Ombudsman: “Əlilliyi olan məhkumların vaxtından əvvəl azad edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət ünvanlamışıq” – MÜSAHİBƏbackend

Ombudsman: “Əlilliyi olan məhkumların vaxtından əvvəl azad edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət ünvanlamışıq” – MÜSAHİBƏ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar e-huquq.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Səbinə xanım, əvvəlcə 3 dekabr tarixinin Beynəlxalq Əlilliyi olan Şəxslər Günü elan olunması barədə məlumat verməyinizi istərdik. Bu günün beynəlxalq səviyyədə qeyd olunmasında əsas məqsəd nədən ibarətdir?

– 3 dekabr tarixinin dünya ictimaiyyəti tərəfindən Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunması BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli, 47/3 nömrəli qətnaməsi ilə bağlıdır.
​Əslində ənənəvi olaraq hər il bu günün qeyd olunmasında məqsəd əlilliyi olan şəxslərin hüquqlarını ictimai həyatın bütün sahələrində təbliğ etmək və eyni zamanda geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. ​Ombudsmanla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 27 noyabr tarixli 253 nömrəli Qərarına əsasən ölkəmizdə də aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən bu günə həsr olunmuş müxtəlif tədbirlər təşkil olunur.

​Məhz dünyada 2020-ci il üçün günün mövzusu da “COVID – 19 pandemiyasından sonra əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun dayanıqlı, əlçatan və inklüziv cəmiyyətə doğru” adlanır.

​Onu da qeyd edim ki, bu mövzu mənə olduqca doğmadır. Mənim hüquq üzrə fəlsəfə doktoru istiqaməti üzrə müdafiə etdiyim dissertasiya işinin də mövzusu məhz əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası məsələrinə həsr olunmuşdur. Demək olar ki, verdiyim təkliflərin də çoxu praktik olaraq öz həllini tapmışdır. Müvəkkil seçildikdən sonra da ilk açıqlamamda fəaliyyətimizdə həssas əhali qrupları ilə işə diqqətin artırılacağını söyləmişdim. Bu baxımdan, qurumda həyata keçirilən islahatlar çərçivəsində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə məşğul olan ayrıca struktur bölmə yaratdıq. Nəzər almaq lazımdır ki, ölkəmizdə bu kateqoriyadan olan şəxslərin hüquqlarının təmini vacib məsələdir. Bununla biz həm də beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələrin icrasını təmin etdik və müsbət ölkə təcrübəsinə töhfə vermiş olduq.

– BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının qəbul edilməsinin tarixi və əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– İlk növbədə bildirmək istəyirəm ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya BMT-nin Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixində qəbul edilmiş və Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanununa əsasən müvafiq bəyanatla ratifikasiya edildikdən sonra ölkəmizə münasibətdə 28 yanvar 2009-cu il tarixdən qüvvəyə minmişdir. Belə ki, Azərbaycan Respublikası bəyan etmişdir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir. Bu Konvensiyanın əsas məqsədi əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini təşviq, müdafiə və təmin etmək, eləcə də onların ləyaqətinə hörmət edilməsini dəstəkləməkdir.

​Azərbaycan regionda bu mühüm əhəmiyyətli sənədi ratifikasiya edən ilk ölkə olaraq, əlilliyi olan insanların hüquqlarına hörmət edilməsi və onların qorunması istiqamətində götürdüyü öhdəliyi bir daha təsdiq etmiş, regionun digər ölkələri üçün nümunə olmuşdur. Bu addım həm də ölkəmizin insan hüquqları sahəsində dünya arenasında çox fəal rol oynadığını təsdiq edən amil kimi beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. ​Bu Konvensiyanın qəbul edilməsi əlilliyi olan şəxslərin və onları təmsil edən təşkilatların əlilliyin insan hüquqları ilə bağlı məsələ olmasının tam tanınması uğrunda apardıqları uzun sürən mübarizənin nəticəsində mümkün olmuşdur. ​İnsan hüquqları sahəsində bundan əvvəl qəbul olunmuş əsas beynəlxalq sənədlər bütün insanların, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarını tanıyır. Bu sənədlərin əlilliyi olan şəxslərin hüquqlarının təşviq və müdafiə edilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, hələ ki, tam şəkildə reallaşdırılması mümkün olmamışdır. ​Buna görə də Konvensiya əlilliyi olan şəxslərin insan hüquqlarını tanıyan və iştirakçı dövlətlərin bu hüquqlara hörmətlə yanaşmaq, onları müdafiə və təmin etmək öhdəliklərini dəqiqləşdirən ən son qəbul olunmuş ixtisaslaşmış və əhatəli sənəd olmaqla yuxarıda göstərilən sənədləri əvəz etmiş, bununla əlilliyin insan hüquqlarına əsaslanan sosial modelini təsbit etmişdir.

