Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim Muxtarovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Hokm.az “Ölkə.Az”a istinadən xəbər verir ki, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron rayonunda yerləşən istirahət mərkəzlərinin birində qeydə alınıb.
Belə ki, İ.Muxtarov Böyükağa Əliyevi qətlə yetirib. Daha sonra o, istintaqdan yayınaraq ölkəni tərk edə bilib. “İnterpol” xətti ilə axtarışa verilib və 2021-ci ildə həbs edilib.
İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dindirilən İbrahim Muxtarov ifadəsində bildirib ki, Azərbaycab Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Peşəkar idmançı olub. 2007-ci ildə güləş üzrə Azərbaycan çempionu, elə həmin ildə Avropa 3-sü olub. 2014-cü ildən Sumqayıt şəhərində yaşayıb.
Avqustun 15-də Bakıda olub. Gecə saat 1-2 radələrində Sumqayıta qayıdarkən yolda dostu zəng edib və Novxanı qəsəbəsində fəaliyyət göstərən disko kluba gəlməsini xahiş edib. Nə baş verdiyini soruşduqda dostu “gələndə danışarıq” deyib. Ora çatanda dostu Xəyal onu giriş qapısında qarşılayıb. O, İbrahimə gecə klubunda olan zaman yanındakı qızlara bir nəfərin sataşaraq söz atdığını deyib.
Tanışı həmin şəxslərin dəniz kanarında olduqlarını deyib söhbəti aydınlaşdırmağı xahiş edib. Xəyalla ora çatanda 30-40 nəfərin toplaşdığını görüblər. Tanışı onların içərisindən bir nəfəri göstərib onunla mübahisə etdiyini deyib.
O, dostu Xəyal və onunla mübahisə etmiş Nicat adlı şəxslə masaya oturub söhbət etməyə başlayıb. Digər şəxslər isə yanlarında dayanıblar. Nicatdan qıza hansı səbəbdən sataşdığını soruşanda, o, yaxşı elədiyini söyləyib. Həmin anda səhvini başa salmaq üçün onun sifət nahiyyəsinə yumruqla zərbə vurub. Zərbənin təsirindən Nicat yerə yıxılıb. Ətrafda olan şəxslər onları aralayıb.
“Oturduq söhbət eləməyə. Dedim, qıza niyə sataşırsan ki, qardaşım. O da mənə dedi, yaxşı eləyirəm. Mən də sifətinə bir dənə yumuq vurdum aralaşdırdılar bizi”.
İbrahim Muxtarov ifadəsinin davamında bildirib ki, bundan sonra Böyükağa Əliyev onun ünvanına söyüş söyməyə başlayıb və sifətinə yumruq atıb. Əlbəyaxa olanda əynindəki maykası cırılıb. Bu zaman belində olan bıçağı çıxarıb açaraq, Böyükağanın qarın nahiyyəsinə 2 dəfə zərbə endirib və hadisə yerindən qaçıb. Əlindəki bıçağı xatırlamadığı yerə atıb yola çıxaraq taksi ilə kirayə qaldığı evə gedib. Xəyal ona zəng edərək vurduğu şəxsin öldüyünü deyib.
Həbs ediləyəcəyindən qorxduğuna görə qaçmağa qərar verib.
Səhər saatlarında Sumqayıtda yaşayan dostu Cavanşirə zəng edərək onunla Bərdə şəhərinə getməsini xahiş edib. Dostu ilə görüşəndə ona Novxanıda dava zamanı bir nəfəri bıçaqla öldürdüyünü deyib. Bərdədə qardaşına hadisə barədə məlumat verməyib. Bərdəyə gələndən sonra Gürcüstanda yaşayan dostuna zəng edərək hadisə barədə məlumat verib. Dostu Elşən ona sərhədi Qazax rayonunun Sadıqlı kəndindən gizli yolla keçməsini məsləhət görüb. Gürcüstanda olduğu müddətdə ora qaçaq yolla gəlməsi barədə heç kimin xəbəri olmayıb. Dostunun maddi yardımı ilə həmçinin fəhləlik edərək dolanışığını təmin edib.
2016-cı ildə dostu Elşən qətlə yetirilib. 2017-ci ilin sentyabr ayında polis əməkdaşları tərəfindən saxlanılarkən Gürcüstanda qanunsuz yaşaması məlum olub və barəsində cinayət işi başlanılıb. 3 il müddətinə azadlıqdan məhrum olunub. 2020-ci ildə azadlığa buraxıldğıdan dərhal sonra “İnterpol”un əməkdaşları onu saxlayaraq barəsində Azərbaycan respublikasında axtarış olduğunu bildiriblər.
2021-ci il iyulun 23-də o, Bərdə RPŞ-nin əməkdaşlarına təhvil verilib.
İbrahim Muxtarov ifadəsində onu da əlavə edib ki, Böyükağa Əliyevi öldürmək niyyəti olmayıb əməlindən çox peşmandır və mərhumun ailəsindən üzr istəyir.
Məhkəmə prosesi zamanı İbrahim Muxtarov ittiham üzrə özünü qismən təqsirli bilib.
Hakimlərdən xahiş edib ki, uzun müddət peşəkar idmanla məşğul olub ölkəmizi layiqincə təmsil etdiyini nəzərə alsınlar.
Proses zamanı şahid və zərərçəkmiş ifadələri dinlənilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışlamadığını bildirməklə ona qanunamüvafiq cəza verilməsini istəyib.
Məhkəmə qənaətə gəlib ki, İbrahim Muxtarovun əməli CM-nin 1202.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə tam sübuta yetirilib.
Sonda məhkəmənin hökmü ilə İbrahim Muxtarov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, İbrahim Muxtarovun kriminal aləmin üzvü olduğu bildirilir.