Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həyat yoldaşını güllələyərək qətlə yetirən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hokm.az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktında bildirilir ki, polis əməkdaşı İsmayıl Məmmədov bir gün əvvəl həyat yoldaşı Xanım Məmmədovanı döyərək işgəncə verib. X.Məmmədova məsələ ilə bağlı 102 xidmətinə məlumat verib. Bu məqsədlə o Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə dəvət edilib.
Səhəri gün izahat almaq üçün qadın polis bölməsinə gəlib. Bu zaman İ.Məmmədov polis bölməsində onun bədəninin müxtəlif hissələrinə 15 dəfə atəş açaraq qətlə yetirib.
Prosesdə sərbəst ifadə verən İ.Məmmədov bildirib ki, 2009-cu ildə polis nəfəri kimi işə düzəlib.
“2010-cu ildə Xanım Məmmədova ilə tanış olmuşam. 4 il universitetdə oxuyub, mənsiz nə universitetə gəlməyib, nə getməyib. 2014-cü ildə ailə qurmuşam. Övladım dünyaya gəlincə aramızda heç bir problem olmayıb. Əvvəldən mən ona demişəm ki, ali təhsil alacaqsan, amma işləməyəcəksən. Övladım dünyaya gələndən sonra o işləmək istədiyini dedi. Ondan sonra ailədə problem yarandı. O vaxta qədər biz bir-birimizə çox bağlı idik.
Sevmişəm, qısqanmışam, vurmuşam da, döymüşəm də. Ayın 29-da bizim aramızda köynək məsələsi ilə bağlı problem oldu. Mübahisə etdik. Mən ona həmin köynəyi geyinməyəcəyini bildirdim. O mənə dedi ki, azad olmaq istəyir. Mən işə gedəndə evin qapısını bağladım ki, evdən qaçmasın. Evə qayıdanda gördüm evdə yoxdur.
Səhəri gün işə gəldim, qol çəkib silahımı götürüb getdim. Mənə təhqiqatçı zəng vurdu ki, sizdən şikayət var. Mən Xanıma zəng vurub dedim ki, bölməyə gəlməsin. O isə dedi ki, artıq gecdir. Sonra məni polisə çağırdılar. Təhqiqatçı mənə iradlarını bildirdi. Dedi ki, Xanım səninlə bir yerdə qalmaq istəmir, bədənində xəsarətlər var. Mən təhqiqatçıya dedim ki, sən onun xəsarətlərini harda görmüsən? O sənə bədəninin şəkillərini atıb? Mən Xanımdan xahiş elədim ki, barışaq, üzr istədim. O isə mənə yox dedi.
Mən təhqiqatçıdan xahiş elədim, uşaqlarımla görüşüm. O da icazə verdi. Mən otağa girib uşaqlarımı qucaqladım, halallaşdım. Bu vaxt Xanım mənə şərəfsiz dedi. Mən özümü öldürmək istəyirdim. Amma o bölmədə mənə dəfələrlə şərəfsiz deyəndən sonra özümə cavabdeh olmadım. Otağa daxil olanda onu öldürmək istəmirdim. Mən otağa girdim ki, uşaqlarımla sağollaşam, sonra çıxıb özümü öldürüm. Otaqda o mənə şərəfsiz deyəndən sonra özümə cavabdeh olmadım. Ondan sonra nə olduğunu xatırlamıram.
Mən onu məqsədli öldürmək istəsəydim, 1 və ya 2 güllə ilə öldürərdim, 15 güllə vurmazdım. Özümdə olmamışam deyə, 15 güllə vurmuşam”, – deyə təqsirləndirilən şəxs bildirib.
Prokurorun suallarını cavablandıran İ.Məmmədov deyib ki, o, həyat yoldaşının polis bölməsinə getməsini istəməyib: “Mən istəmirdim o polisə getsin. Çünki həm işlədiyim yer idi, kollektiv içində biabır olmaq istəmirdim. O, dəhlizdə iş yoldaşlarımın yanında mənə şərəfsiz dedi. Mən ona əsəbiləşdim. Mən sivil adamam. İstəyirdim ki, sakitliklə ayrılaq. Ona görə istəmirdim polisə getsin. Heç kim istəməz ki, ailə mübahisəsi kənara çıxsın, kimsə ailəsinə müdaxilə etsin. Mən də bir ailə başçısıyam və qərarları mən verirdim. Bizim evdə bir problem azadlıq, işləmək olub. Xanım deyirdi azad olmaq, işləmək istəyirəm. Öldürmək niyyətim olmayıb, ona görə 15 güllə vurmuşam”.
Proses fevralın 22-də davam etdiriləcək.
Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.