MTN generalları əfv olunmalı idi?backend

MTN generalları əfv olunmalı idi?

Prezident İlham Əliyev koronavirus (COVİD-19) pandemiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların əfv olunması haqqında sərəncam imzalayıb.

Bu sərəncamla 176 nəfər məhkum əfv olunub. Əfv olunanlar arasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və Transmilli İqtisadi Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov da olub.

“Fakt Yoxla” sabiq MTN-çilərin azadlığa buraxılmasının hüquqi əsaslarının olub-olmadığını araşdırıb.

Cinayət qanunvericiliyinə görə, əfvetmə Əfvetmə haqqında Əsanamənin müddəalarına uyğun olaraq həyata keçirilir. Əsasnamədə əfvetmənin Konstitusiyanın 109-cu maddəsilə prezidentin müstəsna səlahiyyətində olduğu təsbit edilib. Bu səlahiyyətə görə, prezident Əfv Məsələləri Komissiyasının əfv üçün tövsiyə etdiyi şəxslər barəsində istəyindən asılı olaraq əfv sərəncamı imzalaya və yaxud bundan imtina edə bilər.

Əfvetmə barədə müraciəti məhkumun özü, müdafiəçisi və ya nümayəndəsi verə bilər. Müraciətin verilməsi üçün qanunvericilikdə konkret müddətlər müəyyən edilib və müraciətlər bu müddətlərin gözlənilməsi ilə şərtləndirilib.

Əsasnaməyə görə, azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxs böyük ictimai təhlükə törətməyən cinayətə görə hökm qanuni qüvvəyə mindikdən sonra, az ağır cinayət törətməyə görə cəza müddətinin ən azı üçdə bir hissəsini, ağır və xüsusilə ağır cinayət törətməyə görə cəza müddətinin ən azı yarısını, ömürlük azadlıqdan məhrumetmə növündə isə cəzanın on il müddətini çəkdikdən sonra əfvetmə üçün müraciət edə bilər.

Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin təsinfatına görə, azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən, yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır, on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur.

Qanunverici orqan Əsasnamədə olduğu kimi Cinayət Məcəlləsində də əfvetmənin fərdi qaydada müəyyən edilmiş şəxs barəsində həyata keçirildiyini bir daha vurğulayıb. Əsasnaməyə görə, fərdi qaydada müəyyənetmə isə qanunvericiliyin tələbləri nəzərə alınmaqla Əfv Məsələləri Komissiyası tərəfindən həyata keçirilir.

Daxil olumuş müraciəti Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektoru Prezident yanında Əfv Məsələləri Komissiyasının gündəliyinə çıxarılması üçün hazırlayır.

Bunun üçün Əfv məsələləri sektoru cəzaçəkmə müddətinin başlanğıcı və çəkilməmiş hissəsi barədə məlumat, məhkumun törədilmiş cinayətə münasibəti, davranışı və törətdiyi cinayətə görə peşmançılıq çəkməsini əks etdirən arayış üçün sorğunu cəzanı icra edən orqana göndərir.

Həmçinin əfvetmənin mümkünlüyü barədə əsaslandırılmış rəy verilməsi üçün isə Ali Məhkəmə və Baş Prokurorluğa sorğu göndərir. Əfv məsələləri sektoru müraciət daxil olduğu gündən üç ay müddətində hazırladığı sənədləri mahiyyəti üzrə baxılmaq üçün Əfv Məsələləri Komissiyasına göndərir.

Əfv Məsələləri Komissiyasının azı 13 üzvünün iştirakı ilə keçirilən iclasında müraciət səsverməyə qoyulur və Komissya məhkumun əfv edilməyə tövsiyə olunub-olunmaması barədə qərar qəbul edir. Yekunda isə qərar tövsiyələrlə birlikdə qəti qərarın qəbul edilməsi üçün prezidentə göndərilir.

Əfvetmə haqqında Prezidentin fərmanı ilə məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə, cəzanın müddəti azaldıla və ya cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

Sabiq MTN-çilər 2015-ci ilin dekabrında həbs olunublar. İttihamlara əsasən, onlar 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar bir sıra ağır və xüsusilə ağır cinayətlər törədiblər.

Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülmüşdü.

Sübahir Qurbanov isə Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ) və digər maddələri ilə ittiham edilib.

Hər iki şəxsin ayrı-ayrı fiziki şəxslərə və eləcə də dövlətə milyonlarla manat zərər vurduğu sübuta yetirilib.

Akif Çovdarov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il, Sübahir Qurbanov isə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdilər.

Həm Akif Çovdarov, həm də Sübahir Qurbanov əfv olunduqları günə qədər cəza müddətinin 5 ilini çəkiblər. Əfvetmə haqqında əsasnamə isə ağır və xüsusilə ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum edilmiş məhkumların cəza müddətinin ən azı yarısını çəkdikdən sonra əfv üçün müraciət edə biləcəyini şərtləndirir.

Bununla yanaşı, Əsasnamə məhkumun törətdiyi cinayət əməlinə münasibətinin Komissiya tərəfindən onun əfvetməyə tövsiyə olunması qərarının çıxarılması üçün əsaslar sırasına daxil edir. Lakin keçmiş MTN-çilər onlara qarşı sürülən bütün ittihamları rədd ediblər. Akif Çovdarov və Sübahir Qurbanovun əfvetmə üçün tələb edilən şərtlərin ziddinə olaraq cəzanın çəkilməmiş hissəsindən azad edilməsi Cinayət Məcəlləsi və Əfvetmə haqqında Əsasnamənin müdəalarına ziddir.

  •  (3)
  •  (2)