İcra hakimiyyətləri ləğv olunacaq? – Komitə sədrindən AÇIQLAMAbackend

İcra hakimiyyətləri ləğv olunacaq? – Komitə sədrindən AÇIQLAMA

“Bu qədər işlər görülürsə, qiymət verməyi bacarmaq lazımdır”

Xəbər verdiyimiz kimi, millət vəkili Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi cari ilin ilk dörd ayı (yanvar-aprel) üzrə keçirdiyi sosioloji sorğunun nəticələrini açıqlayıb.

Sorğu çərçivəsində vətəndaşların yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.

Göründüyü kimi, vətəndaşların 52 faizi icra başçılarına etibar etmir. Bəs belə olduqda, icra hakimiyyətləri ləğv oluna bilərmi? Yaxud icra başçılarının əvəzinə regionlar üzrə prezidentin xüsusi nümayəndələri təyin oluna bilərmi?

Sözügedən sorğunun nəticləri ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hesab edir ki, ölkə prezidenti  icra başçılarına etimad edirsə və ölkədə sosial islahatlar, yerlərdə ictimai-siyasi sabitlik varsa, bəzi insanların fikirləri həqiqətə əsaslanmır.

Deputat qeyd etdi ki, icra orqanları birbaşa prezidentin səlahiyyətindədir.

“Amma, əgər bütün strukturlarda islahatlar gedərsə və islahatlar ölkənin inkişafına, ictimai-siyasi rifahına xidmət edərsə, əlbəttə belə islahatlar gedə bilər. Amma bəzi insanların icra hakimiyyəti, polislər, millət vəkilləri haqqında fikirləri həqiqəti əks etdirmir. Rayon icra hakimiyyəti başçısını, deputatını tanımayan  insanlar var. Necə ola bilər ki, öz ölkənin adamını tanımayasan? Bu adam kitab oxumur, heç nə ilə maraqlanmır. Bəzən də başqa rayonun adamı başqa rayonun haqqında fikir söyləyir. Ölkə prezidenti bu adamlara etimad göstərirsə, ölkədə sosial islahatlar, yerlərdə ictimai-siyasi sabitlik varsa, bu, birbaşa icra orqanlarının işi ilə əlaqədardır. İcra orqanları olmasa, bu qədər işlər görülməz. Onların fəaliyyətini heçə endirmək olmaz. Sözsüz ki, islahatlar gedəcək və ortaya mənfi müsbət hallar çıxacaq, amma bunu araşdırmaq lazımdır. Tutaq ki, icra orqanlarını ləğv etdik, bəs bunu hansı qurum yerinə yetirə bilər? Deyirlər ki, icra hakimiyyətinin səlahiyyətləri bələdiyyələrə verilsin. Bələdiyyələrin bu qədər imkanları varmı? Orada bu qədər kadr potensialı varmı, zəngin təcrübəyə malikdirlərmi? Əlbəttə ki, bunlar idarə edə bilməzlər. Buna getmək müəyyən zaman tələb edir. Ola bilsin ki, bir neçə ildən sonra bu məsələni qabartmaq olar. O vaxt ki, ölkədə bu orqanları əvəz edəcək qurum olacaq”.

Tahir Rzayevin sözlərinə görə, bəzən elə sorğu qoyurlar ki, 20-25 il fəaliyyət göstərən deputatları vətəndaşlar tanımır.

“Elə Zahid Orucun özünü götürək, müntəzəm olaraq televiziyada göstərilir, tədbirlərdə olur, yaxşı çıxışları olur, amma sorğu keçiriləndə sakinlər tanımır. Deməli bu adamın özü zəifdir, ictimai həyatdan anlayışı yoxdur. Deputatlar, icra orqanları haqqında elə adamlar fikir söyləməlidir ki, həqiqətən reallıqları duya bilirlər, baş verən hadisələri qiymətləndirə bilirlər. Hər bir işin öz sahibi olmalıdır və buna qiymət verilməlidir. Fikir söyləyən insanların icra orqanlarının işindən xəbəri yoxdur. Hər hanasısa işi ümümiləşdirib bir adamın üstünə atmaq olmaz. Məsələn, nazirlikdə bir adamın səhvinə görə bütün nazirliyi çıxdaş etmək düzgün deyil. Bu qədər işlər görülürsə, qiymət verməyi bacarmaq lazımdır. İslahatların getməyinin tərəfdarıyam. Vaxt tələb edəcək, amma islahatların olması zəruridir”.

Deputat rayon icra hakimiyyətlərinin ləğv edilərək regionlar üzrə prezidentin xüsusi nümayəndəliyinin yaradılması iedyası barədə də fikirlərini bölüşdü.

“Əlbəttə yaradıla bilər. Başqa ölkələrin təcrübəsi var. Cənab prezident müəyyən ərazilərdə təhsil və digər sahələrdə regional idarələr yaradıb. Amma onun yerli idarələri heç də ləğv olunmur. Yerli qurum saxlanılsa da, onun səlahiyyətləri müəyyən qədər məhdudlaşdırılır. Prezidentin təyin etdiyi səlahiyyətli nümayəndələr o əraziləri idarə edir. Hal-hazırda işğal azad olunan ərazilərə nümayəndələr təyin olunub ki, orda insanlar yaşamır. Ancaq insanlarla işləmək çox çətindir. Onların tələbatını ödəmək, onların taleyi ilə maraqlanmaq üçün işlək aparat lazımdır, bacarıqlı kadr lazımdır”, – deyə Tahir Rzayev bildirdi.

  •  (2)
  •  (0)