Nazirlər Milli Məclisdə, deputatların gileyi və… – “Məktub göndərirəm cavab gəlmir”backend

Nazirlər Milli Məclisdə, deputatların gileyi və… – “Məktub göndərirəm cavab gəlmir”

Millət vəkilləri büdcə müzakirəsi zamanı bir çox problemləri nazirlərin diqqətinə çatdırıblar

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, parlamentin İqtisadi siyasət, sahibkarlıq və sosial siyasəti komitəsi, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və digər komitələrdə təmsil olunan deputatlar, o cümlədən bu il ilk dəfə Milli Məclis sədrinin təşəbbüsü ilə parlamentdə təmsil olunan bütün partiyaların, o cümlədən müxalifət partiyalarının sədrləri də iştirak ediblər. Müzakirə zamanı deputatlar büdcə ilə bağlı təklif və iradlarını səsləndiriblər.

İqtisadçı deputat Əli Məsimli büdcə gəlirlərinin əsasını yenə də neft amilinin təşkil etməsindən gileylənib. Millət vəkili bildirib ki, bu indiki mərhələdə riskləri kifayət qədər artıracaq.

“Büdcə zərfində kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsi və ədalətli rəqabətin formalaşdırılması üçün işlərin davam etdiriləcəyi qeyd olunub. Bəs növbəti ildə bu istiqamətlərdən nə qədər gəlirin daxil olacağı büdcədə niyə qeyd olunmayıb? 2020-ci il müharibə şəraitində icra olunan büdcə ili idi. Amma artıq biz iqtisadi artımın sürətləndiyi bir iqtisadi ilə daxil olmaqdayıq”, deyə Məsimli sual edib.

Deputat: “Büdcənin kəsiri kifayət qədər yuxarı olanda inflyasiya real olur”

Deputat qeyd edib ki, orta müddətli xərclər çərçivəsində büdcə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üçün Maliyyə Nazirliyinin əlavə tədbirlər görməsinə ehtiyac var: “Digər məsələ büdcənin kəsiri ilə bağlıdır. Burada yeni məqam nəzərə alınıb. Büdcənin maliyyələşdirilməsində aktiv borclanma məsələsi zərfdə əksini tapıb. Mən balanslı büdcənin əleyhinə olmuşam. Bu istiqamətdə qiymətli kağızlar bazarının artırılmasının tərəfdarıyam. 2021-ci ildə 3 milyard manatdan artıq kəsir proqnozlaşdırılmışdı. 2022-ci ilin də büdcəsi təqribən ona uyğun olacaq. Büdcənin kəsiri kifayət qədər yuxarı olanda inflyasiya real olur. Əgər vahid xəzinə qalığından gələn vəsait büdcə kəsirini 2022-ci ildə ödəməyə qadirdirsə, niyə kütləvi olaraq borclanmaya gedirik? Əgər büdcənin xərcləri ayrı-ayrı maddələr üzrə bölünübsə, hazırlanan strategiyadan irəli gələn xərclər hansı vəsait hesabına maliyyələşəcək?”.

Dövlət müəssisələrinin özəlləşdirilməsi təklif edildi

“Büdcə sistemi haqqında qanunun 21-ci maddəsinə əsasən, Milli Məclis və Hesablama Palatası büdcə zərfinin icrasına nəzarəti həyata keçirməlidir. Amma faktiki olaraq Milli Məclisin belə səlahiyyəti yoxdur”. Bu sözləri isə deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili bildirib ki, beynəlxalq maliyyə institutları büdcə proqnozlarında kənarlaşmaların olmamasını əsas amillərdən biri hesab edirlər: “Bizim büdcədə bu qədər fərqin olması başa düşülən deyil. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların artıq proqnozlaşdırılacağı göstərilir. Burada sözsüz ki, kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflıq tədbirləri öz rolunu oynayır. Amma fərqin bu qədər artıq olması anlaşılan deyil. Digər tərəfdən, dövlət borcu ilə bağlı məsələyə də diqqət çəkmək lazımdır. Daxili dövlət borcları ilə bağlı ödəniş 232 milyondan çoxdur. Xarici dövlət borclarını başa düşmək olar. Daxildə isə borclanmanı qiymətli kağızlar bazarına töhfə verəcəyi ilə əlaqələndirmək nəticə verə bilməz. Dövlət müəssisələrindən vergi daxilolmalarının miqdarı çox azdır. Necə olur ki, özəl müəssisələrdən daxilolmalar çox olur, amma dövlət müəssisələrindən daxilolmalar az olur? Ona görə də düşünürəm ki, bu qurumlar özəlləşdirilməlidir. Bu islahatlar dərinləşdirilməlidir. Böyük islahatlara ehtiyac var. Mütləq böyük özəlləşdirməyə getmək lazımdır ki, iqtisadiyyatda rəqabət mühiti güclənsin”.

