İkinci Qarabağ Müharibəsi və Erməni-Haydat ideologiyasının tənəzzülübackend

İkinci Qarabağ Müharibəsi və Erməni-Haydat ideologiyasının tənəzzülü

Bu yazı tarixən və ideoloji əsaslarla ermənilərin din və mədəniyyət savaşını necə apardıqları, hansı strategiyalar izlədikləri haqqında olacaq. Bu kontekstdə, erməniləri Qafqazda Xristianlığın varisləri imiş kimi göstərən və etno-kultural olaraq onları Qafqazın əsl sahibləri kimi təqdim edən, istilaçı və ekspansionist bir təfəkkürün məhsulu Haydat ideologiyasının əsasları üzərində dayanılacaq.

      Haydat ideologiyasının istilaçı din və mədəniyyət strategiyası           

Məlum olduğu kimi erməni iddia və fəaliyyətlərinin demək olar ki hamısı Kilsə tərəfindən formalaşdırılıb  və həyata keçirilib. Əslində bu xüsusda erməni millətindən, dövlətindən və ya tarixindən deyil, Qriqoriyan kilsəsindən və ən əsası Kilsə dövlətindən bəhs edilməlidir. Ermənilər öz kilsələrini üçün “erməni millətinin can verilən ruhunun yenidən dünyaya gəlməsi üçün yaşadığı vücud”  adlandırırlar (1). Erməni Kilsəsi mövcudluğunu qoruya bilmək üçün bir qüvvəyə bir siyasi-idari struktura ehtiyac duyub və beləliklə, erməni dövləti fikrini erməni milləti deyil, Qriqoriyan kilsəsi meydana çıxarıb.

Bəs erməni, daha doğrusu hay milləti ilə Qriqroiyan Kilsəsi arasındakı tarixi bağın mahiyyəti nədir? Həqiqətən Qriqoriyan Kilsəsi hayların milli kilsəsidirmi? İlk öncə onu vurğulamaq lazımdır ki, Ermənistanda tarixi olaraq və bugün də monomiliətçi siyasət yürüdülməkdədir. Monomillətçilik təkmillətli cəmiyyətin hədəflənməsi, etnik azlıqlara öz identiklərini qorumaq şansının verilməməsi və onların fiziki yaxud kultural olaraq yox edilməli olduqları düşüncəsidir (2).

Ermənistan adlanan coğrafi bölgədə bir tək etnikliyin deyil, bir çox etnik qrupların bir yerdə yaşadığı və hər birinə “ermənistanlı” deyildiyi tarixi reallıqdır. Lakin sonradan “erməni” adını öz inhisarına alan hay qövmü həm bölgədə, həm də Qriqoriyan kilsəsi daxilində çoxluğu təşkil etməyə başladı. Erməni adlandırılan Qriqoriyan kilsəsi müzvləri əslində Müqəddəs Qreqorun Xristianlıq təfsirinin bir yerə gətirdiyi yunan, irandilli, hay və arami kimi bir topluluq olduğu qənaətinə gəlmək mümkündür (3).

Hay-erməni etnosu bir etnik identikliyi deyil, Qreqoriyanlığı qəbul edən xalqlardan (albanlar, aysorlar, yezidilər, qıpçaq türkləri) formalaşmış müxtəlif, kompleks və heterogen simbiozisi təmsil edir. Bu o deməkdir ki, ermənilər bir etnos deyil, dini identiklikdir. Hay-erməni dilinin 11 qrup və 44 şivəyə bölünməsi də qeyd edilən reallığı linqvistik perspektivdən təsdiqləyir. Fransız antropoloqu Jozef Deniker də qeyd edir ki, ermənilər müxtəlif elementlərdən – qıpçaq türkləri, assuriyalı, əfqan – təşkil edilən qarışıq bir irqi topluluqdur (4).

