Müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidirbackend

Müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.

Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları – parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi.

SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.

Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.

Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.

Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu.

Azərbaycanın milli müstəqillik konsepsiyası isə daha əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır. Dahi şəxsiyyət dünyanın supergüclərindən biri olmuş sovet imperiyası dövründə də Azərbaycanın müstəqilliyi barədə düşünüb, 1969-cu ildə siyasi hakimiyyətə gəldiyi ilk gündən başlayaraq böyük uzaqgörənliklə hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərin həyata keçirilməsinə nail olub, Azərbaycanın gələcək müstəqilliyi üçün təməlləri hazırlayıb. Ümummilli Lider ölkəmizdə sənayeləşmənin əsasını qoyub, kənd təsərrüfatını inkişaf etdirib, yüzlərlə Azərbaycan gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına nail olmaqla gələcək müstəqil Azərbaycan üçün kadr potensialını yaradıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xarici qüvvələrin, daxildəki xəyanətkar qruplaşmaların əməlləri nəticəsində ictimai-siyasi vəziyyət dözülməz həddə çatdırılmışdı. Ulu öndər Heydər Əliyеvin dediyi kimi: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Dahi şəxsiyyət 1990-cı ilin iyul ayında Naxçıvana gəldikdən sonra burada dövlət müstəqilliyi uğrunda məqsədyönlü siyasi mübarizə aparmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Ulu Öndərin sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Milli istiqlal rəmzi olan üçrəngli bayrağımız ilk dəfə bu sessiyanın tarixi qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi, həmin bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Naxçıvan Muxtar Respublikası Аli Məclisinin ilk sessiyasında Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən mühüm məsələlər – 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də müzakirə edildi. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı tarixi qərar qəbul olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı, Naxçıvan Muxtar Respublikasının müdafiəsi üçün sistemli tədbirlər görüldü, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradıldı. Bir sözlə, Naxçıvan xalqımızın müstəqillik mübarizəsinin mərkəzinə çevrildi. Belə bir tarixi məqamda – 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Xalqımız şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına müstəqillik qazandı. Təəssüf ki, müstəqilliyimizin ilkin mərhələsində – 1991- 1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar son həddə çatmış, separatçı meyillər daha da güclənmişdi. Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi.

Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixində görkəmli şəxsiyyətlərin rolu böyükdür. Lakin bu şəxsiyyətlər içərisində biri ən yüksək zirvəyə ucalmışdır. XX əsr Azərbaycana Heydər Əliyev kimi siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Belə bir Şərq məsəli var: “ Can həkimə, ölkə isə rəhbərə etibar edilər”.

Ümummilli rəhbərimiz Azərbaycanın haqq işini dünyaya çatdırdı. Daxili – siyasi sabitlik təmin edildi, iqtisadi tənəzzülün qarşısı alındı. Milli – mənəvi dəyərlərimiz bərpa və inkişaf etdirildi. Azərbaycan dünya dövlətləri içərisində öz layiqli yerini tutdu.

Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qüdrətini daha da artır. Bunun parlaq nümunəsi 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya azərbaycanlılarının I qurultayı olmuşdur. Məhz müdrik rəhbərimiz Heydər Əliyevin xidmətləri sayəsində dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq mümkün olunmuşdur.

Bu gün dünya birliyinin bərabər hüquqlu üzvü olan müstəqil Azərbaycanımız istiqlal tarixinin şanlı səhifələrini yazır. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, həm də dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlıların qüdrətini daha da artırmışdır. Bu gün Azərbaycan dövləti üçün ən mühüm məsələlərdən biri də Dünya azərbaycanlılarının həmrəyliyinin qorunub saxlanılmasıdır. Dünya azərbaycanlıları nə qədər həmrəy olsalar, Azərbaycan dövlətçiliyi ətrafında nə qədər sıx birləşsələr dünya miqyasında nüfuzumuz daha böyük, sösümüz daha kəsərli olar.

