Rusiyanın Ukraynaya hərbi müdaxiləsi dünya gündəmini məşğul edən əsas mövzudur. Müharibənin 13-cü günündə ABŞ Rusiyadan neft və qaz idxalını dayandırıb. Britaniya hökuməti də Vaşinqtonun təşəbbüsünə qoşulub və Rusiyadan neft və qaz almayacaqlarını bəyan edib. Yüzlərlə qlobal brend və nüfuzlu şirkət Rusiya bazarlarını tərk edib, Kremlə qarşı sanksiyalar tarixdə görünməmiş həddə çatıb və analitiklər hesab edir ki, bu sanksiyalara Moskva yalnız bir neçə ay tab gətirə biləcək.
Bu arada ABŞ və Avropanın əsas hədəflərindən biri rusiyalı oliqarxlardır. Avropa İttifaqı onlara qarşı da sanksiyalar tətbiq edir və artıq bir neçə “Forbes” milyarderi buna açıq şəkildə öz etirazını bildirib. Məlumata görə, 23 ən varlı oliqarxın ümumi sərvəti 32 milyard dollar azalaraq 343 milyard dollara düşüb. Xüsusilə, rusiyalı milyarderlər siyahısına başçılıq edən Gennadi Timçenko sərvətinin demək olar ki, üçdə birini itirib. Timçenkonun kapitalında ilin əvvəlindən 16 milyard, Leonid Mixelsonun 6,2 milyard, Vahid Ələkbərovun sərvətində isə 3,5 milyard dollar azalma olub.
Avropa İttifaqı bir neçə gün öncə rusiyalı oliqarxlar – “Rosneft”in rəhbəri İqor Seçinə, “USM Holdinq”ın banisi Alişir Usmanova, “Transneft”in rəhbəri Nikolay Tokarevə və Gennadi Timçenkoya qarşı sanksiya tətbiq edib.
Hokm.az adıçəkilən milyarderlərlə bağlı araşdırma aparıb.
62 yaşlı İqor Seçin Sankt-Peterburq şəhərində anadan olub. Hər iki valideyni Metallurugiya zavodunda işləyib və İqor hələ uşaq olanda ayrılıblar. Bu səbəbdən gələcək oliqarx bacısı ilə birgə anasının himayəsində böyüyüb. Leninqrad Dövlət UniversitetininFilologiya fakültəsindən məzun olan Seçin Türkmənistanda sovet ordusu sıralarında hərbi xidmət keçib. Müxtəlif dövlətlərdə Hərbi Dəniz Qüvvələrinin tərkibində tərcüməçi kimi fəaliyyət göstərən milyarder Afrikanın qaynar nöqtələrində işləyib.Doğma Rusiyaya qayıtdıqdan sonra isə SSRİ Nazirlər Sovetində fəaliyyətə başlayıb.
İddialara görə, Seçinlə Putinin münasibətləri 1990-cı ildən yaranmağa başlayıb. Leninqrad Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektorun köməkçisi olan Putin o zamanlar həmin universitetdə çalışan Seçinlə dostluq etməyə başlayıb. 1998-ci ildə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışan Seçin Rusiya baş nazirinin müavini vəzifəsinə qədər yüksəlməyi bacarıb. 2008-ci ildən isə yolunu biznes sektorundan salıb və deyilənə görə, Putinin “qara kassası” və ən yaxın dostlarından biridir. Rusiyanın ən varlı oliqarxlarından hesab olunur.
Özbək əsilli milyarder Əlişir Usmanovun atası paytaxt Daşkəndin prokuroru olub.
1985-ci ildə Rusiyaya köçən gələcək milyarder cəmi iki il sonra “Aqroplast” kooperativini yaradıb. Sovetlər İttifaqı dağıldıqdan sonra Banklararası İnvestisiya-Maliyyə Şirkətinin rəhbəri olur və “Qazprom”da səhmlər əldə edir. 2020-ci ildən “USM Holdinq”in əsas payçısına çevrilən Usmanov maliyyə, enerji, istehsalat, mədənçilik, nəşriyyat və digər sahələrdə pay sahibidir. Rusiyanın ən zəngin oliqarxlarından hesab olunur və bir müddət Rusiya zənginləri siyahısına da başçılıq edib.