Qriqoriyan Kilsə topluluğunun formalaşdığı ilk dövrlərdə “erməni milləti”ndən bəhs etmək mümkün deyildir. Qriqoriyan məzhəbinin qurucusu olan Müqəddəs Qreqor hay qövmünə mənsub deyil, parfiyalıdır. Bundan əlavə, hay qövmünün yazı dili olmadığından Müqəddəs Qreqor Xristianlığı yaymaq üçün yunan və arami dillərindən istifadə edib (5). Qısacası, Xristianlığın Qriqoriyan məzhəbi tarix səhnəsinə çıxmazdan öncə, bu məzhəbin meydana çıxıb yayıldığı coğrafiyada müxtəlif etnik qruplar yaşayırdı. Müqəddəs Qreqorun moizəsini oxuyub ona inananlara “qriqoriyan” deyilməyə başlandı. XIX əsrin ikinci yarısında isə qeyd edilən məzhəb daxilində özlərinə “hay” (hayk) adı verən topluluq Qriqoriyan kilsəsi məzhəbinə təkbaşına sahib olmağa cəhd edir. Bu dövrə qədər ermənilər bir millət olaraq deyil, Qriqoriyan topluluğu olaraq yaşayıblar. Qərbin missioner fəaliyyətləri bu topluluğa “erməni milləti” fikrini inyeksiya etdikdə ilk erməni milli şüurlanması bu topluluqda ortaya çıxdı. Hayların Qriqoriyan topluluq mədəniyyətində payı olan digər etnik qrupları və onların dini-mədəni irsini tamamilə silməyə nail olmaları ilə yalnız onlar erməni olaraq adlandırılmağa başlandı. Qısacası, müxtəlif xalqların “erməni” şəmsiyəsi altında assimilyasiya edilməsində hərəkətverici güc Qriqoriyanlıq oldu.

Bununla da, Qriqoriyan kilsəsinin erməni milli kilsəsi olduğu tezisi ermənilərin monomillətçi təməl üzərində təşkilatlanmasını gücləndirmək üçün ortaya atılıb. Beləliklə, ermənilər albanların formalaşdırdığı Xristianlıq mədəniyyətinə yiyələnməklə kifayətlənməyib, Qriqoriyan kilsəsi daxilindəki etnik qrupların mədəni dəyərlərinə də sahiblənmişlər.

Erməni din və mədəniyyət idoelogiyası və strategiyasının ana xətləri çərçivəsində Albanların yeri nədir? Yaxud da, Qriqoriyan məzhəbi və Xristianlıqdan ekspansionist Haydat ideologiyası üçün istifadə edən erməni din-mədəniyyət strategiyası perspektivindən Albanların önəmi nədən ibarətdir?

Albaniya şimalda Dərbənd, cənubda Araz çayı, qərbdə İberiya, şərqdə isə Xəzər dənizi ilə sərhədlənən bir coğrafiya idi. Albanlar bu coğrafiyada yaşayan 26 etnik qrupdan ibarət bir konfederasiyanı təmsil edirdilər. Albanların tarixinin detallı şəkildə tədqiq edilməsi tarixin müxtəlif dövrlərində dövlət, cəmiyyət və mədəniyyət strukturlarının aşkara çıxarılması, Cənubi Qafqazın ümumi etno-kultural görünüşünü, mədəni interkasiyaların sərhədlərini müəyyən etmək üçün son dərəcə əhəmiyyətlidir. Çünki albanlar Cənubi Qafqzın böyük bir hissəsini kiçik fasilələrlə, e.ə. III əsrdən, eramızın VIII əsrinə qədər öz hakimiyyətləri altında saxlayıblar (6).