​Bir sözlə, beynəlxalq ictimaiyyətin mühüm nailiyyəti olan bu Konvensiya baxışlarda elə bir dəyişiklik təklif edir ki, əlilliyi olan insanlar artıq xeyriyyə, sosial müdafiə və müalicə obyekti deyil, öz həyatları və gələcəyi barədə qərarlar qəbul edə bilən insan hüquqları subyekti kimi təqdim olunur. ​Bütün bunlar isə əlilliyin cəmiyyət tərəfindən düzgün dərk edilməsi, onların sosial inklüziyası və hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir.

– Qeyd olunan Konvensiyanın iştirakçı dövlətlər qarşısında qoyduğu öhdəliklər və bu sənədin milli qanunvericilikdə implementasiyası haqqında nə söyləmək olar?

– Təbii ki, müasir dövrdə insan hüquqları ilə bağlı mühüm əhəmiyyət kəsb edən demək olar ki, bütün beynəlxalq sənədlərə qoşulmuş bir dövlət kimi, XXI əsrin əlilliyi olan şəxslərin insan hüquqlarına dair ilk hərtərəfli beynəlxalq Konvensiyasına qoşulmaq dövlətimiz üçün icrası məcburi olan bir sıra öhdəliklər müəyyən edir.

​Konvensiya bir daha təsdiq edir ki, əlilliyi olan şəxslər bütün digər şəxslərlə eyni hüquqlara malikdir. Bununla yanaşı, ayrı-seçkiliyə yol verilmədən qanun qarşısında bərabərlik, yaşamaq, azadlıq və təhlükəsizlik hüququ, qanun qarşısında bərabər tanınma və bərabər hüquq qabiliyyətliliyi, işgəncəyə məruz qalmama azadlığı, istismar, zorakılıq və təhqirdən müdafiə azadlığı, fiziki və əqli bütövlüyə hörmət, hərəkət azadlığı və vətəndaşlıq, cəmiyyətdə yaşamaq hüququ, söz və fikir azadlığı, şəxsi həyatın toxunulmazlığı, ev və ailəyə hörmət, təhsil, səhiyyə, əmək və məşğulluq, adekvat yaşayış səviyyəsi, siyasi və ictimai həyatda, mədəni həyatda iştirak hüquqlarına Konvensiyada xüsusi yer ayrılmışdır. ​Əlilliyi olan şəxslərin yuxarıda sadalanan hüquqlarının hər hansı bir ayrı-seçkiliyə yol verilmədən, tam həyata keçirilməsini təmin etməyi öz üzərinə götürmüş dövlətlər üçün Konvensiya üzrə müvafiq öhdəliklər müəyyən edilmişdir. ​Bu öhdəliklər sırasında müvafiq qanunvericilik və inzibati tədbirlərin (məsələn, əlillik əsasında ayrı-seçkiliyi ləğv edən aktlar qəbul etmək və ya artıq mövcud aktlara müvafiq dəyişiklik və düzəlişlər etmək) görülməsi, bütün fəaliyyət kursları və proqramlarında əlilliyi olan şəxslərin hüquqlarının müdafiə və təşviq edilməsi, onların hüquqlarını pozan hər hansı təcrübənin ləğv edilməsi, həm dövlət, həm də özəl sektorun, ayrı-ayrı fərdlərin əlilliyi olan şəxslərin hüquqlarına hörmət etməsinin təmin edilməsi, bu qəbildən olan şəxslərin ehtiyaclarını ödəyəcək əmtəə və malların, xidmətlərin, avadanlıq və texnologiyaların araşdırılmasının, işlənib hazırlanmasının, başqaları tərəfindən bu cür araşdırmanın aparılmasının təşviqi və dəstəklənməsi, əlilliyi olan şəxslər üçün yardımçı texnologiyalar barədə informasiyanın əlçatan olmasının təmini, əlilliyi olan şəxslərlə işləyən peşə sahibləri və heyətlər üçün Konvensiyadakı hüquqlarla bağlı təlimləndirmənin dəstəklənməsi, əlilliyi olan şəxslərin onlarla bağlı qanunvericilik və siyasətin inkişaf etdirilməsi və tətbiqi, həmçinin qərar qəbuletmə prosesinə cəlb olunması, onlarla məsləhətləşmələrin aparılması mühüm yerlərdən birini tutur.

