Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hokm.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.
İttihama görə, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İstintaq sənədlərinə görə, Rövşən Əkbərov 2001-ci ildə Müdafiə Nazirliyi tərəfindən Ukraynaya 95 günlük xidməti ezamiyyətə göndərilib. Həmin il mayın 31-də gecə 3-4 radələrində Kiyev şəhərində yerləşən “Sikora” kafesində tanışları Elçin Əliyev və Məzahir Şıxaliyevlə içki məclisində olub. Rövşən Əkbərov sərxoş vəziyyətdə həmin şəxslərin ona qarşı hörmətsizlik etdiyini, onu tanımadıqları ilə bağlı etirazını bildirib. O, Elçin Əliyev və Məzahir Şıxalıyevlə mübahisə edib. Bu zaman kafenin rəhbərliyi onları oradan çıxarıb. Tərəflər mübahisələrini çöldə davam etdiriblər. Rövşən Əkbərov Məzahir Şıxalıyevə yumruqla zərbələr vurub. Daha sonra avtomobilinə yaxınlaşaraq bıçaq götürüb. Həmin bıçaqla Elçin Əliyevə xəsarət yetirib. Xəsarət nəticəsində Elçin Əliyev hadisə yerində ölüb.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib. İttihama münasibət bildirən Rövşən Əkbərov özünü təqsirli bilməyib. Qeyd edib ki, bu hadisənin ona heç bir aidiyyəti yoxdur: “Bir nəfər deyə bilməz ki, mən bu hadisəni törətmişən. Deyilən hadisədən 20 il keçib. Bu illər ərzində ortaya bir dənə olsun sübut qoyulmayıb. İttihamda yazılanlar sanki bir filmdir”.
Daha sonra Rövşən Əkbərova ifadə vermək təklif olunub. O hazırkı mərhələdə ifadə verməyib. Qeyd edib ki, iş üzrə olan şahidlər burada ifadə verəndən sonra sözünü deyəcək.
Prosesdə zərərçəkən Elçin Əliyevin hüquqi varisi, atası Fədai Əliyev ifadə verib. O qeyd edib ki, Elçinin ölüm xəbərini hadisə günü gecə saat 5-də alıb: “Həmin gündən bəri hər günümüzü o gün kimi keçiririk. Həmin gün evimizə yüzlərlə adam gəldi. Cənazənin dalınca özüm də gedəcəyimi bildirdim. Nazim İbrahimov (həmin dövrdə Azərbaycanın Ukraynada səfiri olub və onda sonra bir müddət Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb – red.) və Səməd adlı dostları dedi ki, özümüz gətirəcəyik. Mən Səmədin Kiyevdəki qardaşı Mədəyə zəng elədim. Soruşdum ki, oğlumu kim öldürüb. Səmədin qardaşı mənə dedi ki, Elçini general Rövşən öldürüb. Yasda iştirak edən hamı bundan xəbərdar oldu. Mən yası yola verən kimi Kiyevə gedib, 3 il bu məsələni araşdırmışam. Səfirliyin, kafenin işçiləri hamısı mənə orada dedi ki, Elçini Rövşən öldürüb. Mən başa düşürəm ki, insanlar arasında söz-söhbət olar. Lakin kişi elədiyini danmaz. Öldürübsə də, desin ki öldürmüşəm. Əgər mənim oğlumun günahı olsaydı, burada olmazdım. Günahı olsaydı, qanını halal edərdim. 3 il işi istintaq kimi aparmışam. İstintaqa verdiyim ifadələrə başımla cavabdehəm. Əgər dediklərim səhv olsa, məni güllələyin”.
Fədai Əliyev bildirib ki, Kiyevdə bu işlə bağlı 50 nəfərlə danışıb: “Hamısı Rövşənin adını deyirdi. Bilirsiniz ki, Kiyevdəki səfirliyin yaranmasında Elçinin əməyi var. Binanın yerini də Elçin verib. Hətta maşın belə hədiyyə verib. Məsələni araşdıran zaman dedilər ki, həmin gün axşam saat 12-də hamısı səfirlikdə olub. Yeyib-içiblər. Biri kabab bişirib, biri çay qaynadıb. Sonra 3 radələrində dağılışıblar. Elçin səfirliyin yaxınlığında yaşayırdı. Məzahirlə səfirlikdən çıxandan sonra evin yanındakı kafedə oturub pivə içiblər. Həmin vaxt Rövşən də ora gəlib. Elçin Rövşəni masasına qonaq çağırıb. Pivə içiblər. Aralarında samovar qaynatmaq məsələsinə görə mübahisə düşüb. Kafedəkilər onları çölə çıxarıb. Sonra Rövşən bıçaqla oğlumu durduq yerdə vuraraq öldürüb”.
Prokurorun suallarını cavablandıran hüquqi varis qeyd edib ki, hadisə ilə bağlı ilkin olaraq Qüdrət Əhmədov saxlanılıb: “Qüdrəti hadisədən sonra tanımışam. Bu iş üzrə 1 aydan artıq saxlanılıb. O da oğlumun dostu olub. Qüdrət çölə çıxandan sonra mənə dedi ki, Rövşən ona qətli üstünə götürmək üçün 40 min dollar və 3 otaqlı mənzil təklif edib. O da Rövşənin təklifini rədd edib”.
Növbəti proses avqustun 25-də davam edəcək.publika.az