Erməni iddialarına görə isə, Azərbaycan torpaqları Orta Əsrlərin əvvəllərində Kür çayının şimalında yer alırdı. Yəni, Kürün sol tərəfi ilə Araz arasında qalan bölgə (və əlbəttə ki, Qarabağ) erməni torpaqları idi. Bölgə bütövlükdə Albaniyaya daxil olsa da, xəyali “Böyük Ermənistan”ın şərq bölgəsi hesab edilməyə davam etmişdir (7). Ermənilər üzərində xəritələr cızdığı tarixən qeyri-real və illüziyonar “Böyük Ermənistan” anlayışı isə I Artaşes və II Tiqran dövrlərinndə Roma imperiyasının daxilindəki qeyri-sabitlikdən faydalanılaraq e.ə. 93-66-cı illər arasında sərhədləri müəyyən qədər genişlənmiş “Erməni krallığı” ilə bağlıdır. Lakin Pompey imperiyadaxili stabilliyi bərpa edər-etməz bu “məhəlli müstəqilliyə” son qoymuşdur.

Qeyd edilən iddialar Erməni Kilsəsi tərəfindən Haydat ideologiyasını reallaşdırmaq üçün qonşu ölkə torpaqları üzərində heç nədən var edilən illüziyonar haqq iddialarıdır. Erməni mənbələri də daxil olmaqla, o dövrə aid heç bir mənbədə Kürün nə sağında, nə də solunda erməni mövcudiyyətindən bəhs edilmir.

Albanların mövzumuz baxımından əhəmiyyəti Qafqaz bölgəsinin ilk xristianları olmalarıdır. Albaniyada Xristianlığın tarixi həvarilər (apostollar) dövrünə qədər uzanır. Buradakı ilk Xristian vaiz Elisey Şəki şəhəri ətrafında Qafqazın ilk Kilsəsini inşa etmişdir. Onun başlatdığı Xristianlaşma prosesini alban kralı Urnair davam etdirib. Həm, Albaniyada, həm də Ermənistanda Xristianlıq Milan fərmanının (ediktum) yaratdığı uyğun beynəlxalq mühitdə geniş yaıyılıb və Albaniyada dövlət dini elan edilib. Buna görə də, Ermənistanı Qafqazda Xristianlığı mənimsəyən ilk dövlət olaraq qəbul etməyə heç bir tarixi səbəb yoxdur. Roma siysətinə uyğun olaraq Ermənistanda xristianlar təqib olunarkən, Xristianlıq dininin kökünün daha qədim olduğu Albaniyada Kilsələr inşa edilib, Bibliya albancaya çevrilib və bu din ilə bağlı önəmli əsərlər yaradılıb (8).

Qafqazda ərəb işğalı dövründə isə Qriqoriyan kilsəsi ilə Alban kilsəsi arasındakı məzhəb toqquşmasından istifadə edən erməni katolikosu Yelia xəlifəyə göndərdiyi məktubda onunla eyni dinə mənsub olduğunu və Alban katolikosunun Bizans imperatoru ilə gizli razılaşma imzaladığını, hətta Alban dini ayinlərində Bizans imperatoruna dua edildiyini yazırdı. Bundan sonra, ərəb ordusunun dəstəyi ilə Bərdəyə daxil olan Yelia müstəqillik tərəfdarı olan albanları amansızlıqla qətl etməklə yanaşı, albanca dini ədənbiyyatı da tamamilə yox etdirdi. Yelianın əmri ilə alban katolikosu Nerses edam edildi (9). Beləliklə, albanların müstəqilliyinə son qoyuldu və alban katolikosluğu Qriqoriyan katolikosluğuna tabe edildi. Bu tarixi hadisə albanların etnik identikliyinin yox olmasının və bir qisim albanların tədricən qriqoryanlaşması – erməniləşməsinin başlanğıcı oldu. Dini mətnlərin ermənicə yazılması və dini ayinləri ermənicə icra edilməsi ilə alban dili də sıxışdırılmağa başlandı. Nə qriqoriyan, nə də müsəlman olmaq istəyən digər qisim albanlar isə Qarabağın dağlıq bölgələrində həyatlarını davam etdiriblər.