Azərbaycan əldə etdiyi deklarativ müstəqilliyi həqiqi müstəqilliyə çevirə, bu müstəqilliyi qoruyub inkişaf etdirə, nəhayət, bu müstəqillik idealları üzərində bütöv bir Azərbaycançılıq ideologiyasını ucalda biləcək bir liderə, xilaskara möhtac idi. Həmin xilaskar dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyev idi.

Həmin dövrdə Azərbaycana rəhbərlik edənlər dövlət müstəqilliyinin formal mahiyyəti ilə kifayətlənərək Sovet İttifaqının qorunub saxlanması üçün 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar vermişdilərsə, ulu öndərimiz Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina edib, SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılıb, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri dövlət müstəqilliyi üçün mühüm şərt kimi qiymətləndirərək deyib: “1990-cı illərdə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Məhz o sessiyada Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi. O vaxt Azərbaycanda hələ Sovet Azərbaycanının bayrağı dalğalanırdı. O vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi”.

Həmin dövrdə gedən proseslərə nəzər yetirdikdə bir daha aydın olur ki, müstəqilliyin elan edildiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək ölkəmizə rəhbərlik edənlər Azərbaycanı çətin vəziyyətə salmış, dövlət müstəqilliyimiz itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir dövrdə – 1993-cü il iyunun 9-da Ümummilli Liderimiz xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Bu qayıdış tarixin sosial sifarişi idi. Bu qayıdış xalqın istəyi ilə hasil oldu. Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər Heydər Əliyev deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

Bir sıra dünya səviyyəli siyasi şərhçilər də vurğulayırlar ki, 1991-ci ilin oktyabr tarixli müstəqillik haqqında Konstitusiya Aktı Azərbaycana bu müstəqilliyi, sözün həqiqi mənasında, gətirmədi. Hüquqi akt hələ reallıq deyildi. Ona görə də Azərbaycanın həqiqi müstəqillik tarixi ulu öndər Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə gəldiyi tarixlə hesablanır.

Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi 1993-cü ildən 2003-cü ilədək olan dövr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür. Bu dövr, birinci növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz. “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən Ulu Öndərimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirib, dövlət müstəqilliyimizi daimi və əbədi edib.

Dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, bazar münasibətlərinə əsaslanan yeni tipli iqtisadiyyatın nəzəri-konseptual inkişaf konsepsiyasını yaradıb. Ümummilli Liderimiz “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını təmin edib. Qeyri-neft bölməsi sürətlə inkişaf etməyə başlayıb. Özəlləşdirmə proqramı uğurla həyata keçirilib, ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkəmiz xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilib. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirib: bu, demokratik inkişaf və hüquqi dövlət quruculuğu, Azərbaycançılıq və vətəndaş həmrəyliyi yoludur.

Ümummilli lider Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu, insanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi, Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının,söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. 1994-cü ilsentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla neft strategiyasının və davamlı iqtisadi inkişafın əsası qoyuldu. Xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyyəsi yaxşılaşdı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində atəşkəsə nail olundu, torpaqlarımızın işğalının qarşısı alındı, ordu quruculuğuna başlandı. Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı. Ulu öndərin ardıcıl olaraq xarici ölkələrə səfərləri, beynəlxalq təşkilat nümayəndələri ilə keçirdiyi görüşləri nəticəsində Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizlə bağlı həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Ölkəmizin xarici siyasətinin əsas prinsip və istiqamətləri müəyyən edildi. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması bütün dövlətlərlə qarşılıqlı maraqlara söykənən münasibətlərin inkişafını şərtləndirdi.

Bu gün ümummilli liderin siyasi irsinin layiqli varisi, dövlət başçısı cənab İlham Əliyev dövlət müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir. Ölkəmiz iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır. Yeni neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi, Azərbaycana xarici sərmayə qoyuluşunun artması, qeyrineft sektoruna, regionların inkişafına yönəldilən investisiyanın ilbəil çoxalması, sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının iqtisadi siyasətinin əsasını təşkil edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmış, ümumi daxili məhsula bərabər səviyyədə valyuta ehtiyatları yaradılmışdır. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulmuşdur. Sosial problemlərin uğurlu həlli nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsinə endirilmişdir. Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərlərinin inşa edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi müstəqil ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf strategiyasını təmin etmək istiqamətində atılan əhəmiyyətli addımlardır. Bu tədbirlər nəticəsində Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır.

