Rusiyanı bəyənmir, rus dilini isə sevir – Azərbaycanlıların təhsilə yanaşma “fenomeni”backend

Rusiyanı bəyənmir, rus dilini isə sevir – Azərbaycanlıların təhsilə yanaşma “fenomeni”

Son illər orta məktəblərdə rus bölməsində təhsilə maraq artıb. Bəs bu tendensiyanın yaranması nə ilə bağlıdır? Mətbuatda mövzu zaman-zaman müzakirə edilir. Ölkənin ziyalıları, alimləri vətəndaşların öz övladlarını rus bölmələrinə qoymalarını tənqid edir, bunu yaxşı hal olmadığını deyir, yazırlar. Amma ildən-ildə bu tendensiya artan xətt üzrə inkişaf edir.

Səbəb nədir? Dərsliklərin keyfiyyətimi? Azərbaycan bölməsində təhsilin səviyyəsimi? Yoxsa, vətəndaşların övladlarının xarici dillərdən heç olmaya rus dilini mənimsəməsi istəyimi? Suallar çoxdur. Amma məsələnin ən maraqlı tərəfi budur ki, hətta məişətdə daim Azərbaycan türkcəsində danışan valideynlər belə övladının rus bölməsində təhsil almasını uyğun görür. Övladının bu dilə marağının olub-olmaması demək olar ki, nəzərə alınmır. Dəfələrlə şahidi olmuşuq ki, hətta kiçik yaşlı məktəblilər belə rus dilində danışarkən çətinlik çəkir.

İlk baxışda çox da nəzərə çarpmayan bu məqam təhsil prosesində zərurətdir. Bəs rus dilinə marağın ildən-ilə artmasının səbəbi nədir? Beynəlxalq arenada ingilis dilinə tələbat olduğu halda, Azərbaycan əhali arasında rus dilində təhsilə marağın artması nə ilə bağlıdır?

Azsiyaset” xəbər verir ki, mövzunu musavat.com-a şərh edən təhsil eksperti Kamran Əsədov hesab edir ki, ilk növbədə Azərbaycan dili bölmələrində təhsilin keyfiyyətinin artırılmasına zərurət var: “Rus dilində təhsilə dəb kimi yanaşanlar var. Düşünürlər ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Təəssüf ki, intellektli müəllim nəsli azalıb”.

Ekspert hesab edir ki, ingilis dilinə üstünlük verilməsi daha məqsədəuyğundur. Rus dilini isə əlavə dil kimi mənimsəmək  olar:

Kamran Əsədov: “Rus dili bölmələrinə meylin artmasını faciə kimi qəbul etməməliyik”

“Ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar”.

Kamran Əsədov statistik rəqəmlərə də diqqət çəkib: “Bir faktı deyim ki, hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində təhsil alır. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir.

Dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın.

Valideynlər istəmirlər ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Rus dilində nəşrlərdə həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir”.

Ekspert əlavə edib ki, rus dili bölmələrinə meylin artmasını faciə kimi qəbul etməməliyik:

“Hər bir insan nə qədər çox dil bilirsə, bir o qədər də yaxşıdır. O ki qaldı rus dilinə, gəlin yaddan çıxartmayaq ki, dünyanın quru ərazisinin 6/1 hissəsinin insanları bu dildə danışırlar. Bu dildə informasiyalar kifayət qədərdir. Bu böyük bir informasiya məkanıdır. Bunun nəyi pisdir ki? Rus dilini bilmək şagirdə böyük imkanlardan istifadə etməyə şərait yaradır”.

K.Əsədovun sözlərinə görə, SSRİ-yə daxil olan bir çox ölkələrdə rus dili hətta xarici dil kimi də tədris olunmur.

