Prezident üç qanuna dəyişikliyi təsdiqlədibackend

Prezident üç qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Hokm.az  xəbər verir ki, sənədə əsasən, peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.
Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.
Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.
***
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Hokm.az xəbər verir ki, dəyişikliyə əsasən, “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq, ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin (pasport və plan ölçü) verilməsinə görə dövlət rüsumu tutulmur.
**
Prezident İlham Əliyev “Peşə təhsili haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Hokm.az  xəbər verir ki, qanuna aşağıdakı dəyişikliklər edilib.
1. 9.6.4-cü maddədə “təhsili almaq hüququ verilir.” sözləri “təhsili;” sözü ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 9.6.5-ci, 9.12-ci və 14.4-1-ci maddələr əlavə edilsin:
“9.6.5. yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.”;
“9.12. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”;
“14.4-1. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır”.
  •  (0)
  •  (0)