1909-1910-cu illərdə Qriqoriyan Kilsəsi Rusiyanın izni ilə Alban kilsəsinin arxivlərini məhv etdi və bununla da, Alban dini külliyatı ortadan qaldırıldı. Bu o demək idi ki, erməni qirqoriyan ruhaniləri Alban xristian abidələrini yıxmağa və bu mədəniyyəti tarixdən silməyə başlamışdılar artıq. Alban məbədləri üzərindəki orijinal mətnlər silinərək üzərində ermənicə mətnlər həkk edildi. Bu gün albanlarla bağlı olan bir çox orijinal tarixi sənədlərin bir qismi İrəvanda gizli saxlanılmaqdadır (10). Bu, misligörülməmiş bir tarix və mədəniyyət oğurluğudur.

Qeyd edilən tarixi hadisələr kontekstində, Qarabağ albanları dini-mədəni və etnik identikliklərini itirdilər. Qarabağda müstəqil Alban Kilsəsi mövcudluğunu 1836-cı ilə qədər davam etdirə bilib. Bu o baxımdan zəruridir ki, mövzu Qarabağ olduqda Xristianlıq haqqında mübahisələr Qarabağ torpaqlarının sahibliyi üzərində tarixi bir haqq iddiasına çevrilir. Alban Xristian irsinin erməniləşdirilməsi ermənilərin işğal etdikləri Azərbaycan torpaqlrındakı tarixi haqq iddialarını legitimləşdirmək üçün istifadə edilib. Belə ki, ermənilər 1978-ci ildə Qarabağa gəlişlərinin 150-ci ili münasibətilə qurduqları Ağdərə abidəsini azərbaycanlılar və ermənilər arasında toqquşmaların başlanmasından sonra, 1988-ci ildə tamamilə məhv ediblər (11). Çünki bu “Qarabağda ermənilərin yüzillər boyu yaşadığı” mifini aradan qaldıra bilərdi.

Ermənilər xristianlaşmalarının tarixini olduğundan daha qədim, adi kilsələrini isə Apostol kilsəsi olaraq təqdim etməklə “seçilmişiklik” və “üstünlükləri”ni isbat etməyə çalışırlar. 2000-2001-ci illərdə Xristianlığı qəbul etmələrinin 1700 illiyini qeyd edən ermənilər Qarabağdakı tarixi alban abidələrini erməni abidələri olaraq dünya ictimaiyyətinə tanıtmaqla bu falsifikasiyanı ekspansionist əməllərinə alət ediblər.

 

Nəticə olaraq, ermənilik ideologiyası və onun strategiyasının ana hədəfləri və bu strategiya əldə etikləri “uğurlar”ı belə sıralamaq olar:

Xristianlığı sahiblənmək, xüsusən də Qafqazda özlərini Xristianlığın qalası kimi görmək, Xristianlığın ekspansiyasında təzyiqlərə sinə gərən “şəhid millət” obrazını yaratmaq (12).

Alban tarixi  və mədəniyyətini öz adlarına çıxmaq

Haydat ideologiyası çərçivəsində “Böyük Ermənistan” xəyalını reallaşdırmaq üçün Xristianlığa ən çox xidmət etmiş köklü bir tarixə sahibi millət olaraq özlərini dünyaya nümayiş etdirməkMonomillətli və təkməzhəbli erməni mili təşkilatlanmasını lügitimləşdirmək və gücləndirmək. Ermənistanın keçmiş baş naziri Andranik Marqaryan 2003-cü ildə verdiyi müsahibəsində Ermənistan Respublika Partiyası ideologiyasının millətçi Qaregin Njdenin “Tseqhakron” (“milli din”, real olaraq isə erməni rasizmi) doktrinasına əsaslandığını bildirirdi (13). Bu kəskin dərəcədə monomillətçi doktrina falsifikasiya edilmiş tarixi reallıqlar üzərində güclü erməni milli dövlətini qurmağı və gücləndirməyi, habelə “qriqoriyan dəyərləri”ni bütün dünyaya “sülh və qurucu” dəyərlər olaraq tanıtmağı hədəfləyir.

