Qarşıdan ağır il gəlir: çətinlik bütün sahələrdə yaşanacaq – PROQNOZbackend

Qarşıdan ağır il gəlir: çətinlik bütün sahələrdə yaşanacaq – PROQNOZ

Ekspertlərdən həyacan təbili – “2022-ci ildə yoxsulluq səviyyəsi daha da artacaq”

2021-ci ilin başa çatmasına bir ay qalır. İlin sonuncu ayında əsas diqqət növbəti ilə yönəlib. Hamını düşündürən suallar isə bunlardır: nəhayət bu il pandemiya bitəcəkmi? İqtisadi imkanlar artacaqmı? Qarşıda bizi hansı yeniliklər gözləyir?

Müxtəlif sahələrdə təmsil olunan ekspetlər 2022-ci il proqnozlarını AYNA-ya bölüşüblər.

 

Milli Məclisin sabiq üzvü, iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya açıqlamasında bildirib ki, qarşıdakı ildə Mərkəzi Bank dolların kursunu sabit saxlamağa çalışacaq: “Biz idxaldan asılı dövlət olduğumuza görə, devalyasiya riskini önləmək və inzibati resurslar hesabına olsa da, dolların kursunu sabit saxlamaq vacibdir. Digər mühüm məqam isə büdcə təşkilatlarının büdcədənkənar yığdığı vəsaitləri dövlət büdcəsinə köçürmələri ilə bağlıdır. Bu imkan verəcək ki, büdcədən fondlara yığılan vəsaitləri müxtəlif adlar altında mənimsənilməsi halları mimimuma ensin”.

“Büdcədən maliyyələşən təşkilatlarda çalışan vətəndaşların əmək haqlarının ortalama 25 faiz artırılması nəzərdə tutulur. Normal istehsal olmayan ölkədə bu infilyasiya təzyiqi yaradır və bu səbəbdən idxal infilyasiyası gələn il də yüksək olacaq. Hökumət gələn il üçün proqnozlarda 4 faiz infilyasiyanın olacağını bəyan etsə də, əslində bu bu rəqəm ondan 3-4 dəfə artıq olacaq. Hətta daha da çox ola bilər. Qarşıdakı ildə əhalinin real gəlirlərinin azalacağı ehtimalı var. Qiymətlərin artacağını da bu sıraya aid etsək, o zaman əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşəcəyini pronozlaşdırmaq olar. Yəqin ki, gələn il yoxsulluq səviyyəsi daha da artacaq” – ekspert deyir.

Onun sözlərinə görə, hökumət sahibkarlığa real dəstək versəydi, mənzərə daha yaxşı olardı: “Bütün hallarda indi də gec deyil. Real sahibkarları dəstəkləməklə ölkədə yeni iş yerlərinin açılmasına nail olmaq olar. Bunun üçün isə sahibkarlığın qarşısında əngəl olan məmur oliqarxiyasını aradan qaldırmaq lazımdır. İnhisarçılıq olduqca, bu kimi problemlər davam edəcək. Gələn il ərzində gömrük yığımlarının 20 faiz artırılması nəzərdə tutulur. Ümumiləşdirib, demək olar ki, büdcə kifayət qədər böyük görünsə də, bu büdcə dollar ekvivalentində 2014-cü ilin büdcəsindən təqribən 6-7 milyard dollar azdır. Yəni ki, biz əslində irəliyə yox, geriyə getmişik”.

 

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı AYNA-ya şərhində deyib ki, 2022-ci ildə əmlak bazarında canlanma baş verəcəyi gözlənilmir: “O səbəbdən ki, əhalinin gəlirlərində ciddi artımlar müşahidə edilmir. Koronavirus pandemiyası bitməyib və öz mənfi təsirlərini göstərməkdədir. Ölkəyə xaricdən pul axını da azalıb. Xüsusən, azərbaycanlıların kompakt yaşadığı Rusiya və Türkiyədə də sosial-iqtisadi vəziyyətin aşağı olması bunu şərtləndirir”.

O əlavə edir ki, daşınmaz əmlak bazarında ciddi qiymət enmələri ehtimalı da aşağıdır: “Bu günə qədər əmlak bazarında bu halı müşahidə etməmişik. Hətta alıcılıq azalsa belə, tikinti şirkətləri qiymətləri qoruyub saxlamağa çalışır. Gələn ildən dövlət rüsumları artacaq və bu əmlak bazarına da öz təsirini göstərəcək. Xüsusən avtomobillərin qiymətlərində ciddi artımlar olacaq. Ümumi mənzərə bu sahədə də yaxşılığa doğru dəyişikliklərin olmayacağını söyləməyə əsas verir”.

 

AYNA-ya danışan aqrar ekspert Əfruz Niftili söyləyib ki, aqrar sahədə ciddi yeniliklər gözlənilmir: “O səbəbdən ki, bu sahəni dirçəltmək üçün əsasən iki maneəni aradan qaldırmaq lazımdır. Bunlardan birincisi ixrac monopoliyasının mövcud olması, digəri isə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılan subsidiyaların təyinatı üzrə xərclənməməsidir. Ölkənin idxaldan asılı olduğu hazırki şəraitdə aqrar sektorun inkişafı başlıca istiqamətlərdən olmalıdır. Buna baxmayaraq, məmur oliqarxiyası bu sahəni də çökdürməyə çalışır”.

Ekspertin bildirdiyinə görə, aqrar sektoru inkişaf etdirmək üçün ilk növbədə ixracat stimullaşdırımalıdır: “Eyni zamanda, kiçik və orta fermer təsərrüfatlarına dövlət dəstəyi təmin olunmalıdır. Təəssüf ki, fermerlər üçün nəzərdə tutulan subsidiyalar və gübrələr onlara deyil, birbaşa bazarlara çıxarılır. Bu isə öz növbəsində məhsulun maya dəyərini artırır və onları rəqabətdən kənarda qoyur. Kənd təsərrüfatı məhsullarının idxal və ixracı monopoliyadadır və onlar süni yolla qiymətləri artırırlar”.

 

“Ege Travel” turizm şirkətinin direktoru, turizm eksperti Mikayıl Mirzəzadə turizm sektorunda oyanış gözləmədiyini deyir : “Yay aylarında yerli turistlərin hesabına müəyyən aktivlik yarana bilər. Xarici turistlərin sayının artacağı isə inandırıcı deyil. İlk növbədə ona görə ki, koronavirus pandemiyası bitməyib. Sərhədlər açıq olsa da, insanlar özlərini qorumağa çalışır. Digər yandan koronavirus infeksiyasının artacağı, yeni ştammların ortaya çıxacağı ehtimalları ortadadır. Dünyada baş verən iqtisadi böhran və bu böhranın geniş coğrafiyada yayılması də məsələyə təsirsiz ötüşmür”.

Mirzəzadə qeyd edir ki, hökumət turizm sektoruna real dəstəyini davam etdirməlidir: “Yaranmış boşluqdan istifadə edərək, turizm sahəsində peşəkar kadrların yetişməsi, müasir trendlərin ölkəmizdə tətbiqi istiqamətində addımların atılması labüddür. Bunun üçün müxtəlif qrant layihələri və stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Çünki turizm strateji bir sahədir və inkişaf etmiş dövlətlər bu sahədə yeniliklər edirlər. Əgər biz onlarla ayaqlaşmaq istəyiriksə, peşəkar xidmət səviyyəsini artırmalıyıq”.

Müəllif: Azər Niftiyev

  •  (1)
  •  (0)