Rusiyanın xalq artisti Lyubov Uspenskayanın Bakıda keçirəcəyi konsert ləğv edilib.
Gundem.az-ın məlumatına görə, konsertin biletlərinin iTicket platforması üzərindən satışı dayandırılıb.
Məlumata görə, Uspenskayanın Bakıda konsert verəcəyindən xəbər tutan onlarla azərbaycanlı Mədəniyyət Nazirliyinə kütləvi şikayətlər ediblər. Həmin şikayətlərdə Uspenskayanın hər zaman ermənipərəst mövqedən çıxış etdiyi, Vətən müharibəsi zamanı bu dövlətiin mövqeyini müdafiə etdiyi bildirilib. Nazirlik isə ictimai rəyi nəzərə alaraq konserti ləğv etmək məcburiyyətində qalıb.
Məlumata görə, xanım müğəninin konsertinə biletin ən aşağı qiyməti 60 manat təşkil edib.
L. Uspenskaya 24 fevral 1954-cü ildə Kiyevdə (Ukrayna) anadan olub. Doğuş zamanı anasını itirən L. Uspenskayanı nənəsi və atası böyüdüb. Kiyevdə musiqi məktəbini bitirən L. Uspenskaya burada ilk mahnılarını Qriqori Balberlə yazmağa başlayıb. O, 17 yaşında Ermənistana gedib və orada bir neçə il çalışdıqdan sonra Moskvaya yollanıb. 1978-ci ildə həyat yoldaşı Yuri Uspenski ilə İtaliyaya, 1990-cı ildə isə ABŞ-a (Los-Anceles) köçüb. Müğənni ilk albomunu (“Lyubimıy”) 1985-ci ildə yazıb. Həmin albom ona SSRİ-də və ABŞ-da populyarlıq qazandırıb. Daha sonra müğənni yenidən Moskvaya köçüb və hazırda da orada yaşayır. L. Uspenskaya bir neçə dəfə “İlin şansonu” mükafatına layiq görülüb.