Bir çox hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə icbari tibbi sığorta ilə müraciət edərkən müəyyən anlaşmazlıqlarla rastlaşır. Müraciət etdiyi tibbi xidmətin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmadığı qeyd edilir.
Bəs vətəndaşlar icbari tibbi sığorta ilə müayinələrdən keçmək üçün hansı dövlət tibb müəssisələrinə müraciət etməlidir?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər.
Qeyd edilib ki, bəzi tibb müəssisələri ixtisaslaşdırılmış tibbi xidmətlər üzrə fəaliyyət göstərirlər. Məsələn, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Hematologiya və Transfuziologiya İnstitutu, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana və s.
“Bundan əlavə, vətəndaşlar qeydiyyatda olduğu Poliklinika/Ailə Sağlamlıq Mərkəzində çalışan öz ailə həkiminə müraciət etməklə müvafiq tibbi xidmət üzrə fəaliyyət göstərən tibb müəssisəsi haqqında məlumatı əldə edə bilərlər.
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş vərəqəsi ilə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində ödənişsiz şəkildə yararlana bilərlər. Xidmətlər Zərfi ilə təminata alınmayan tibbi xidmətlər vətəndaşın öz vəsaiti hesabına həyata keçirilir”, – deyə məlumatda bildirilib.