Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan – AÇIQLAMAbackend

Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan – AÇIQLAMA

İyunun 12-də İTV-nin efirində yayımlanan Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən guya “bizimkilər” ifadəsi işlətməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bəzi sosial şəbəkə istifadəçisi bu hərəkətə görə teleaparıcını tənqid edib.
Hokm.az xəbər verir ki, azxeber.com məsələ ilə bağlı şərhçi İlqar Milkayıloğlunun da fikrini öyrənib.
O qısa açıqlama ilə kifayətlənib: “Mən uzun illərdir ki, jurnalistikadayam və hər şeyi yaxşı bilərəm. Sadəcə bunu deyəcəm: Mən futbolu siyasətə qatmıram”.
Qeyd edək ki, İTV də öz növbəsində məsələ ilə bağlı açıqlama yayıb və şərhçinin “bizimkilər” ifadəsini səsləndirmədiyini bildirib:
“Biz bu məlumatları yazan, paylaşan bütün şəxslərdən həmin hissəni İTV-yə göndərməyi xahiş etmişdik. Bu sözü tapana hədiyyə də vəd etmişdik. Lakin bu sözü tapa bilməyənlər İlqarın başqa ifadəsini tirajlamağa başlayıblar. Şərhçinin masanın üzərindəki kağızlara baxaraq Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi “kimimiz var hücumçulardan” (23.42.35) və “ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda” (23.42.46) ifadəsini “bizimkilər” kimi yozmağa çalışırlar. Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən “topumuz”, “qələmimiz”, “fincanımız”, “siyahımız”, yaxud da “siyahıda kimlərlərimiz var” ifadəsini də rahatlıqla işlədə bilər. Buradakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi “kimimiz var” ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur. Vədimiz isə qüvvəsindədir – şərhdə “bizimkilər” sözünü tapın, gəlin hədiyyənizi aparın. Tövsiyəmiz də var: bir fincan qəhvə və ya bir stəkan çay götürüb İctimai TV-də futbola baxın, idmandan zövq alın! Biz sizin üçün işləyirik, çünki bizimkilər sizsiniz.
  •  (0)
  •  (0)