Xəbər verdiyimiz kimi, məişət zorakılığı qətlə səbəb olub. Mütəmadi olaraq həyat yoldaşı tərəfindən döyülən 41 yaşlı qadın yatmış vəziyyətdə olan ərini linglə vurub.
Hokm.az xəbər verir ki, hadisə Suraxanı rayonu, yeni Suraxanı qəsəbəsi ərazində yerləşən həyət evində baş verib. Belə ki, 41 yaşlı Günay Şıxalıyeva həyat yoldaşı Mahir Şıxalıyevi dəmir linglə vuraraq qətlə yetirib. Hadisə ilə bağlı İctimai televiziyanın əməkdaşları cinayətin baş verdiyi ünvana yollanıblar. Çəkiliş heyəti olaraq qonşularla həmsöhbət olublar.
Qonşulardan biri ərini qətlə yetirən qadın barədə danışarkən bildirib ki, “Hamı bilir ki, əri qadına zülm edirdi, Allah bunu götürməz. Heç kimin xəbəri yoxdur ki, kim evinin içərisində nə çəkir. Qadın evdəki şiddətdən qonşulara qaçırdı, qabırğaları sınıq- sınıq olurdu, böyrəkləri nə vəziyyətdə idi”
Digər bir qonşu isə qadının sakit olduğunu deyib: “Qadına söz yox idi, həmişə əri içib onu və uşaqlarını incidirdi”
İşin istintaqını aparan Suraxanı rayon Prokurorluğunun müstəntiqi Azər Əbdilovun verdiyi məlumata görə hadisə ailə münaqişəsi zəmnində baş verib. Belə ki, hər gün spirtli içki qəbul edib evində dava salan Mahir Şıxalıyev sonuncu dəfə də sərxoş vəziyyətdə yuxuya gedib. Bu zaman Günay Şıxalıyeva həyətdəki dəmir lingi götürərək , həyat yoldaşının baş nahiyəsinə çoxsaylı zərbələr vurub. Daha sonra Günay Şıxalıyeva ərinin ölmünə əmin olduqdan sonra polisə zəng vuraraq törətdiyi cinayətlə bağlı məlumat verib. Cinayət qanunvericiliyinin tələblərinə əsasən prokurorluq əməkdaşları tərəfindən məhkəmə – tibb ekspertizasının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Günay Şıxalıyeva cinayəti törədən şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim edilib. Qadın törətdiyi əməlindən peşman olmadığını deyib.
Qeyd edək ki, Günayla Azərin birgə nikahından iki yeniyetmə övladı var. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1- ci “Qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi başladılıb.
















