız, hamam xalatı ilə çölə çıxıb zalda gəzməyə başladır. Həmin vaxt Fatiməyə üzərinə paltar geyinməsini dedim. Bu zaman Fatimə yaxasını açıb oğlum Mərhəmətə göstərdi. Fatmanın bu hərəkətlərindən əsəbiləşsəm də, yenə də səbrli olmağa çalışdım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün gecə Fatmanın telefonla danışıq səsinə oyanıb:
“Saata baxdıqda gecə saat 3-ə işlədiyini gördüm. Həmin vaxt Fatimə ucadan kiməsə “sabah gəlib onu götürməyini və harasa getmələrini” deyirdi. Fatimənin heç kimi saymadan telefonla o şəkildə danışmasına görə çox əsəbiləşdim. Otaqdan çıxdıqda atamın və bacımın da oyaq olduğunu gördüm. Həmin vaxt bacım da otağa girib-çıxdı və Fatiməyə telefonu söndürməsini dedi. Fatimə isə bacıma cavab qaytardı. Bu zaman otağa girib Fatiməyə sakit durmasını dedim. O isə mənə söyüşlə cavab verdi. Fatiməni öldürmək qərarına gəldim. Bundan sonra yata bilmədim. Səhər saat 6 radələrində öz otağımdan çıxıb Fatimə yatan otağa girdim. Otağa girdikdə o yatırdı, lakin işıq yanılı idi. Fatimənin üstünə saldığı adyalı onun üzərinə çəkdim və yastığı sifətinə basdım. Həmin vaxt Fatimə oyandı və müqavimət göstərməyə başladı. Bu zaman dırnağı ilə qoluma və sinəmə cırmaq atdı. Amma Fatimənin üzərində oturdum, sonacan güc elədim. Yastığı ağız və burun nahiyəsinə sıxıb onu öldürdüm. Fatiməni öldürən zaman bacım otağa gəldi. Həmin vaxt bacım ağlamağa və yalvarmağa başladı. Fatiməni öldürməməyim üçün ayağından tutub çəkdi. Amma artıq Fatimə ölmüşdü. Onu öldürəndən sonra otaqdan çıxdım. Evdəkilər yuxudan oyandı. Hamısına Fatiməni öldürdüyümü dedim”.
V.Bədəlov əlavə edib ki, bundan sonra meyiti oradan götürüb, baş tərəfdəki qaz sobasının olduğu otağa gətirdim. Otaqda baş tərəfdə olan iki nəfərlik çarpayıya uzatdım. Əvvəl evdəkilərə Fatimənin dəm qazından boğulduğunu demələrini bildirdim. Bundan sonra həyat yoldaşım təcili yardıma zəng elədi. Həmin vaxt baş vermiş hadisəyə görə bacım da huşunu itirmişdi. Təcili yardım gələnədək fikirləşdim ki, gecə qaz sobasının sönüb, qazın açıq qalması səbəbindən Fatimənin ölməsini və bacımın da halının pis olduğunu bildirim. Həkimlərə də belə dedim. Bacımı xəstəxanaya apardılar. Bir qədər sonra isə hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Bu zaman həqiqətin sonradan üzə çıxacağını fikirləşdiyimi üçün, törətdiyim əməli etiraf etdim. Fatiməni yatan zaman yastıqla boğaraq öldürdüyünü bildirdim”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Bədəlov 14 il 6 ay azadlıqdan məhrum edilib.