Qazax əsilli oliqarx Nikolay Tokarev doğulub boya-başa çatdığı Qaraqan şəhərində təhsil alıb. 1993-1996-cı illərdə Rusiya “Sberbankı”nın dövlətə məxsus törəmə müəssisəsi olan Rusiya-Alman Lizinq Şirkətində xarici əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 1999-cu ilin yayından o, AK Transneft OAO-nun təhlükəsizlik xidmətinin rəhbəri, sonra vitse-prezidenti postunu tutur. 2007-ci ildə Rusiya neft kəməri dövlət inhisarçısı olan “Transneft” şirkətinin prezidenti təyin edilir. Müqavilə ilə şirkət Rusiyanın Avropa limanları vasitəsilə neft ixracının 75 faizinə nəzarət etməyə başladı. Rusiyanın ən zəngin insanlarından olan Tokarev bu ölkədə qazax diasporunun da lideri hesab olunur.
Gennadi Timçenko Ermənistanda anadan olub. Rusiyada və Finlandiyada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Enerji, nəqliyyat və infrastruktur aktivlərinə investisiyalar üzrə ixtisaslaşmış “Volqa Qrupu”nun sahibidir. Fransa-Rusiya Ticarət və Sənaye Palatasının İqtisadi Şurasının və Rusiya-Çin İşgüzar Şurasının sədridir. Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından biridir və Fransanın “Fəxri Legion” ordeni ilə təltif edilib. 1999-cu ildə Finlandiya vətəndaşlığını almaq üçün Rusiya vətəndaşlığından imtina edib. 2003-cü ildə Finlandiya ikili vətəndaşlığa icazə verən qanun qəbul edəndən sonra fikrindən daşınıb. Müxtəlif dövrlərdə Sovet KQB-sində xidmət edib və Putinlə münasibətləri də məhz həmin dövrdən yaranmağa başlayıb.
Rusiyanın ən gənc milyarderlərindən sayılan Roman Abromoviç İngiltərənin “Çelsi” klubundakı payını satacağını, əldə olunan gəliri isə Ukraynadakı müharibə qurbanlarına xərcləyəcəyini bildirib. Bu açıqlaması ilə dünya mediasının gündəminə gələn Abromoviç bildirib ki, artıq bununla bağlı xeyriyyə fondu təsis etmək tapşırığı verib: “Fond müharibədən əziyyət çəkən insanların ehtiyaclarını ödəmək üçün kritik vəsaitlərin təmin edilməsi, eləcə də uzunmüddətli bərpa səylərinin dəstəklənməsi ilə məşğul olacaq”. Bir çoxları hesab edir ki, Abramoviç bu yolla Qərbin sanksiyalarından yayınmağa çalışır.
İşgüzar mühitdə yaxşı tanınan Abramoviç Çukotka vilayətinin keçmiş qubernatorudur. Ötən əsrin 80-ci illərində kiçik biznesə başlayıb. O, əvvəlcə istehsaldan başlayır, daha sonra isə ticarət və vasitəçilik əməliyyatlarına keçir. Neft isə ticarəti onun başlıca istiqamətinə çevrilir. O, sıx şəkildə Boris Berezovskiy və Boris Yelsin ilə münasibət qurmağa başlayır. İddialara görə, məhz bu səbəbdən “Sibneft” neft kompaniyasını əldə etməyə nail olub.
2003-cü ildə Roman Abramoviç 140 milyon funt sterlinqə İngiltərənin “Çelsi” futbol klubunu alır və faktiki olaraq, Böyük Britaniyaya köçür. İki il sonra isə o, «Sibneft» kompaniyasının səhmlərinin 75,7 faizini “Qazprom”a satır. 2005-ci ildə onu yenidən Çukotka əyalət dairəsinin başçısı vəzifəsinə təyin edirlər. 2008-ci ildə onun səlahiyyətləri könüllü istəyi ilə vaxtından əvvəl dayandırılır.
Dünya mediasının yazdığına görə, ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalarının başlıca hədəfi Kremli daxildən sarsıtmaq və bu yolla Putini yola salmaqdır. Bu işdə isə rusiyalı oliqarxların xüsusi əhəmiyyəti qeyd olunur. Görünür məhz elə bu səbəbdən də Putin zamanında öz yaxınlarını irəli çəkib və rusiyalı zənginlərin siyahısında ilk yerləri onun dostları tuturlar.
Mikayıl Mirzəzadə
Hokm.az