Azərbaycan, həm də Türkiyəyə qarşı aparılan etnik savaşda Xristian dünyasının dəstəyi və simpatiyasını qazanmaq, və bununla ekspansionist siyasi niyyətlərini ört-bas etmək. 1915-ci il hadisələrinin “soyqırım” kimi mifləşdirərək bu savaşda ən mühüm alətə çevirdilər.

Dünyanın müxtəlif yerlərindəki erməni lobbilərini İrəvana daha sıx bağlamaq.

Birinci Qarabağ Müharibəsi bu hədəflər üzərində Ermənistan istilaçı niyyətini miflərə əsaslı milli ideologiyasına daha da stimul verdi. Bununla yanaşı, “məğlubedilməz erməni ordusu” mifi formalaşdırıldı. İşğal edilmiş ərazilərimizdən başqa, Ermənistan rəhbərliyi digər bölgələrimizə də ərazi iddiaları irəli sürürdü.

Bütün perspektivləri ilə Haydat ideologiyasının destruksiyas

Erməni avantürizmi və təxribatlarına cavab olaraq Azərbaycan ordusunun 2020-ci il, 27 sentyabrda başladığı və hal-hazırda da davam edən əks-hücum əməliyyatları ermənilərə onillər boyu inyeksiya edilən miflər və ideologiyanı darmadağın etməkdədir. Ordumuzun qısa müddətdə əldə etdiyi böyük uğurlar və hərbi dominantlıq qarşısında Ermənistan baş naziri N.Paşinyanın yardım üçün qapılarını döydüyü xristian dövlətlərinin heç birisinin Ermənistana real dəstək verməməsi (diplomatik anlamda Fransa və Yunanıstan istisna edilə bilər) onu sübut etdi ki, ermənilər heç də Xristian dünyasının simpatiyası və dəstəyini qazanan, bu dinin qalası olaraq  xidmət edən “şəhid millət” deyil.

Üstəlik, hərbi əməliyyatların gedişində Ermənistan silahlı qüvvələrinin cəbhədən xeyli uzaqda yerləşən Gəncə şəhərində mülki əhali və obyektlər üzərinə SKUD/Elbrus tipli raketlərlə iki dəfə hücum etməsi “erməni-qriqoriyan dəyərləri”nin heç də sülh və bəşəri dəyərlər olmadığını, tamamilə əksinə, erməni milli dövlətinin mülki insanlara qarşı terror və müharibə cinayətlərinə əl ata bilən barbar xarakterini nümayiş etdirdi. Katolikos II Gareginin  bütün erməniləri “vətənin müdafiəsi” uğrunda müqəddəs müharibədə birləşməyə çağırması və “Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz” (14) ifadəsini bəyan etməsi erməni kilsəsinin Ermənistan dövlətinin təcavüz və işğal siyasətinin davam etdirilməsində “ilhamverici missiyası”nı bir daha təsdiqlədi.

İllər boyu “Azərbaycan ordusu bizə hücum edə bilməz”, “məğlubedilməz erməni ordusu” kimi miflər də tamamilə aradan qaldırıldı. Azərbaycan ordusunun döyüş qabiliyyəti, taktiki və strateji həmlələri qarşısında bütün cəbhələrdə katastrofik məğlubiyyətlərlə üzləşən eməni ordusunda baş qaldıran kütləvi fərarilik bu mifi ermənilər üçün acınacaqlı şəkildə dağılır.

