Sel bu dəfə kimləri aparacaq? – Prezidentin su təsərrüfatındakı problemlərlə bağlı iradına sözardıbackend

Sel bu dəfə kimləri aparacaq? – Prezidentin su təsərrüfatındakı problemlərlə bağlı iradına sözardı

“Hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.

Xatırladır ki, bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bildirib. Ölkədəki su təsərrüfatının acınacaqlı durumu ilə bağlı prezident səviyyəsində səsləndirilən sərt ittihamlar isə haqlı olaraq diqqətləri iki məmura – “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə yönəldib.

Bəzi müstəqil ekspertlər hesab edir ki, yaxın zamanlarda ya onların hər ikisi, yaxud ikisindən biri sərt şəkildə cəzalandırılacaq.Prosesin hansı sonluqla yekunlaşması isə ölkə başçısının bu sahədəki problemlərin aradan qaldırılması istiqamətindəki tapşırıqların necə yerinə yetirilməsindən asılı olacaq.

Maraqlıdır, bəs problemin qısa zamanda həlli üçün gərəkən addımlar hansılardır? Bu və digər suallarla bağlı ekspert rəyləri almışıq.

“Bu sahəyə ayrılan milyardlarla vəsaitdən bərbad istifadə edildiyindən, indiki acınacaqlı durum yaranıb və təcili tədbirlər görülməsə perspektiv daha dumanlıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin dünənki müşavirədə ölkəmizdə su ilə bağlı problemlərə toxunarkən həmin sektora çoxlu vəsait ayrılmasına rəğmən, müvafiq qurumların səhlənkarlığı ucbatından həyata keçirilən layihələrin səmərə verməməsi və nəticədə ölkəmizdə səhralaşma təhlükəsinin ciddiləşməsini qeyd etməsinə münasibət bildirərkən, iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Bütün dünyada, o cümlədən Azərbaycanda ən aktual problemlərdən biri sudur. Azərbaycan su resursları baxımından kifayət qədər kasad ölkədir. Çünki əsas şirin su hövzə və arteriyaları digər ölkələrin ərazisindən keçməklə ölkəmizə daxil olur. Həmin ölkələrdə sudan istifadə artdıqca isə Azərbaycanda su ehtiyatları azalır. Bu ümumi qlobal problemdir”.

Ekspert qeyd etdi ki, bu sahədə sırf Azərbaycana aid spesifik problemlər də mövcuddur: “Bu sahəyə – su sisteminin, suvarma işlərinin yaxşılaşdırılması, su kanallarının yaradılmasına indiyə qədər milyardlarla manat vəsait ayrılıb. Amma bu resurslardan bərbad istifadə olunduğundan ciddi effekt verməyib. Su itkilərimiz həddən artıq yüksəkdir, ayrılan vəsaitin doğru-düzgün xərclənməsinə də nəzarət mexanizmi olmayıb”.

N. Cəfərlinin fikrincə, sahəyə nəzarət mexanizminin zəif olması ayrılan vəsaitin qeyri-şəffaf xərclənməsinə rəvac verib: “Nəticədə problemlər üst-üstə yığılaraq bugünki acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. İndi ölkəmiz ciddi su qıtlığı problemi yaşayır. Bunun nəticəsi olaraq kənd təsərrüfatına böyük ziyan dəyir, əhalinin su təminatında da ciddi problemlər yaşanır. Son illər kənd təsərrüfatında bütün ehtiyatlar pambıqçılıq sahəsinə yönəldiyindən digər sahələrdə su qıtlığı yarandı. Suvarma kanalları müasir suvarma prinsiplərinə uyğun deyil. Ciddi su itkisi baş verir. Suyun az qala 40 faizi torpağa hoparaq, son ünvana çatmır. Yəni, bu sahədə problemlər həddən artıq böyükdür. Bu da həmin sahəyə rəhbərlik edən şəxslərin və vəsaitin xərclənməsinə nəzarət edən qurumların günahı üzündən baş verib. Dövlətdən alınan vəsaitin effektiv xərclənməsi təmin edilməyib”.

“Meliorativ tədbirlər görülməlidir”.

Bunu isə sayta açıqlamasında kənd təsərrüfatı eksperti Nicat Nəsirli deyib:

“İllərdir ki, mütəxəssislər bu barədə həyəcan təbili çalır. Çünki əkilməyən torpaqlar vəhşiləşir, sonda isə səhralaşmaya gətirib çıxarır. Səhralaşma isə torpağın ölməsi deməkdir. Nəticədə də ərzaq təhlükəsizliyi problemi meydana çıxa bilər. Bu mənada həmin problemlərin aradan qaldırılması üçün Prezidentin son müşavirədə açıqladığı fikirlər və verdiyi tapşırıqların əhəmiyyəti çox böyükdür. Ümid edirik ki, bu sahədə ciddi tədbirlər həyata keçiriləcək və səhralaşma prosesinin qarşısı ümumən alınacaq. Problemin həlli üçün hökmən meliorativ tədbirlər görülməlidir. Bu sahədə işlər genişlənməlidir.Sovet dönəmindən qalan torpaq kanalların sızması nəticəsində 100 hektardan artıq ərazi şoranlaşıb”.

Həmsöhbətimizin sözlərinə görə, qar, dolu və yağış sularının yersiz yerə çölə axıdılmasının qarşısı alınmalı, ondan səmərəli istifadə edilməlidir:

“Su itkisinin qarşısını almaq üçün ən qısa zamanda torpaq kanalları beton kanallarla əvəzlənməlidir. Digər tərəfdən duzlaşma, şoranlaşmanın qarşısını almaq istiqamətində ciddi addımlara ehtiyac var. Əraziyə yığılan qurunt sularının ərazidən uzaqlaşdırılması üçün şor kanalları şəbəkəsi yenidən qurulmalıdır. Ən qısa vədəli hədəf su tutarlarının yaradılmasıdır. Bu olarsa, uzun axtarışlara getmədən bir neçə aya lazım olan suyu əldə etmək olar. Əriyən qar, dolu və yağış suyu indiki halda istifadə olunmadan çöllərə axır. Amma su tutarlarının olması fonunda yağış, dolu və qar suları axıb həmin yerə gələr. Həmin su qorunub saxlanılır və mövsüm gələndə motorlar vasitəsilə sahələrə vurulur.İndiki halda ən əlçatan vasitə budur.Çünki, Azərbaycanda, xüsusən də orta və yüksək dağlıq ərazilərə yüksək miqdarda yağıntılar düşür və səmərəli istifadə etməklə bunu itirməməliyik.Qısa zamanda bu deyilən hədəflərə çata bilsək, prosesdə ciddi dəyişikliyə nail ola bilərik”.

Sfera.az

  •  (0)
  •  (2)