İş sektorunda rus dili tələbi: maneə, yoxsa zərurətbackend

İş sektorunda rus dili tələbi: maneə, yoxsa zərurət

Bugün ölkədə iş elanlarının əksəriyyətində əsas tələblər sırasında xarici dil biliyi irəlidə gəlir. Elan saytlarına göz gəzdirdikdə iş axtaranlardan xüsusilə də rus dilini bilmələrinə önəm verdiklərini görmək olur. 

Şirkətlər nə deyir

Məsələn, “PashaBank” kreditlərin strukturlaşdırılması üzrə mütəxəssis axtarışındadır və əsas tələbləri arasında xarici dil bacarığı da var. “Toplum TV” əməkdaşı cəhdlərinə baxmayaraq məsələ ilə bağlı qurumdan mövqe ala bilməyib.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis axtaran “Kontakt Home”-un da zəruri tələbləri sırasında Azərbaycan və rus dillərində “mükəmməl şəkildə yazılı və şifahi ünsiyyət qurmaq bacarığı” qeyd olunur. Şirkət əməkdaşları bununla bağlı sualı cavablandırmaq üçün bir saata geri zəng edəcəklərini desələr də, əlaqə saxlamayıblar.

“Toplum TV” bir neçə şirkətdən cavab almağa çalışıb, amma bu mümkün olmayıb.

Mütəxəssis: “Karyera yolunda maneədir”

26 yaşlı Təhminə Əliyeva pandemiyaya qədər turizm sektorunda çalışıb, amma bu sektorda böhran yaşandığı dövrdə ordan uzaqlaşmalı, yeni iş axtarmalı olub və bu zaman yeni tələblə qarşılaşıb.

“Mən ingilis dilini çox yaxşı bilirəm. Buna çoxlu vaxt və pul xərcləmişəm. Ancaq indi işəgötürənlər ingilis dili ilə yanaşı rus dilini bilməyi tələb edirlər. Hətta bəzən deyirlər ki, ingilis dili olmasa da olar, əsas rus dilidir. Bu tələbin qoyulmasının səbəbini bilmirəm. Mən ingilis dilini öyrənməyə xeyli vaxt sərf etmişəm, indi üstəlik rus dili də öyrənməliyəm. Əslində məcbur qalıb öyrənməyə başlamışam da” – iş axtaran gənc qadın deyir.

Dəyanət Ağayev – Açıq mənbələrdən götürülüb

İnsan Resursları üzrə mütəxəssis Dəyanət Ağayev sözügedən tələbin əmək bazarında xeyli insanın karyera yolunda böyük maneələr törətdiyini vurğulayır. O, ölkədə bu məsələni tənzimləyən qanunvericilik olmadığına toxunaraq insan resursları mütəxəssislərinin üzərinə böyük yük düşdüyünü bildirir.

“İlk növbədə vakant vəzifənin tələbləri düzgün analiz olunmalıdır. Həqiqətən dil bilikləri olan kadrlara ehtiyac olub-olmaması araşdırılmalıdır. Yalnız bundan sonra dil biliyinin vakansiya üçün şərt olması, üstünlük olması və ya heç lazım olmaması müəyyənləşə bilər”.

“Bu ilk növbədə elə müəssisənin özünə zərərdir” 

Dəyanət Ağayev hesab edir ki, dil biliyi bacarığı hər bir əmək bazarında olan şəxs üçün üstünlük olsa da, vacib deyil.

“Öz sahəsində inkişaf etmək, peşəkarlığını artırmaq üçün dil bilikləri insanlara xarici informasiyalara çıxış imkanı verir, əlavə şanslar yaradır. Lakin müəssisələr bu məsələdə diqqətli olmalıdırlar. Əgər vəzifənin yerinə yetirilməsi üçün dil biliyi vacib amil deyilsə, o zaman bunu namizədlərə şərt kimi qoymaq olmaz. Bu, ilk növbədə elə müəssisənin özünə zərərdir ki, dil biliyi olmayan çoxlu peşəkar işçilərdən məhrum olacaqlar”.

“Qanunda elə bir məhdudiyyət yoxdur ki, ancaq Azərbaycan dili bilən adamlar işə götürülməlidir”

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev isə “Toplum TV”-yə açıqlamasında heç də bütün iş yerlərində rus dilinin tələb edilmədiyini bildirir.

“Şirkət xarici ölkələrlə işləyirsə, rus dili biliyi olan mütəxəssis tələb etməyə haqqı var. Bunu qanun qadağan etmir və heç kəs bunu həmin işəgötürənə irad tuta bilməz”.

Musa Quliyev – Rəsmi səhifə

Deputatın sözlərinə görə, elanda göstərilən heç də bütün tələblər işəgötürülənin gələcəkdə yerinə yetirməli olduğu vəzifə öhdəlikləri demək deyil.

“Vəzifə öhdəlikləri işəgötürənlə işəgötürülən arasında bağlanan müqavilədə ortaya çıxır. İşəgötürən hansı şərti irəli sürürsə, işçi ya qəbul edir, ya da əksinə. Əmək Məcəlləsində və ya başqa məşğulluq haqqında qanunda elə bir məhdudiyyət yoxdur ki, ancaq Azərbaycan dili bilən adamlar işə götürülməlidir və ya ancaq ana dili bilmək kifayətdir”-, M.Quliyev deyir.

“Rəhbər şəxsin “dilində” danışılır”

Sözügedən mövzuda danışan biznes üzrə məsləhətçi Rafiq Hunaltay isə dil biliklərinin əlavə üstünlük kimi yazıldığını, iş müsahibələrində namizədə o qədər də ciddi maneə yaratmadığını bildirir.

“Əksər hallarda idarəetmədə xarici dildə danışan rəhbər şəxs olduqda onun “dilində” danışılır. Bəzən isə xarici ölkələrlə əlaqələri olan şirkətlər daxildə prosesləri sürətləndirmək və hansısa əlavə vaxt aparacaq tərcümələrə ehtiyacın olmaması üçün kadrların xarici dil bilməsinə üstünlük verirlər. Əlbəttə, bu başadüşüləndir, amma sui-istifadə edilməməlidir. Yəni bu iş prosesindən kənara çıxmamalıdır. Nəyə görə iki azərbaycanlı nahar fasiləsində xarici dildə danışmalıdır ki?” – R.Hunaltay sual edir.

Rafiq Hunaltay – Sosial Media

Amma onun sözlərinə görə, belə halların azaldılması üçün işəgötürənlərə heç bir administrativ təzyiqlər göstərilə bilməz: “Çünki işəgötürən ona hansı keyfiyyətlərə malik kadrlar lazım olduğunu özü təyin edir ki,”.

O hesab edir ki, rus dili məsələsində sadəcə sosial qınaq metodundan istifadə etmək daha düzgündür və işəgötürənlər mütləq Azərbaycan dilinə hörmət etməlidirlər.

  •  (0)
  •  (0)