Vahid Əhmədov: “Buna artıq son verməyin vaxtı çatıb”

İqtisadçı deputat Vahid Əhmədov isə vurğulayıb ki, “Dövlət rüsumu haqqında” qanunda çox ciddi dəyişikliklər olmalıdır: “Bu rüsumların bir çoxu ərzaq məhsulları ilə bağlıdır. Bu da ümumi bazarda qiymət artımına təsir edir. Ümumiyyətlə, qanunların Milli Məclisdə müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflər nəzərə alınmalıdır. Büdcəyə vergi və gömrük daxilolmaları xətti ilə çox böyük daxilolmalar gəlir. Dövlətin nəzarətində olan qurumların vergidən və rüsumdan azad olunmasına nə ehtiyac var? Biz uzun illərdir deyirik ki, dövlət qurumlarının çoxu özəlləşdirilməlidir”.

“Vergi güzəştlərinin strukturuna baxmağa ehtiyac var. Biz indi dövlət rüsumuna dair qanunu qəbul edəndə bildirdik ki, bir sıra dövlət qurumlarına cərimələrdən ayırmalar olur. Buna artıq son verməyin vaxtı çatıb. Cərimələrdən daxil olan vəsaitin hamısı büdcəyə daxil olmalıdır. Büdcənin şəffaflığının təmin edilməsi üçün ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, kölgə iqtisadiyyatının, korrupsiya və rüşvət hallarının aradan qaldırılması üçün Hesablama Palatası daha sərt addımlara getməlidir”, – deyə V.Əhmədov əlavə edib.

Deputat: “Yaşayış minimumu və orta aylıq əməkhaqqına yenidən baxılmalıdır”

Deputat Sabir Rüstəmxanlı vurğulayıb ki, büdcənin müzakirə sistemi dəyişdirilməlidir: “komitələrdə müzakirələrlə bağlı ümumi rəy hazırlanmalı və təqdim olunmalıdır. Dövlət və hökumət nümayəndələrinin, deputatların təkrar çıxışları olmamalıdır”.

“Yanacağın qiymətinin qalxması ilə əlaqədar bütün ərzaq məhsullarının da qiyməti qalxır. Həm yaşayış minimumu, həm də orta aylıq əməkhaqqı məsələsinə yenidən baxılmalıdır. Digər yandan, büdcədən maliyyələşən təşkilatların sayını artırmaqla məşğuluq. Biz bu sayı azaltmalıyıq”, – Rüstəmxanlı fikrini davam etdirib.

“125 deputatın yerinə Səfa müəllim məktub göndərə bilməz axı…”

Millət vəkili rayonlarda təhsilin səviyyəsindən də narahatlığını dilə gətirib: “Bu gün rayonlarda və kəndlərin çoxunda xarici dil müəllimi yoxdur. İndi bütün idarə və qurumlarda tələb edirlər ki, ingilis və rus dilini bilməyən işçi işə götürülməsin. Bəs yaxşı, o kənddə, rayonda yaşayan bu dili necə öyrənsin?. Yeri gəlmişkən, rayonların 95 faizində kitab mağazası yoxdur. Bu məsələ də həllini tapmalıdır. Başqa bir məsələ: işsizlik problemidir. Bunun aradan qaldırılmasının da yolları tapılmalıdır. Yeni müəssisələr yaradılmalıdır. Bakıda neçə zavod bağlandı, onların metallarını belə satıblar. İşsizliyim ləğvi üçün yeni müəssisələrin qurulması vacibdir”.

“Problemlər çoxdur. Məsələn, bağça problemi hökm sürür. İnsanlar uşağını bağçaya qoymaq üçün rüşvət verməyə məcbur edilir. Eyni zamanda, dövlət qurumlarında əhaliyə və deputatlara diqqətin artırılması vacibdir. Mən nazirliyə məktub göndərirəm cavab gəlmir, Səfa müəllim (Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev – red.) göndərir, ona cavab gəlir. 125 deputatın yerinə Səfa müəllim məktub göndərə bilməz axı…”.

Erkin Qədirli: “Dövlət Məşğulluq Agentliyi ilə Dövlət Statistika Komitəsinin rəqəmləri uzlaşmır”

“Hesablama Palatasının rəyində göstərilib ki, dövlət müəssisələrində vergi daxiolmalarında bu il azalma olub. İri dövlət şirkətləri dövlət büdcəsinə divident ödəməyə maraq göstərmir. Bu fikir çoxdan səsləndirilirdi. Onlar bazarda özlərinə rəqib görmürlər. Bu, xidmətin qiymətinə də təsir göstərir. Ümumiyyətlə, xidmətin keyfiyyəti qiymətlə uzlaşmır. Maliyyə Nazirliyi bununla bağlı strateji baxış hazırlayırmı? Özəlləşdirmə ilə bağlı işlərə nə vaxt gediləcək?”. Bu fikirləri müzakirə zamanı deputat Erkin Qədirli deyib.