N.Paşinyanın qondarma “soyqırım” iddialarını dünya gündəmində aktullaşdırmaq üçün hərbi əməliyyatların ilk günlərində sosial media hesabı vasitəsilə “Türkiyə 100 il sonra erməni soyqrımını davam etdirmək üçün Qafqaza qayıdır”, “Ermənistan və ermənilər Türkiyənin şimala və şimal-şərqə doğru imperialist ekspansiyası qarşısında yeganə səddir” (15) kimi bəyanatları da işğalçı dövlət üçün heç bir effekt doğurmadı. “Erməni soyqrımı”nın  yeri gəldiyi zaman müəyyən Qərb dövlətlərinin Türkiyəyə qarşı bir təzyiq alətindən başqa heç nə olmadığı bir daha təsdiqləndi.

İşğaldan azad edilən rayonlar və onların kəndlərindən hazırlanan video görüntülərdə müşahidə edilən baxımsızlıq və viranəlik eyni zamanda “qurucu erməni” ideologiyasını da total şəkildə darmadağın edir. Onların istilaçı olmaqla yanaşı, necə destruktiv xislətə malik olduqları də sübuta yetirir.

Bu gün yaşanan Ermənistan dövlətinin hərbi baxımdan çöküşündən daha ziyadə, erməniliyin “mifoloji” və ideoloji tənəzzülü, Haydat prinsipləri və erməni siyasi isteblişmentinin əsaslandığı Tseqhakron doktrinasının total destruksiyasıdır. Güman etmək olar ki, Azərbaycan ordusunun zəfərləri keçmişlə deyil, keçmişdə yaşamağı sevən ermənilərin, habelə Ermənistanı Qarabağsız mümkün görməyən siyasi-idarəedici düşüncənin, eləcə də erməniliyin ideoloji və doktrinal əsaslarının böyük dəyişikliyə məruz qalması ilə nəticələnəcək

           İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. H. Pasdermadjian, Histoire de l’Armenie, p. 23
  2. Y.Kalafat, “Mono-nationality and National Church”, (24-27 October 2001), İstanbul
  3. M. F. Kırzıoğlu, “Milli Destanlarımızda Dede Korkut Oğuznamelerinin Tarih Belgeleri Bakımından Değerleri- Armenya/Yukarı Eller Tarihinin İçyüzü”, Belleten, c. 50, s.198 (Aralık,1986)’dan ayrı basım, Ankara, 1987, s. 920,
  4. https://avim.org.tr/Blog/armenians-true-motives-behind-falsification-of-historical-truths
  5. Y.Kalafat, “Mono-nationality and National Church”, (24-27 October 2001), İstanbul
  6. Farida Mamedova, “On Historical Geography of Caucasian Albania, Armenia and the Albanian Ethnos”, History of the Caucasus, The Scientific-Public Almanac, s. 10
  7. Mammedova, agm, s. 9, Elyas Babayev, “Some Features of…”, ss. 89-90
  8. Zaza Aleksidze, “Preliminary Account on the identification and deciphering of the Caucasian Albanian text discovered on Mount Sinai”, History of the Caucasus, The Scientific-Public Almanac, ss. 37-38
  9. Loss of Independence and Commencement of the De-ethnization Process of the Albanians, http://karabakh.org/?id=3044&item=5
  10. Erich Feigl, “Ermeni Milli Kilisesi’nin Zaferi ve Trajedisi”, Ermeni Araştırmaları, s. 2, ss. 65-66, Erdal İlter, Ermeni Kilisesi ve Terör, s. 88
  11. İ. Aliyev, Nagornıy Karabagh, ss. 75-78
  12. Wolfgang Gust, Der Völkermord an den Armeniern, Die Tragödie des aeltesten Christienvolkes der Welt, Münih, 1993
  13. https://hetq.am/en/article/6953?fbclid=IwAR023j1JmilF87bXuha0xC4d7cvCq3A0mxV9G3LwwVXv51ZiP3atqVDfQWo
  14. https://armenianchurch.us/2020/10/27/catholicos-karekin-ii-artsakh-cannot-be-part-of-azerbaijan-under-any-status/
  15. https://twitter.com/nikolpashinyan/status/1311635330106351618    
  •  (0)
  •  (0)