​Azərbaycanın həmin beynəlxalq müqaviləni ratifikasiya etməklə üzərinə götürdüyü öhdəliklərdən biri də əlilliyi olan şəxslərin statusuna dair milli qanunvericiliyin Konvensiyanın tələblərinə uyğunlaşdırılması ilə bağlıdır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsi olduğundan həmin Konvensiya da ölkəmizin milli qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir. Hazırda həmin beynəlxalq sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.

– Bildiyiniz kimi, bir çox hallarda əlilliyi olan şəxslərə münasibətdə heç də məqbul hesab olmayan anlayışlardan istifadə edilir. Bununla bağlı Ombudsman təsisatı tərəfindən hansısa bir təkliflər irəli sürülübmü, ümumiyyətlə, hazırda bu sahədə vəziyyət necədir?

– Qeyd etməliyəm ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası”nın rus dilində olan mətni istisna olunmaqla digər rəsmi dillərdəki mətnlərində “əlil” yox, məhz “əlilliyi olan şəxs” terminindən istifadə olunmuşdur. Heç də təsadüfi deyildir ki, BMT Baş Məclisinin bu Konvensiyanın qəbulundan cəmi bir il sonra qəbul etdiyi 2007-ci il 18 dekabr tarixli 62/127 saylı digər bir Qətnaməsi ilə “Beynəlxalq Əlillər Günü”nün adında dəyişiklik edilərək “Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” adlandırılmışdır. Ombudsman təsisatı tərəfindən BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin müvafiq tövsiyələrinin icrası olaraq qüvvədə olan milli qanunvericilik bazasının BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması, həmin qəbildən olan şəxslərə münasibətdə qeyri-münasib hesab olunan və onların ləyaqətini alçaldan terminlərin dəyişdirilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi və yeni qəbul edilən qanunvericilik aktlarında da bu məsələnin nəzərə alınması, bir sıra normativ hüquqi aktlarda öz əksini tapmış bəzi aşağılayıcı ifadələrin yeni müasir terminlərlə əvəz edilməsi ilə bağlı təkliflər irəli sürmüşdür. Həmin təkliflər də nəzərə alınmaqla milli qanunvericiliyin ölkəmizin tərəfdar çıxdığı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası”na uyğun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər fonunda 2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni bir Qanun hazırlanaraq qəbul edilmişdir.

Təqdirəlayiq haldır ki, artıq bu il bir sıra qanunvericilik aktlarında “əlil” sözü “əlilliyi olan şəxs”, digər sözlər də müvafiq dəyişikliklər edilməklə daha məqbul terminlərlə əvəz edilmişdir. Belə ki, əlilliyi olan şəxslərə münasibətdə yaxşı səslənməyən bir sıra ifadələrin qanunvericilikdən çıxarılması məqsədilə qüvvədə olan qanunlarda və digər müvafiq normativ hüquqi aktlarda edilmiş dəyişikliklər nəticəsində “qüsur” sözü “pozuntu”, “şikəstlik” sözü “əlillik”, “kəmaağıllıq” sözü “əqli gerilik” sözləri ilə, “lal”, “kar”, “kor” sözlərinin isə “görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan şəxs” ifadəsi ilə əvəz edilməsi buna nümunədir. Bu isə əlillik sahəsində indiyə qədər üstünlük təşkil edən ənənəvi tibbi modeldən, insan hüquqlarına əsaslanan sosial modelə keçidin təmin edilməsi və beləliklə də, əlilliyi olan şəxslərin sosial inklüziyası istiqamətində aparılan köklü islahat tədbirlərindən biri kimi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

– BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası”nın müstəqil monitorinq mexanizmi, İnsan Hüquqları üzrə Müvəkkilin bu istiqamətdə mandatı, xüsusilə də son dövrlər Ombudsman Aparatının strukturunun təkmilləşdirilməsi ilə bağlı gördüyünüz işlər barədə məlumat verməyinizi xahiş edirik…

– Azərbaycan Respublikası BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının 33.2-ci maddəsində təsbit olunmuş, bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizmin yaradılmasını (insan hüquqlarının müdafiəsi və təşviqi ilə məşğul olan milli təsisatların statusuna və fəaliyyətinə aid olan prinsiplər də nəzərə alınmaqla) bir öhdəlik olaraq öz üzərinə götürmüşdür. BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, əlilliyi olan şəxslərin təmsil olunduğu bir sıra QHT-ləri öz ətrafında birləşdirən Əlil Təşkilatları İttifaqının BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsinə əsasən yaradılması nəzərdə tutulan bu Konvensiyanın həyata keçirilməsinin müstəqil mexanizm funksiyalarının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən həyata keçirilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə rəy və təkliflər irəli sürmüşlər.

Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə mexanizmin funksiyalarının icrası üzrə öhdəliyin yerinə yetirilməsi bu sahədə fəaliyyət göstərən milli insan hüquqları təsisatının müəyyən edilməsi ilə bağlı müvafiq hüquqi və təşkilati tədbirlərin (qanunvericiliyə əlavə və dəyişiklik edilməsi, maliyyə vəsaitinin ayrılması və s.) görülməsi ilə reallaşdırılmalıdır.

Bu baxımdan yeni və kifayət qədər məsuliyyətli vəzifələr fonunda Ombudsmanın fəaliyyətinin səmərəli və keyfiyyətli təşkili zərurəti onun mandatının, eləcə də Aparatının ştat vahidlərinin sayının artırılmasını da şərtləndirmişdir. Bununla əlaqədar hazırlanmış “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Konstitusiya Qanunu layihəsində nəzərdə tutulan dəyişiklikliyə görə Müvəkkil milli insan hüquqları institutu kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizm funksiyalarını yerinə yetirir. Müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi qaydaları isə Müvəkkil tərəfindən müəyyən edilir. Eyni zamanda əlilliyi olan şəxslər və onları təmsil edən QHT-lər İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən monitorinq prosesinə cəlb oluna bilər. ​Qeyd edək ki, sözügedən qanunvericiliyə hələ də müvafiq dəyişikliklər edilməsə də mövcud səlahiyyətlər və imkanlar çərçivəsində faktiki olaraq sözügedən funksiyaların həyata keçirilməsinə öz töhfəmizi verməkdəyik.

​Əlilliyi olan şəxslərin saxlanma şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması məqsədilə əvvəlcədən xəbərdarlıq etmədən təhsil, səhiyyə, penitensiar və sosial xidmət müəssisələrində monitorinq və başçəkmələr həyata keçirilir. ​Bu sahədə uğurlu işlərdən biri kimi vurğulamaq istəyirəm ki, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, mütəmadi olaraq müvafiq sahələr üzrə milli qanunvericilik və beynəlxalq hüquqi aktlarının, ölkədə olan vəziyyətin, daxil olan ərizə və şikayətlərin təhlili istiqamətində işin təkmilləşdirilməsi məqsədilə artıq bir neçə aydır Ombudsman Aparatında Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunu yaratdıq və hazırda fəaliyyət göstərməkdədir.

​Qeyd etdiyim kimi, sosial dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vacib məsələlərdən biri də bu kateqoriyadan olan şəxslərin hüquqlarının təminidir. Bununla biz həm də beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələrin icrasını təmin etdik və müsbət ölkə təcrübəsinə töhfə vermiş olduq.



