Şəhid ailələrindən və qazilərdən kimlər və niyə istifadə edir?backend

Şəhid ailələrindən və qazilərdən kimlər və niyə istifadə edir?

Stalin deyirdi ki, müharibədən qalib çıxan ölkə öz qarşısına güzgü qoyub hər gün ona baxmalı, diqqətli və daha güclü olmalıdır. SSRİ-nin bu güzgüdə özünü necə görməsi ayrıca mövzudur. Amma ötən əsrin 80-ci illərində SSRİ güzgü qarşısında özünə düzən vermək əvəzinə, hərənin əlinə bir daş verib güzgünü daşladılar. Repressiya “avtoş”larının və feodal qırıntıların  hegamonluğu elə həmin illərdə yenidənqurma siyasətini də iflic hala gətirdi. Sovet ipmeriyası tarixin qurşaqdan aşağı arxivinə yollandı. P.Drakerin təbirincə desək, dövlət və millət üçün qorxulu olan əsas silah – top mərmiləri yox, zərərli ideologiyadır. Amma Azərbaycan… Müstəqillik qazanan kimi top mərmilərinin, ideoloji terrorun mənzilinə və ən çirkin ssenarilərin mətbəxinə çevrilmişdi. Yüz illərlə istiladan əziyyət çəkən, 70 illik imperiya və repressiya maşının təkərləri altında əzilən, daha sonra torpaqlarını itirən bir millətin cəmi 30 il sonra öz milli kimliyinə qayıtması, milli ləyaqət hissini bərpa etməsi utopik idi. Amma bu baş verdi. Bəs savaş necə, bitibmi? Azərbaycan bütün cəbhələrdə düşmənlərini yenibmi? Daha əlimizi-qolumuzu sallayıb arxayın yaşamalıyıqmı? Əlbəttə ki, xeyr!

O zaman hər gün güzgüdə özümüzə baxmalı, neqativləri, problemləri görməli, qaşımızı-gözümüzü düzəltməliyik, məcburuq ki, dövlətin saçı hər gün daraqlı, qəddi, onurğası düz, gözü-qulağı iti, üzü ağ olsun. Dövlət insan şəklində təsəvür edilməli, müayinədən keçməli və bütün hissələrini, orqanlarını sağlam tutmalıyıq. Xüsusilə, nəzərə alınmalıdır: rus ideologiyasının ruhumuza hopdurduğu “Qarın qardaşdan irəlidir” tezisinin hələ də praktiki daşıyıcılarıyıq.

 

Müharibənin fəsadlarını aradan qaldırmalıyıq. Məsuliyyətli, vacib və əməli bir mərhələyə qədəm qoymuşuq. Daxili və xarici yırtıcılar da pusquda dayanıblar, ən xırda problemin “qloballaşdırılması” üçün əllərindən gələni edəcəklər. Məqsəd dövlətə qarşı etimadsızlıq mühiti yaratmaqdır. Son günlər şəhid ailələri ilə bağlı problemlərin xüsusi canfəşanlıqla işıqlandırılması təsadüfi yanaşma tələb etmir.

Diqqət ediriksə, şəhid ailələrinin problemlərinin faciə janrında təqdim edilməsinin icraçılarının bağlantıları xarici ölkələrə gedib çıxır. Bunun üçün sosial şöbəkələrdə külli miqdarda vəsait xərclənir, elə mənzərə yaradılır ki, sanki Azərbaycan dövləti şəhid ailələrinin problemləri ilə maraqlanmır. Bəli, Azərbaycan dövlətini qurşaqdan aşağı vurmağa çalışırlar. Şayiələr, dezolar ara vermir.

Məsələn, qadın şəhidimiz Arəstə Baxışovanın sosial şəbəkələrdə hələ də köhnə evinin fotoları paylaşılır. Halbuki Prezident İ.Əliyev bu ilin iyul ayında A.Baxışovanın ailəsinə iki otaqlı mənzil hədiyyə etdi. Deməli, görülən işlərin daha geniş təbliğatına üstünlük verməliyik ki, kənar qüvvələr bundan istifadə edə bilməsinlər.

Yaxud bir neçə ay öncə 5-6 nəfər qazinin torpaq üçün sənəd ala bilməməsi ilə bağlı onların etiraz videolarının çəkilib yayılmasını misal çəkmək olar. Halbuki bu qazilərin də hər birinə dövlət ev verib, müxtəlif imkanlı şəxslər də onları bahalı maşınlarla təmin edib. Eyni zamanda yaşadıqları rayonun icra hakimiyyətlərindən də ticarət obyektləri üçün əlavə torpaq sahəsi alıblar.

 

Görünür, dövlət bu məsələdə ədəb və təvazökarlıq nümayiş etdirir, ancaq bundan istifadə edən qüvvələrin vicdanlı davranmaması sadəcə təəssüf doğurur.

