Bakıda şəhid ailəsi aldadılıb.
Hokm.az şəhid ailəsinin məktubunu əldə edib.
“Ş İ K A Y Ə T
Mən şəhid Nəsirov Yanvarın həyat yoldaşıyam. Yoldaşım şəhid olandan sonra bir övladımı təkbaşına dövlətin yardımı ilə böyütmək məcburiyyətində qaldım. Mən bir müddətdi haqsızlıqlarla mübarizə aparmaq məcburiyyətində qalmışam.
Mənim oğluma məxsus olan Nərimanov rayonu, A.Məmmədov küçəsi 1 ünvanında yerləşən torpaq sahəsi ipoteka predmeti olaraq tərəfimdən bankda girova qoyularaq pul götürülmüşdür. Lakin borcun ödənilməsində yaranmış çətinliklər səbəbindən borcun həmin torpağın satılması yolu ilə ödənilməsi barədə Nərimanov rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilərək icraya yönəlmiş. Lakin nə məhkəmədən, nə də icra prosesindən məlumatımız olmamışdır.
İcra qurumu qiymətləndirmə şirkəti olan, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi ev 2A ünvanında yerləşən “Sərraf-N” MMC-yə göndərmiş və əmlakımız bazar qiymətindən çox aşağı 450000 manata qiymətləndirilmişdir (əmlakın real dəyəri 1000000 manat olduğu halda). Daha sonra qiymətləndirmə şirkəti ilə eyni ünvanda, eyni ofisdə (Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi ev 2A ünvanında yerləşən) yerləşən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə göndərmiş və 286.875 manata “Bank Standard” QSC tərəfindən alınmış və bank tərəfindən 310.000 manata Əliyeva Natəvan Adəm qızına satılmışdır.
Bütün bunlardan iş bitəndən sonra məlumat əldə edərək dərhal məhkəməyə müraciət etmişik. Məhkəmə işi Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qiymətləndirməyə göndərmiş və əmlak 960000 manata qiymətləndirilmişdir. Məhkəmə bu əsaslarla Azərbaycan Respubliaksı Ali Məhkəməsinə qədər qüvvədə olan qərara əsasən “Sərraf-N” MMC-nin qiymətləndirmə rəyi ləğv edilmiş, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin hərracı etibarsız hesab edilmiş və mənə dəymiş zərəri tələb etmək hüququm izah edilmişdir.
Tərəfimizdən dəymiş zərər tələbi ilə məhkəməyə müraciət edilmişdir.
Birinci instaniya məhkəməsi qüvvədə olan Ali Məhkəmənin qərarını heçə sayaraq öz mülahizəsi əsasında həmin torpağı yenidən qiymətləndirmiş, qanunvericiliyə zidd olaraq 3 aya baxılmalı olan işi 9 aya baxaraq iddiamızı rədd etmişdir. Bakı apellyasiya məhkəməsinin hakimi müşavirəyə getmədən, qabaqcadan razılaşdırılmış qərarı zalda elan etmişdir. Hal-hazırda həmin qərardan kassasiya şikayəti vermişik.
Çox hörmətli cənab Prezidentimizin 03.04.2019-cu il tarixli məhkəmə-hüquq sistemində islahatlar barədə fərmanı bir daha göstərdi ki, məhkəmə-hüquq sistemi təkmilləşmə sahəsində yeni mərhələyə qədəm qoyacaq. Amma qorxuram ki, həmin şəxslər Ali Məhkəməyə də təzyiq göstərər və mənim qanuni tələbim təmin edilməz.
Bir məhkəmə digər məhkəmənin qərarını nəzərə almırsa, mənim şəhid ailəsi olaraq nəyə gücüm çatar?
Şəhid ailəsini sahibsizmi görüblər? Güclülərin bizi əzməsinə icazə verməyin. Xahiş edirəm ki, mətbuat mənə bu işdə köməklik etsin, bu məsələ ictimailəşsin.
İmza: Nəbiyeva Almara”