Kamran Əsədovun sözlərində həqiqət var. Kiçik araşdırma apararkən maraqlı bir məlumata rast gəldik. Ukraynada rus dili nəinki qadağan olunub, hətta xidmət müəssisələrində dövlət dilində danışmayanlar 224 dollar məbləğində cərimə olunurlar. Baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan, Gürcüstan və Baltikyanı ölkələr isə rus dilini təhsil sistemindən çoxdan çıxarıblar.

Musavat.com mövzu ilə bağlı Xalq şairi, deputat Sabir Rüstəmxanlının fikrini də öyrənib. O hesab edir ki, bizdə assimilyasiyaya meyl güclüdür.

“Milli dəyərlərimiz çox qısa müddətdə unudulur. XIX əsrdə rus dilinin Azərbaycanda statusu və rolu başqa idi. Rus-tatar məktəbləri var idi. O vaxtkı hakimiyyət azərbaycanlı uşaqların o məktəblərdə təhsil almasına şərait yaratmırdı. Buna görə də azərbaycanlı ailələr uşaqlarını kənara – Rusiyaya, Avropaya göndərməyə məcbur olurdular. Bu səbəbdən də ziyalı ailələrin övladları çar Rusiyası dövründə rusdilli oldu.

Sabir Rüstəmxanlı: “50 milyonluq Azərbaycan türkünün dilini başqa dillərin ayağının altına ata bilmərik”

İndiki dövrdə isə bu meyl süni surətdə – rus məktəblərinin, rus bağçalarının sayını artırmaqla gücləndirilir. Sovet dövründə də belə idi. Rus məktəblərinə, bağçalara daha yaxşı şərait yaradılırdı. O məktəblərə, bağçalara gedənlərin əksəriyyəti yuxarı təbəqənin nümayəndələridir. Ana dili kasıb üçün deyil ki… Anadilli məktəblər təkcə, fəhlə, kəndçi, çörəyini zəhməti ilə qazananlar üçün deyil”.

Deputat rus dilinin imkanlarının daha geniş olması fikri ilə birmənalı razı deyil: “İkinci səbəb “5-ci kalon” dediyimiz, Rusiyaya meylli, müstəqilliyin mənasını dərk etməyən insanların bu sahədə söz sahibinə çevrilməsidir. Dövlət dili Azərbaycan türkcəsidir. Dövlət ana dilini bütün təbəqələrdə tətbiq edir. Ölkə rəhbəri, nümayəndələrimiz xarici ölkələrdə müxtəlif beynəlxalq görüşlərdə ana dilində danışırlar. Rus dilində təhsil alanlar ana dilində fikrini izah edə bilməyəndə pis vəziyyətdə qalırlar. Uşaqlar əzab çəkir. Valideynlər bunu nəzərə almırlar.

Bəhanələr çoxdur. Amma ən məntiqsiz bəhanə isə rus dilinin imkanlarının bizim dildən daha geniş olmasıdır. Daha yaxşı dərsliklər nəşr etməyə çalışmalıyıq. Məktəblərdə olan qüsurları düzəltməliyik. 50 milyonluq Azərbaycan türkünün dilini başqa dillərin ayağının altına ata bilmərik.

Rusiya qonşu dövlətdir. Rus dili xarici dil kimi öyrədilsin. Rus dilinə qarşı deyiləm. Amma Azərbaycan müstəqil dövlət kimi ana dilimizi inkişaf etdirməlidir. Hər məktəbdə rus bölməsinin olması isə anormal haldır. Azərbaycanın başqa dövlətlər kimi radikal addım atmaması doğrudur. Bağçada beş qrupdan dördü rus bölməsidir. Bu, biabırçılıqdır. Bu, millətin öz dilinə hörmətsizliyidir. Bəzən fəxrlə deyirlər ki, 80 min nəfər rus bölməsində təhsil alır. Bununla qürur duymaq yox, bundan utanmaq lazımdır”.

Xarici dil bilmək üstünlükdür, lakin bu, ana dilinə sevgini üstələməməlidir. Bunu həm qanunlar, həm də mənəvi məqamlar diktə edir.

  •  (0)
  •  (0)