“Bir hesabatda göstərilib ki, Azərbaycan dəmir yollarının 22 min işçisi var və audit şirkəti bunu 6 minə endirməyi təklif edir. Bu isə nə qədər işçinin işsiz qalmasına səbəb olacaq. Ona görə də bu sahədə xüsusi baxış olub-olmamasını öyrənmək istəyirəm. Digər tərəfdən, Dövlət Məşğulluq Agentliyinin rəqəmləri ilə Dövlət Statistika Komitəsinin rəqəmləri uzlaşmır. Bu da hesablamalara çox böyük təsir edir. Bu rəqəmlərin uyğunlaşdırılması ilə bağlı işlər görülməlidir. Daha bir sualım da strateji baxışla əlaqəlidir. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların özəlləşdirilməsi həyata keçirilməyib. Bir yandan oradakı insanların bu torpaqlara hüquqi, haqqı var. İqtisadiyyat Nazirliyinin işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı təyinatlı torpaqların gələcəyi və o torpaqların özəlləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini xahiş edirik”, – deyə Qədirli çıxışını tamamlayıb.

“BNA-nın cərimələrinin həddi-hesabı yoxdur, binaların istiliklə təchizatı da bərbad vəziyyətdədir”

Deputat Fazil Mustafa isə deyib ki, bir sıra məsələlərdə vətəndaşın vəziyyəti nəzərə alınaraq, addımlar atılmalıdır: “Bu gün rüsumlar və cərimələrin miqdarı kəskin formada artmaqdadır: “Artıq bütün vətəndaşların cəriməsi var. Məsələn, Bakı Nəqliyyat Agentliyinin cərimələrinin həddi-hesabı yoxdur. Bu, yol infrastrukturunun düzgün qurulmasının problemidir. Əziyyəti çəkən, cəriməsini ödəyən isə vətəndaşdır”.

“Binaların istiliklə təchizatı da bərbad vəziyyətdədir. Köhnə binaların zirzəmiləri qrunt suları ilə dolub aşır, onu təmizləmirlər. Müddəti bitmiş proqramlara dövlət büdcəsindən vəsait ayrılmamalıdır. Müddət qurtarıbsa, həmin layihələr maliyyələşmədən məhrum edilməlidir”, – deyə deputat qeyd edib.

Nazirlər deputatlara cavab verdi

Maliyyə naziri S.Şərifov deputatların dövlət müəssisələrinin özəlləşdirilməsi təklifinə cavab verib. S.Şərifov deyib ki, İqtisadiyyat Nazirliyində özəlləşdirmə ilə bağlı işlər getməkdədir: “Burada balansın qorunması əsas şərtdir. Son iki il ərzində həmin dövlət müəssisələrində olan bəzi işçilərin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılması nəticəsində büdcənin yükü bir qədər azaldılıb. İnvestisiya Fondunun yaradılması nəticəsində dövlət müəssisələrində şəffaflıq daha da artırılacaq. Bu da dövlət büdcəsinə daha böyük məbləğlərdə dividentlərin yaradılmasına imkan yaradacaq”.

“İşsizlərin sayı ilə bağlı Dövlət Statistika Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmləri arasında olan uyğunsuzluq xüsusilə ötən il ortaya çıxıb”. Bunu isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputat E.Qədirliyə cavab olaraq söyləyib.

Nazir bildirib ki, bu problem 190 manatın verilməsi məsələsində ortaya çıxıb: “Qərar veriləndən dördüncü gün qərarın icrasına başlanıldı. Bu zaman bir sıra bazalarda problem olduğu ortaya çıxdı. Məsələn, torpaq mülkiyyəti ilə pay torpaqları arasında qarışıqlıq ortaya çıxdı. Bu istiqamətdə iş gedir. Bu problemlər aradan qaldırılacaq. Dövlət Statistika Komitəsinin işsizlik rəqəmi ilə bizim rəqəm fərqli olacaq. Bizim üçün işsiz şəxs nazirliyin bazasında işsiz kimi qeydiyyatdan keçmiş şəxsdir. Dövlət Statistika komitəsi isə buna fərqli yanaşır. İqtisadi qeyri-fəal əhalidə xanımlara münasibətdə böyük fərq var. Eyni zamanda qeyri-formal işləyənlər var. Statistika Komitəsində onlar işsiz kimi qeydiyyata alınmır. Bu metodoloji fərqdən irəli gələrək bu rəqəmlərdə müəyyən fərq hər zaman olacaq”.

Qeyd edək ki, müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Müəllif: Anar Bayramoğlu

  •  (0)
  •  (0)