Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Hazırda proses nə yerdədir, edam nə vaxt baş tutacaq?
Hokm.az xəbər verir ki Məsələ ilə bağlı Modern.az-a danışan Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, hələ ki edam günü ilə bağlı onlara heç bir məlumat verilməyib:
“Edam günü ilə bağlı bizdə heç bir məlumat yoxdur. Ailə üzvlərinin edam tələbi ilə əlaqədar ərizə yazmalı olduğunu dedilər. Ərizəni yazıb göndərdik. Təbrizdəki Baş konsulun adına etibarnamə yazdıq ki, İranda bütün məsələləri adımızdan həll etsin. Sənədlər hazırlayıb vermişik”.
R.Əsgərov kompensasiya tələbi məsələsinə də toxunub:
“2023-cü ildə İrandan nümayəndə heyəti gəlmişdi. Nümayəndə heyətinin rəhbəri İranın baş prokurorunun müavini idi. Məni və kiçik oğlumu dəvət etmişdi. Baş prokurorun müavini İran dövləti adından üzrxahlığını bildirdi, başsağlığını çatdırdıqdan sonra dedi ki, İran qanunvericiliyinə görə, öldürülən şəxsin ailəsi ya kampensasiya, yaxud da edam tələb edə bilər. Bizim də, şəxsən mənim tələbim edam oldu. Məsələ birdəfəlik bağlanıb. Bizim mövqeyimizin qəti olduğunu gördülər”.
Orxanın atası onun dostlarının daim onlarla maraqlandığını da söyləyib: “Bəli, mütəmadi zəng edirlər, ailəsinə baş çəkirlər, mənə zəng edirlər. Onların hamısının atasını da tanıyıram. Orxanın iş yoldaşları bizimlə həmişə maraqlanırlar”.