Rəsmi protokol tərtib etmədən maskanı düzgün taxmamağa görə, ona Daxili İşlər Nazirliyi cərimə yazır, bununla bağlı şikayətə isə laqeyd yanaşılır. Bunu anews.az-a şikayətində siyasi fəal Mete Türksoy bildirib. Daxili İşlər Nazirliyi isə şikayətçinin qaldırdığı məsələnin araşdırıldığını deyib.
Siyasi fəal dünən, aprelin 10-da Bakının “Elmlər Akademiyası” metro stansiyasının çıxışında ona qanunsuz cərimə yazıldığını iddia edir.
“Elmlər Akademiyası” metro stansiyasında qatardan düşdüm və metronun dəhlizinə yaxınlaşanda 2 rütbəli polis əməkdaşlarından biri özünü təqdim edərək bildirdi ki, maska taxmaqla bağlı qaydanı pozmuşam. Halbuki maska tam formada ağzım və burnum bağlanmaqla taxılmışdı. Ondan bununla bağlı sübut istədim. Deyir ki, sübut mənim gözüm, deyirəm necə yəni bu nə deməkdir ?! Siz bəlkə durub deyəcəksiz ki, adam öldürmüsünüz sübut da yox elə şey olar? Dedim polis işçisinin gözü sübut deyil, fakt olmalıdır. Burada kameralar var gətirin metro kameralarından çəkilişi sübuta baxaq. Gördüm bu şəkil çəkmək istəyir dedim, al çək maska tamdır. Dedim sübut olmadan mənə metro kamera faktı qoymadan nəsə yaza bilməzsiniz. Gedə bilərsiz dedi”, – o bildirdi.
Türksoyun sözlərinə görə, hadisədən bir qədər sonra elektron portalda ona 100 manat cərimə yazıldığını görüb.
“Bu necə mümkündür ki,vətəndaş protokol yerində yazılmadan, protokolda qeydlərini yazmadan, xəbərdar edilmədən sadəcə cərimə edilsin? Məsələ ilə bağlı 102 ilə əlaqə saxladım. Daha sonra mənimlə əlaqə saxlanıldı ki, aprelin 11-i yaxınlaşarsınız bölməyə. Bu gün isə mənə Yasamal Rayon Polis Şöbəsindən əlaqə saxlanılacağı deyildi, amma hələ də səs-səmir yoxdur”, – siyasi fəal əlavə etdi.
Hüquqşünas Bəhruz Bayramov bildirdi ki, protokolsuz yazılan cərimələr qanunsuzdur.
“Polis vətəndaşa sübut təqdim etməlidir. Əgər şəxs maskasız olubsa, onu fotosunu göstərmək lazımdır. Heç bir sübut yoxdur və protokol təqdim edilməyibsə vətəndaş bununla bağlı məhkəməyə müraciət edə bilər. Yaşadığı ərazi üzrə inzibati qaydada məhkəməyə üz tutsun, məsələ araşdırılıb, cərimə ləğv edilsin”, – Bayramov söylədi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirdi ki, məsələ araşdırılır.
İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir.
Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Karantin rejimi qaydalarını pozan şəxsə barəsində tərtib edilən protokoldan qanunamüvafiq olaraq, məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni, vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. On gün müddət tamam olanda əgər şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində isə sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir.
Qırx gündən sonra cəriməni ödəməyən şəxslərin iş yerinə və yaxud yaşadığı ünvana rəsmi bildirişlər göndəriləcək ki, dərhal cəriməni ödəsinlər. Cəriməni ödəməkdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa, saxlanılacaq və cərimə ödənilənədək avtomobil cərimə meydançasında qalacaq. Cərimələrin ödətdirilməsi üçün məcbur etmə üsullarının hamısından istifadə olunacaq. Karantin rejimini pozduğuna görə barəsində inzibati cərimə tətbiq edilənlər bilməlidirlər ki, cəriməni mütləq şəkildə vaxtında ödəməlidirlər. Əks təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcəkdir.