Təkcə Xocalıda yox, ermənilər Umudluda da soyqırımı törədiblər – Sabir Rüstəmxanlıbackend

Təkcə Xocalıda yox, ermənilər Umudluda da soyqırımı törədiblər – Sabir Rüstəmxanlı

Xocalı soyqırımından 29 il ötür. Erməni vandalları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin soyqırımına imza atdılar. Yüzlərlə vətəndaşımızı qanına qəltan etdilər.

Xocalı soyqırımının ildönümündə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətləşdik.

Millət vəkili Publika.az-a müsahibəsində bildirdi ki, ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı təkcə Xocalı ilə yekunlaşmır.

– Sabir bəy, Xocalı soyqırımını tanıtmaq kimin işidir – siyasətçilərin, dövlətin, mütəxəssislərin, yoxsa hər kəsin?

– Azərbaycanda kim bu hadisələri bilirsə, həmin hadisələrin şahididirsə, soyqırımın, faciənin, qırğının nə olduğunu bilirsə, bunları bir-birindən ayıra bilirsə, hər kəs tanıtmalıdır. Bunun elə bir əhəmiyyəti yoxdur, istəyirsən adını soyqırımı qoy, faciə, qırğın qoy, mahiyyət eynidir. Bir millətə qarşı etnik təmizləmə aparılıb. Yalnız Azərbaycan türkü, müsəlman olduğuna, hardansa başlayıb gələn bir düşmənçiliyə və ya bir erməni xislətinə görə, bir millətin kökünü kəsmək, izini itirmək, tarixini, mədəniyyətini, hər şeyini yox saymaq, türklərlə bağlı qabaqlarına nə çıxırsa, hamısını saxtalaşdırmaq, məhv etmək məhz ermənilərin apardığı xəttdir, siyasətdir. Bu faciənin qurbanı, zərərçəkəni olan, onun şahidi olmuş hər kəs, eləcə də tarixçilər, jurnalistlər… kimin əlində imkan varsa, Xocalı soyqırımı və digər soyqırımılar haqqında yazmalıdırlar. Bütün dünyaya çatdırmalıdırlar. Həmin tarixi unutdurmağa imkan verməməlidirlər.

– Bu gün Xocalı soyqırımını dünyada kifayət qədər tanıda bilmişikmi? Yoxsa qarşıda bizi gözləyən çoxlu işlər var?

– Xocalı soyqırımı ilə bağlı çox çətin şəraitdə böyük işlər görülüb. Təbii ki, bu işlər davam etdirilməlidir. Xocalı faciəsinin ilk illərində beynəlxalq qurumlarda, keçirilən görüşlərdə, dünya parlamentində, İslam Əməkdaşlıq Təşkilatının parlament ittifaqında bizə qarşı törədilən bu soyqırımıdan bəhs edəndə çox çətinliklə qarşılanırdı. Anlaşılmırdı, qəbul etmirdilər. Amma zaman keçdikcə bu məsələnin mahiyyətini dərk etməyə başladılar. Amerikada, Avropada bir sıra ölkələr, eləcə də ABŞ-ın müxtəlif ştatları artıq Xocalı soyqırımını qəbul ediblər. Meksika kimi bir sıra ölkələrdə Xocalı ilə bağlı abidə də qoyulub. Xocalı soyqırımından çox az müddət keçəndən sonra Türkiyənin müxtəlif universitetlərində bununla bağlı görüşlər keçirmişik. Videogörüntülər, fotosərgilər təqdim etmişik. Eyni zamanda, rəssamlıq sərgiləri açılıb. Dünya Azərbaycanlıları Konqresinin xətti ilə qurultay, görüşlər keçirdiyimiz bütün ölkələrdə illər uzunu Xocalı soyqırımından bəhs etmişik. Müxtəlif görüntülərlə görüşdüyümüz adamlara – diplomatlara, millət vəkillərinə bu soyqırımı haqqında bilgilər çatdırmağa çalışmışıq. Nəticə etibarı ilə bu gün Xocalı soyqırımının mahiyyətini daha yaxşı başa düşürlər. Xocalıda bir soyqırımı aktının olduğunu dərk edirlər. Yəni, bu proses gedir və getməlidir də. Dayanmaq olmaz.

