Abşeron rayonunda taksi sürücüsünü daşla vuraraq ona qarşı quldurluq edən “müştəri” saxlanılıb.
DİN Mətbuat xidmətindən Hokm.az-a verilən məlumata görə, rayonun Atyalı yaşayış massivində taksi sürücüsünə qarşı quldurluq edilib. Sürücü bildirib ki, paytaxtın Nizami rayonunda bir nəfər sərnişin avtomobilə əyləşərək onu yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri üzərində olan daş parçası ilə sürücüyə müxtəlif dərəcəli bədən xəsarəti yetirib, daha sonra onun mobil telefonunu götürərək hadisə yerindən uzaqlaşıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elbrus Məhərrəmli saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb