Prezident İlham Əliyev 2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Modern.az Prezident təqaüdünə layiq görülən tələbələrlə hömsöhbət olub.
Həmin tələbələrdən biri Azərbaycan İqtisad Universitetinin Maliyyə ixtisası üzrə ingilis dilində təhsil alan Əsmər Həsənlidir.
Prezident təqaüdçüsü bildirib ki, əsas hədəfi Prezident təqaüdünə layiq görülmək olub və bu uğuru əldə edəcəyinə inanıb:
“Hazırda yeni universitet həyatına, dərslərə fokuslanmışam, gələcəkdə isə təhsilimi İngiltərədə davam etdirmək ən böyük arzumdur. Abituriyentlərə əsas məsləhətim yalnız son 1-2 ildə hazırlıqlarla kifayətlənməməli, aşağı siniflərdən dərslərə məsuliyyətli yanaşmalarıdır. Bundan əlavə mütaliənin önəmini ayrıca vurğulamaq istərdim”.
Digər Prezident təqaüdçüsü Lalə Məmmədova Azərbaycan İqtisad Universitetinin maliyyə ixtisası üzrə ingilis dilində təhsil alır.
Lalə Məmmədova bu ixtisası seçməsinin səbəbi kimi ixtisasın II ixtisas qrupunda ən prestijli olmasını göstərir:
“Prezident təqaüdçüsü adını qazanmaq hədəflərimdən biri idi və inanaraq çalışırdım. Gələcəkdə aldığım təhsil üzrə xaricdə magistr təhsilimi davam etdirmək istəyirəm. Abituriyentlərə məsləhətim vaxtlarını səmərəli idarə etməyi öyrənsinlər. Uğurun başlıca səbəblərindən biri vaxtın düzgün bölüşdürülməsidir. Hər fənnə eyni vaxt sərf edib, hər birinə ciddiyyətlə yanaşsınlar”.