– Bilirik ki, əlilliyi olan şəxslərə münasibətdə tibbi modelə deyil, insan hüquqlarına əsaslanan sosial modelə üstünlük verilməsinin əlilliyin cəmiyyətdə düzgün dərk edilməsi baxımından əhəmiyyəti Ombudsmanın hüquqi maarifləndirmə fəaliyyəti çərçivəsində daim təbliğ olunur. Bu sahədə aidiyyəti dövlət orqanları ilə bərabər vətəndaş cəmiyyəti institutları, o cümlədən ixtisaslaşmış qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq necə həyata keçirilir və hansı səviyyədədir?

– Ombudsman təsisatı olaraq əlilliyi olan şəxslərin hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət orqanları ilə bərabər vətəndaş cəmiyyəti institutları, o cümlədən ixtisaslaşmış qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri (KİV) ilə əməkdaşlıq etmək bizim üçün vacib məsələdir. Çünki bu əməkdaşlıq həm pozulmuş insan hüquqların bərpası və pozulmasının qarşısının alınması, həm də bu sahədə hüquqi maarifləndirmə işinin səmərəli təşkili baxımından əhəmiyyətlidir. ​Ombudsman təsisatı ilə əlilliyi olan şəxsləri təmsil edən ictimai təşkilatların fəaliyyətini əlaqələndirmək, onların ümumi maraqlarını təmsil və müdafiə etmək məqsədilə yaradılan və hazırda bu qəbildən olan qeyri-hökumət təşkilatını (QHT) öz ətrafında birləşdirən Əlil Təşkilatları İttifaqı (ƏTİ) və digər ixtisaslaşmış QHT-lər arasında səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. ​Müvəkkilin İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupuna (MPQ), Ombudsman yanında aidiyyəti QHT nümayəndələrindən ibarət tərkibdə fəaliyyət göstərən Ekspertlər Şurasına, habelə Biznes və İnsan hüquqları üzrə İşçi qrupuna əlilliyi olan şəxsləri təmsil edən QHT-lərin nümayəndələri də cəlb ediliblər. ​Ötən dövrlərdə Ombudsman təsisatının bilavasitə təşkilatçılığı və ya təşəbbüsü ilə Milli Məclisin deputatlarının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin iştirakı ilə paytaxtda və regionlarda hüquqi maarifləndirmə xarakterli müxtəlif tədbirlər təşkil olunmuş, eyni zamanda yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə ekspert qismində iştirak edilərək müvafiq mövzular üzrə çıxışlar edilmişdir.

Çoxsaylı tədbirlər zamanı Konvensiyaya uyğun olaraq əlilliyi olan şəxslərin həlli vacib olan problemləri müzakirə olunmuş, zəruri təklif və tövsiyələr irəli sürülmüş, iştirakçılara müxtəlif çap məhsulları paylanılmışdır. Bundan əlavə ötən dövr ərzində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onlar barəsində ayrı-seçkiliyn aradan qaldırılması məsələlərinə həsr edilmiş elmi-analitik xarakterli bir sıra məqalələr hazırlanaraq KİV-də dərc etdirilmişdir. Təbii ki, biz yaxın gələcəkdə bu əməkdaşlığı daha da inkişaf etdirməyi planlaşdırırıq.

– Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Ombudsman təsisatı tərəfindən hansı işlər görülür?

– Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması sahəsində Azərbaycan hökuməti tərəfindən yüksək səviyyədə profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərləri həyata keçirilir. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mütəmadi olaraq zəruri qərarlar qəbul edilir, əhəmiyyətli təklif və tövsiyələr verilir.

​İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm mandatımız çərçivəsində penitensiar, sosial xidmət, səhiyyə, o cümlədən psixiatriya müəssisələrində həyata keçirilən başçəkmələr zamanı bu qəbildən olan şəxslər üçün yaradılmış şəraitin müəssərliyi, qidalanma, tibbi və sosial xidmətlərə çıxış imkanları, COVID-19 infeksiyası ilə əlaqədar zəruri məlumatlandırma tədbirləri və bununla bağlı çap materiallarının paylanması, görünən yerlərdə asılması yerində yoxlanılmış, olmayan yerlərdə isə təcili təmini məsələləri qaldırılmışdır. Təqdirəlayiq haldır ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən koronavirusla mübarizə tədbirləri çərçivəsində göstərilən təşkilati dəstək nəticəsində bütün sosial xidmət müəssisələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara və sosial təcrid rejiminə əməl olunması təmin edilir. ​Apardığımız monitorinq və müşahidələrə əsasən deyə bilərik ki, pandemiya dövründə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsi istiqamətində aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilən tədbirlər uğurla davam etdirildiyindən onlar pensiya, sosial müavinat və təqaüdlərini vaxtlı-vaxtında ala bilməkdə çətinlik çəkmirlər.

​Təbii ki, biz də öz növbəmizdə Ombudsman təsisatı olaraq əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsini hər zaman olduğu kimi pandemiya dövründə də daim diqqət mərkəzində saxlayırıq. Hazırda Azərbaycanda mövcud epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə uyğun olaraq, Ombudsmanın Aparatında və regional mərkəzlərində insanların canlı qəbulunun müvəqqəti olaraq dayandırılmasına baxmayaraq, hər bir kəs, o cümlədən əlilliyi olan şəxslər poçt, onlayn müraciət, e-mail, faks, sosial şəbəkələr (facebook, twitter), habelə 24 saat ərzində xidmət göstərən 916 nömrəli Çağrı Mərkəzi vasitəsilə ilə bizə müraciət edə bilirlər. Ünvanımıza daxil olan bütün müraciətlərə hər zaman olduğu kimi, çox böyük həssaslıqla yanaşılır, qaldırılan məsələlərin həlli ilə bağlı operativ olaraq təcili addımlar atılır.

​Tərəfimizdən sosial xidmət müəssisələrində dövlət təminatında yaşayan əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə səlahiyyətli dövlət qurumlarına özündə çoxsaylı təklif və tövsiyələri əks etdirən müraciətlər edilmiş və bir çox hallarda onların təmini ilə bağlı zəruri tədbirlər görülmüşdür.
​Bundan əlavə COVID-19 infeksiyası ilə bağlı vəziyyət nəzərə alınmaqla əlilliyi olan məhkumların da şərti olaraq vaxtından əvvəl azad edilməsi təklifi ilə çıxış etmiş, həmin şəxslərin sənədlərinin məhkəməyə təqdim olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ünvanlamışıq.

​COVID-19 infeksiyasının yayılması ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, vəzifəli şəxslərə, digər idarə, müəssisə və təşkilatlara, habelə sahibkarlıq subyektlərinə müraciət etmişik. Həmin müraciətdə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Xüsusi Məruzəçisinin dünyada COVID-19 pandemiyasının yayıldığı hazırkı dövrdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair bəyanatında nəzərdə tutulmuş müvafiq çağırışlar da nəzərə alınaraq, mövcud vəziyyətdə əlilliyi olan şəxslərin qayğıya daha çox ehtiyacı olmaları səbəbilə onların sosial-hüquqi müdafiəsini səmərəli şəkildə həyata keçirmək məqsədilə bir sıra vacib məsələlərə diqqət yetirilməsinin məqsədəmüvafiq olduğunu diqqətə çatdırmışıq. Eyni zamanda mövcud pandamiya şəraitində əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onlar barəsində sosial müdafiə xarakterli tədbirlərin həyata keçirilməsi zamanı proporsionallıq, zərurilik və ayrı-seçkiliyə yol verməmə prinsiplərinə əməl edilməsi ilə bağlı müvafiq təkliflər də irəli sürmüşük.

Yekunda bir daha qeyd etmək istərdim ki, sosial dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vacib məsələlərdən biri də bu kateqoriyadan olan şəxslərin hüquqlarının təminidir. Dövlət olaraq göstərdiyimiz yanaşmalar əsasında biz həm də beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş tövsiyələrin icrasını təmin etdik və müsbət ölkə təcrübəsinə töhfə vermiş olduq.

  •  (0)
  •  (0)