Przident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi maddi və mənəvi dəstəyin miqyasını təhlil etmək bəs edir ki, əsl mənzərənin şahidi olasan. 2020-ci il dekabrın 8-də İ.Əliyevin fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü fasiləsiz tədbirlər dövlətin xüsusi həssaslığının əsas göstəricisidir. İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhid verdik, minlərlə qazimiz, yaralı döyüşçümüz var. Müharibədən yeni çıxmış dövlət üçün minlərlə ailənin problemlərini anındaca həll etmək elə də asan deyil, proses mərhələli şəkildə aparılmalıdır, neçə ki aparılır. Ortada Dövlət başçısının iradəsi, qətiyyəti var və bu günə qədər xeyli sayda şəhid ailələri, qazilər mənzillərlə təmin edilib, onların sosial problemlərinin həlli istiqamətində ciddi işlər görülüb.

Ancaq şəhid ailələrinin, qazilərin problemlərin birbaşa həllini təkcə Prezidentin üzərinə fokuslandırmaq doğru deyil. Hər bir məmur öz işini layiqincə görməlidir. Aidiyyatı qurumlar, rayon icra hakimiyyətləri şəhid ailələrinə, qazilərə qarşı elə bir həssaslıq nümayiş etdirməlidirlər ki, fürsətcil qüvvələr hər hansı boşluq tapıb bundan dövlətə qarşı istifadə edə bilməsinlər.

Çünki bu qüvvələrin əsas fəaliyyəti dövlətin etimaddan salınmasına və aparılan işlərin tormozlanmasına yönəlib. Nəzərə alınmalıdır ki, əsas “qərargahı” xaricdə yerləşən şəbəkələrin aktiv üzvləri Azərbaycandakı küçələri, kəndləri bir-bir gəzib problemi həll edilməyən şəhid ailələrinin, qazilərin axtarışına çıxıblar. Şəksiz, bizim problemləri gizlətmək kimi bir niyyətimiz də olmamalıdır. Amma və əgər bir problem həll edilə bilərsə, onun ictimai ajiotaj yaradacaq səviyyəyə qalxmasına imkan vermək heç bir halda qəbuledilən deyil.

 

Məsələ bundadır ki, müharibədən öncə ölkədəki müəyən qüvvələrin əsas tənqid materialı torpaqların hələ də işğaldan azad olunmaması ilə bağlı idi. Şəxsən İ.Əliyevə qarşı yönələn fikirlərin də kökündə əsasən bu amil dayanırdı: “İlham Əliyev niyə müharibə etmir, o, müharibə edib torpaqları azad edə bilməz…” və s. Daha bu amil ortadan qalxıb və bu gün biz daha uzaq hədəflərə hesablanan siyasət aparırıq.

İndi bu qüvvələr üçün əsas tənqid materialı şəhid ailələrinin, qazilərin problemləridir. Və bundan yetərincə istifadə etməyə çalışırlar. Heç şübhəsiz, tənqid vacibdir, inkişafın əsas elementlərindəndir. Ancaq bunu qərəzli halda dövlətə qarşı istifadə etmək isə yolverilməzdir.

Diqqət etsək görərik ki, 44 günlük müharibə zamanı İ.Əliyev cəbhədəki gərginliyin paytaxt Bakıya çatmasına imkan vermədi, əksinə insanlar böyük nikbinliklə cəbhədəki hadisələri izlədilər. Bu, çox vacib idi. Bəs Ermənistanda nə baş verdi? Qarabağda baş verən hər bir hadisənin ağırlığı İrəvana daşındı, sanki orada da müharibə gedirdi: insanlar əzgin, məğlub…

Başqa bir məqama diqqət edək: Müharibədən yeni çıxan hansı dövlət dərhal yenidənqurma prosesinə start verib? Ümumiyyətlə, belə bir presedent yoxdur. Bərpa işlərinə başlamaq üçün ən azı uzun müddət vaxt lazım olub. Amma İ.Əliyev müharibədəki qələbə əzmini dərhal bərpa tədbirlərinə, inkişaf prosesinə yönəltdi. Ortada fasilə belə olmadı. Qarabağın bərpası, şəhid ailələrinin, qazilərin problemlərinin həlli hazırda əsas prioritetdir.

 

Amma Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin, qazilərin problemlərinin həllində ədalət amili daim ön planda olmalıdır. Onların hər biri eyni dərəcədə xüsusi qayğı ilə əhatə olunmalıdır.

Nəzərə almalıyıq ki, informasiya savaşı müharibənin yeni fazasıdır. Və bu, təkcə Ermənistanın Qarabağdakı təxribatları ilə məhdudlaşmır. Ölkəmizdə, Qərb ölkələrində dövlətimizə qarşı yönələn və çox aqressiv şəkil alan dezo-info siyasətinə milyonlarla vəsait ayrılır.

Əlahiddə, xüsusi və rəngli şriftlərlə işləməliyik. Daha mətin və irdaəli olmalıyıq. Dünyanın heç bir ölkəsindən bizə gətirilən tənqidi nümunələr ağlabatan deyil. Şərtlər, imkanlar nəzərə alınmalıdır, amma müəyyən qüvvələr bunu da bacarmırlar. Vətəndaş Dövlətinin, Prezidentinin yanında dik durmalıdır. Heç bir kəsin, hətta şəhid ailəsinin belə probleminin həllinin ləngiməsi dövlətin ideologiyasının zədələnməsinə, imicimizin korlanmasına səbəb olmamalıdır və olmayacaq da!

Müəllif: Samir Feyruzov

  •  (0)
  •  (0)