– Siz çıxışlarınızın birində demişdiniz ki, ermənilər Qarabağda təkcə Xocalı soyqırımını törətməyib. Əsrin əvvəllərində Umudlu soyqırımı da olub…

– Bəli, bu hadisə 1905-ci il dekabr ayının 25-də olub. “Difai fədailəri” adlı romanımda bu haqda bəhs etmişəm. Həmin romanda bu soyqırımı haqqında təfərrüatı ilə yazılıb. Tərtər çayının sağ sahilində ermənilər yaşayan bir kənd və üzbəüzdə, sol sahilində Azərbaycan türklərinin yaşadığı Umudlu kəndi… 1905-1906-cı illərdə Azərbaycan əsgərlərinin güclü olduğu bir vaxtda, ermənilər özlərini “təhlükədə” hiss edəndə Tərtər çayını keçirlər və Umudluya gəlirlər. Umudlu kəndinin camaatı erməniləri qarşılayır. Güllə ilə qarşılamırlar, öldürməklə hədələmirlər. Umudlu camaatı erməniləri qonşu kəndin sakinləri kimi evlərində yerləşdirirlər. Onları gələn əsgərlərdən gizlədirlər. Ölümdən qoruyurlar. Üstündən bir xeyli vaxt keçir. Şuşada hadisələr gərginləşir. Azərbaycanı müdafiə edən qüvvələrin fikri daha çox oraya yönəlir. Həmin vaxt Umudlu təhlükəyə düşür. Ermənilər kəndi yandırmaq, məhv etmək istəyirlər. Bu vaxt kənd camaatı yüklərini yığıb Tərtəri keçərək Papravənd istiqamətindən Ağdama getmək istəyir. Bu niyyətlə yol başlayırlar. Qış günü… Camaat gəlib Heyvalının – erməni kəndinin yanından keçəndə erməni əhali bizim camaatın qabağına çıxır. Ermənilər türklərə deyirlər ki, siz hara gedirsiniz, daha əvvəl bizi qorumusunuz, xilas etmisiniz, getməyin, axşamdır, soyuqdur. Min bir dillə müsəlman türk əhalini öz kəndlərinə geri göndərirlər. Bizimkilər də düşünür ki, bir-iki həftə əvvəl biz erməni əhalisini qorumuşuq. Əlbəttə ki, ermənilərə inanan adamlar səhv edirlər. Umudlu camaatı yükləri ilə kəndlərinə çatan kimi ətraf meşələrdə hadisəni, ssenarini qurmuş erməni silahlıları çıxır və 160-dan artıq ailəni bir yerə yığırlar. 160 ailənin hamısını oda verib yandırırlar. Qaçmaq istəyənləri də güllələyirlər. Tək-tük adam oradan qaça bilir. Umudlu məhv olsa da, sonradan Bakıda, Şuşada yaşayanlar qayıdıb gəlmişdi. Amma bir kəndin insanlarını, əhalisini külə döndəriblər. Diri-diri yandırıblar. Azərbaycan tarixində, heç yerdə bu soyqırımı yazılmayıb. Mən də bunu demişəm ki, Umudlu soyqırımı niyə unudulmalıdır?!

– Ermənilər təkcə Azərbaycan türklərinə yox, eləcə də Anadoludakı, Özbəkistandakı, Cənubi Azərbaycandakı türklərə qarşı da soyqırımı törədiblər. Bəs bu gün Xocalı və digər soyqırımıların ildönümlərində türk dünyası ermənilərə qarşı birləşə bilirmi?

