Masazırda gənc oğlan tək yaşayan bacısına dəhşət yaşatdı – TƏFƏRRÜATbackend

Masazırda gənc oğlan tək yaşayan bacısına dəhşət yaşatdı – TƏFƏRRÜAT

Abşeron rayonunda bacısına xəsarət yetirməkdə ittiham olunan Şəmkir rayon sakini, 1993-cü il təvəllüdlü Asif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hokm.az-ın  məlumata görə, Asif Məmmədov Abşeron rayonu, Masazır kəndi, Fərman Kərimzadə küçəsi 44 saylı evdə bacısı Aynur Məmmədovanın tək yaşamasına narazı olması səbəbindən aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Asif Məmmədov Aynur Məmmədovanı döyərək, ona xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Asif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Asif Məmmədovun ifadəsinə görə, Aynur onun doğma bacısıdır: “Aynur 5 ildir ki, Masazır qəsəbəsində evdə tək yaşayır. Onun tək yaşamasına narazıyam. Bununla bağlı ona dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, Aynur mənə qulaq asmayıb. Bu səbəbdən aramızda narazılıqlar olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Aynur Məmmədova 2019-cu ilin payız aylarında iki ay müddətində evli olub və  sonra isə boşanıb: “Aynur boşandığına baxmayaraq, tək yaşadığına görə aramızda narazılıqlar davam etdi. Lakin Aynur mənimlə danışmaqdan boyun qaçırdı. Hadisə baş verən günü, saat 20.30 da Aynurun yaşadığı evinə getdim. Onu gözləyərək, saat 21 radələrində hərbi vəziyyət rejim tələblərini pozmamaq məqsədilə bacıma məxsus fərdi yaşayış evinin həyətinə darvazadan daxil oldum. Evin qapısı bağlı olduğu üçün zirzəmidə gözlədim. Təxminən 1 saat sonra Aynur gəldi, işığı yandıran kimi məni zirzəmidə gördüm. Ondan evdə danışmağı xahiş etsəm də, lakin Aynur ucadan qışqırmağa başladı. Həmin vaxt onun ağzından tutaraq, əlindən açarı aldım, qapını açdım və birlikdə evə daxil oldum. Evə daxil olandan sonra Aynur yataq otağına qaçdı və qapını arxadan bağladı. Danışmaq üçün otağın qapısını sındırdım. Həmin vaxt Aynur telefonla zəng vurmaq istəyərkən, onun əlindən mobil telefonu aldım. Əvvəlcə qolundan sıxdım, daha sonra üz nahiyyəsindən şillə ilə iki dəfə vurdum. Daha sonra oradan getdim”.

Asif Məmmədovun sözlərinə görə, sonradan Aynurla barışıb, əməlindən peşmançılıq çəkir. O, barəsində olan cinayət işin xitam olunmasını xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aynur Məmmədova bildirib ki, qardaşının etdiyi hərəkətlər barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermək istəyib, amma qardaşı buna mane olub: “102 xidmətinə zəng vurmaq istəyərkən Asif qapını sındırdı və mobil telefonumu əlimdən aldı və zəng etməyimə mane oldu. Bundan sonra Asif şillə ilə üzümün sağ nahiyyəsindən iki dəfə vurdu. Mənim səs-küy saldığımı görən Asif evdən getdi. Asif sındırdığı qapını 400 manata almışam. O, qapını sındırması nəticəsində tam yararsız vəziyyətə düşüb. Asif qapını sındırması nəticəsində mənə 400 manat maddi ziyan dəyib. Hazırda Asiflə barışmışam, ona qarşı heç bir şikayətim yoxdur”.

Bu cinayət işi Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılıb.

Asif Məmmədovun barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.Demokrat.az

  •  (0)
  •  (0)