Məlum olduğu kimi, azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, ölkəmizin müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılığın əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır

Azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir. Azərbaycançılıq kontekstində vətəndaşlıq, vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə və dövlətə vahid yanaşma sistemidir. Bu üçlüyün vəhdətində birlik və sabit dövlət quruluşu mümkündür. Hesab edir ki, 44 günlük Vətən müharibəsi dövründə müşahidə etdiyimiz sarsılmaz milli birlik dünya azərbaycanlılarının vahid məfkurə olan azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməsinin ifadəsi idi: “44 günlük Vətən müharibəsi həlledici bir imtahan idi. Bir xalq olaraq bu imtahandan şərəflə çıxdıq, şərəf tarixini yazdıq. 30 il idi ki, biz dünyanın böyük dövlətlərindən və nüfuzlu təşkilatlarından düşmən tərəfindən işğal edilmiş torpaqlarımızla bağlı ədalətli qərarların qəbul edilməsini tələb edirdik. BMT Təhlükəsizlik Şurası səviyyəsində qətnamələr qəbul olundu, amma bu qətnamələri reallaşdırmağa heç bir dövlət səy göstərmədi. Bu 30 il ərzində Azərbaycan təkcə ümidini nüfuzlu təşkilatlara bağlamadı. Nəticə etibarilə, Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev siyasi qərarını qəbul etdi, şanlı əsgər və zabitlərimiz torpaqlarımızı yağı düşməndən azad etdi. Dövlət başçımız Vətən müharibəsi günlərində düşmənə havadarlıq edən bütün qüvvələri ram etdi, hər cür böhtanlara tutarlı cavablar verdi, “ittihamçı prokuror” rolunu oynayan xarici müxbirlərin ermənipərəst suallarına tutarlı və inandırıcı cavablar verdi. Şuşanın düşmən qüvvələrindən azad edilməsi xalqımızın gücünü, iradəsini, qəhrəmanlığını bütün dünyaya bəyan etdi. 44 günlük müharibə bizi qalib dövlətə, qalib xalqa çevirdi. Həm də bu müharibə bizim ədalətimizi bir daha hamıya bəyan etdi. Düşmən mülki əhaliyə qarşı faşistlərin sərgiləmədiyi hərəkətlərə əl atdı. Gəncə, Bərdə, Tərtərdə xeyli sayda dinc əhali qadağan olunmuş silahlarla qətlə yetirildi. Amma Azərbaycan əsgəri düşmənin mülki əhalisinə güllə atmadı. Vətən yolunda, torpaq uğrunda şəhid olan əsgər və zabitlərimiz oldu. Allahdan onlara rəhmət diləyirəm. Yaralı əsgərlərimiz var. Dövlətimiz onların sağalması üçün əlindən gələni edir. “YAŞAT” Fondu yaralı əsgərlərimizin şəfa tapması üçün dünyanın ən məşhur həkimlərini Azərbaycana dəvət edir, ya da müalicə üçün yaralıları xaricə göndərir”

Bu gün dinamik inkişaf yolu ilə irəliləyən Azərbaycan öz dövlət müstəqilliyini mühüm tarixi nailiyyətlərlə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.

Ən böyük nailiyyətlərdən biri də ondan ibarətdir ki, artıq Azərbaycanda, onun daxilində ictimai-siyasi sabitlik yaranıbdır. İnsanlarımız rahat yaşıyır və onların rahat yaşaması üçün hər çür şərait yaranıb. Bu da müstəqilliyimizin bəhrəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki ,biz artıq öz taleyimizin ,öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.

Əli Əliyev

UNEC Tələbə Gənclər Təşkilatının sədri

  •  (0)
  •  (0)