– Türk birliyi ifadəsi, ümumiyyətlə türkün varlığı, türkün mövcud olması az qala yüz illər boyu bizim qonşularımızı qıcıqlandırıb. Cənubda İranın, şimalda Rusiyanın hakimiyyət dairələrini qıcıqlandırıb. Şərqdə Çinin, Qərb ölkələrinin qıcıqlanmasına səbəb olub. Ona görə də bu coğrafiyada yüz illər boyu anti-türk siyasəti aparılıb. Türkü yox saymaq, məhv etmək, parçalamaq, bunların arasında konfliktlər yaratmaq, birinin torpağını o birinə, birinin abidəsini digərinə vermək, bunları mənən qarşı-qarşıya qoymaq kimi iyrənc siyasət aparılıb. Ona görə də Mərkəzi Asiyada həm etnik, həm də mədəni vahid olan Türküstan bir neçə respublikaya bölünüb. Orada başqırdlarla tatarlar arasında müəyyən konfliktlər yaradılıb. 1937-ci ilə qədər adımız türk olub. Amma sonradan adımızı dəyişərək Türkiyə ilə anlaşılmaz bir vəziyyət yaratmağa çalışıblar. Bütün bunlar nəzərə alınanda bu gün türk dünyasında gedən proseslərə sevinmək lazımdır. Çünki 7 türk dövləti var, türk zirvəsi – Türk Şurası yaradılıb. İldən-ilə bu dövlətlər arasında mədəni, mənəvi, iqtisadi, siyasi əlaqələr güclənir. Mərkəzi Almatıda yerləşən Türk Akademiyası var. Mədəniyyət Birliyi kimi TÜRKSOY mövcuddur. Mərkəzi Ankaradadır. Azərbaycanda Türk Parlamenti var, mərkəzi Bakıdadır. Buna bənzər çeşidli birliklər yaradılır. Bütün bunlar nəzərə alınanda türk respublikalarının birinin ağrısı o birində daha yaxşı dərk olunur. Əvvəlki illərdə biz Özbəkistanda Xocalı soyqırımından danışarkən deyirdik ki, ermənilər həm də sizin düşməninizdir. Ermənilərin savaşını kənardan səssiz izləməyin – deyirdik. Ermənilər 1918-ci ildə Bakıdakı soyqırımın eynisini Özbəkistanda da törədiblər. Biz bunları deyəndə onlar bizə qəribə baxırdılar. İstehza ilə yanaşırdılar. Deyirdilər ki, Özbəkistan hara, Ermənistan hara… Sonra da ermənilərin Özbəkistandakı soyqırımı ilə bağlı kitablar yazıldı. Əvvəllər həmin kitabı yazanı təqib elədilər. Bunun başı xarabdır – deyirdilər. Nə bilim, həmin müəllifə hansı gözlə baxırdılar?! Tədricən onlar bunu hiss etməyə başladılar. Bundan sonra daha yaxşı dərk edəcəklər. Njdelərin, andraniklərin fitnəkarlığı, düşmənçiliyi üzündən Güney Azərbaycanda 130 mindən çox soydaşımız soyqırıma məruz qalıb. Bu, bir tarixdir. Elə Türkiyənin özü illər uzunu Anadoluda baş verənlərə ciddi yanaşmayıb. Ermənilər qondarma “soyqırımı”dan danışarkən 30-cu illərdə bu rəqəmi 300 min yazırdılar. Sonra bir milyona qaldırdılar, ardınca milyon yarım oldu. Getdikcə ermənilər bu rəqəmi artırırlar. Vaxtilə Türkiyədə və başqa ölkələrdə çıxışlarımda da demişdim ki, ermənilərin “ölüləri” də sanki çoxalır. “Ömür kitabı”mda da bu haqda yazmışdım. Zamanında Türkiyə qondarma soyqırımı məsələsinə sərt reaksiya verib həqiqəti ortaya qoya bilməmişdi. Hətta indi Avropa və Amerika tarixçiləri də tək-tək yazırlar ki, burada bir savaş idi. Birinci dünya savaşı gedirdi, ermənilər də rus ordusunun arxasında gizlənib türkləri qırıblar. Əslində Anadoluda 1,2 milyondan artıq erməni yox idi. Necə oldu ki, milyon yarım erməni öldürüldü?! Bu gün dünyada yaşayan ermənilər həmin ölkələrə haradan gediblər?! Bəzi Avropa və Amerika alimləri yazırlar ki, orada erməni soyqırımı olmayıb. Əslində 2 milyona yaxın türk öldürülüb. Ermənilər isə ölkənin bir tərəfindən digər tərəfinə köçürülüb. Həmin vaxt ölənlər olub. Amma bu soyqırımı deyil. Əsil soyqırımı bu gün Azərbaycanda, hamının gözü qabağında Xocalıda törədilib. Bunu hər kəs, dünya da bilir. Getdikcə daha yaxşı dərk edəcək.

– Xocalıda baş verənlər dünyanın gözü qarşısında yaşandı. Bəs həqiqətin üzə çıxması, olduğu kimi göstərilməsi niyə bu qədər çətinləşib?

– Biz illərdir bu barədə danışırıq. Amma bu barədə kitabların yazılması və onun dünyaya çatdırılması ayrı bir işdir. Bununla ciddi şəkildə və dövlətlərin imkanları səviyyəsində məşğul olmaq lazımdır. Burada siyasət də var. Dünya maraqlıdır ki, türkü günahkar, islam aləmini terrorçu kimi göstərsin. Qərb ölkələri hər şeyə öz maraqlarından yanaşırlar. Həqiqət bir kənarda qalır. Ona görə də nəticə etibarı ilə həqiqətin üzə çıxarılması çətinləşir.

  •  (1)
  •  (0)