Hikmət Hacıyev: “Ağdam URBİCİD-in aydın nümunəsidir”backend

Hikmət Hacıyev: “Ağdam URBİCİD-in aydın nümunəsidir”

“Ağdamın hazırki vəziyyəti şəhərə qarşı şiddətin aydın nümunəsidir”. Bu fikri  Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Ağdamla bağlı paylaşımında irəli sürüb.  O qeyd edib ki, 30 il ərzində Ermənistanın vandalizmi nəticəsində tamamilə dağılıb, talan edilən Ağdam URBİCİD-in aydın bir nümunəsidir.

Hokm.az xəbər verir ki, Saxta.info bu fikrin  əsaslı olub-olmadığını  yoxlayıb.

Urbicide  latın sözü olub, “şəhərə qarşı şiddət” mənasındadır. Termini ilk dəfə 1963-cü ildə  ingilis yazıçısı Maykl Murkok irəli sürüb.  1992-1996-cı illərdə Bosniya və Herseqovinanın paytaxtı  Sarayevo şəhərinin  artilleriya zərbələri nəticəsində dağıdılması  ilə bağlı bu termin  daha da aktuallıq qazanıb.  Müasir dövrdə bir şəhərin binalarının fiziki olaraq məhvi  ən aşkar  “urbisid” forması  kimi xarakterizə  edilir.

Varşava

“Şiddət görən şəhərlər”  siyahısına  salınan şəhərlərdən biri Polşanın paytaxtı Varşavadır.  II Dünya müharibəsi zamanı faşistlər  şəhərin demək olar ki 85 %-ni dağıdıb və yandırıblar. Şəhərin qədim hissəsi,  o cümlədən mədəni irs nümunələri tamamilə məhv  edilib. Bir sıra  mənbələrdə  qeyd edilir ki,  nasistlər Varşavadakı binalarla bağlı  “heç bir bina  salamat qalmamalı,  hər binanın daşı öz özülü üzərinə tökülməlidir”  qərarı  veriblərmiş.

Vukovar,  Elts qalası

Urbicide termininə uyğun gələn başqa bir şəhər  Xorvatiyanın Vukovar şəhəridir.  1991-ci ilin avqust-noyabr aylarında, 87 gün Serb hərbi birləşmələri tərəfindən mühasirədə saxlanılan şəhərə  1 milyona yaxın mərmi atılıb.  Şəhərin sistemli şəkildə  bombalanması nəticəsində  məhəllələrin  dörddə üçü məhv edilib.  Məhv edilən tikililər arasında  məktəblər, xəstəxanalar, kilsələr, dövlət müəssisələri, fabriklər, orta əsrlərə aid Elts qalası, Nobel mükafatçısı, yazıçı Lavoslav Rujiçanın evi də olub. Qeyd edək ki, Serbiyanın 1-ci prezidenti Slobadan Miloşeviçə qarşı irəli sürülən ittihamlardan biri də  Vukovar şəhərinin məhvinə dair verdiyi  göstərişlərlə bağlı olub.

Sarayevo

Şiddətə məruz qalan şəhərlər sırasında Bosniya və Herseqovinanın paytaxtı  Sarayevo şəhəri xüsusi qeyd edilir.  1992-ci ilin fevralında Bosniya və Herseqovina öz müstəqilliyini elan etdikdən sonra Serb hərbi birləşmələri və  Yuqoslaviya xalq ordusu Sarayevo şəhərini  mühasirəyə alıb. 1992-ci ilin aprelindən 1996-cı ilin fevralınadək mühasirədə qalan şəhərdə bombardıman nəticəsində minlərlə insan ölüb,  evlərin  və  obyektlərin  böyük hissəsi dağılıb.

Suriyada 2011-ci ilin  mart ayından başlayan  vətəndaş müharibəsi nəticəsində ciddi dağıntılara məruz qalan  Hələb şəhəri də bir sıra mütəxəssislər tərəfindən  şiddətə məruz qoyulan şəhərlər sırasına daxil edilib. Qeyd edək ki,  Hələbdəki Böyük Məscidin  hissələri,   Əl-Mədinə bazarının bölmələri də  müharibə nəticəsində dağılıb.

Azərbaycanın  Ağdam şəhərinin bu terminə uyğun  olub-olmamasına gəlincə,  bunun üçün fotolara  baxmaq kifayət edir. Şəhərin müxtəlif rakurslardan, xüsusilə yuxarıdan çəkilən fotosunda Cümə məscidini çıxmaq şərtilə salamat tikili qalmadığı aydın şəkildə görünür.  Cümə məscidinin salamat saxlanılması isə ermənilərin mədəni irsə  xoş münasibətindən qayanaqlanmır.  Burada hərbi məqsəd olub. Belə ki, yaxınlıqda hündür tikili qalmadığına görə ermənilər məscidin minarələrindən  koordinatları təyin etmək üçün istifadə ediblər.

Ağdam şəhərinin qalıqları

Qeyd edək ki,  Ağdam rayonu  Ermənistan silahlı qüvvələri tərəfindən  1993-cü il iyulun 23-də işğal edilib. Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsinin nəticəsində imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanatın 2-ci bəndinə əsasən rayon noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılıb.  İşğal nəticəsində 6 minə yaxın Ağdam sakini şəhid olub, rayonun 1094 kv.km-lik ərazisinin 882 kv.km-i zəbt edilib, 160 minə yaxın sakindən 128 mini doğma ev-eşiyindən didərgin düşüb. 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey ermənilər tərəfindən məhv edilib.  Bina və digər obyektlərin böyük hissəsi Ağdam şəhərində yerləşib.  Həmin vaxta qədər şəhərin  28 min əhalisi olub. Onların hamısı öz doğma evindən qovulub.

27 il davam edən işğal zamanı  ermənilər  Ağdamdakı dəzgah avadanlıqları, aеrokosmik və rabitə cihazları, mеtiz-furnitur, traktor və avtomobil təmiri, konsеrv, tikinti matеrialları zavodu, ət kombinatları, iki dəmir yolu vağzalı və aеroport, kənd təsərrüfatının mеxanikləşdirilməsi və еlеktrikləşdirilməsi zavodu, Üzeyir Hacıbəyov adına musiqi tеxnikumu,  Əbdürrəhim Haqvеrdiyеv adına Ağdam Dövlət Dram Tеatrını da dağıdıb.

Fotodan da göründüyü kimi, Ağdam Dövlət Dram Tеatrının yalnız sütunları qalıb.  Şəhər işğaldan azad edildikdən sonra çəkilən foto və videolar göstərir ki,  Ağdam şəhərindəki tikililərin 100 %-i  dağıdılıb.

2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Xirosiması” adlandırıb,  Əl-Cəzirənin  internet nəşri  “ruhlar şəhəri” siyahısına salıb.  Bundan başqa,  Ağdam şəhəri  işğaldan azad edildikdən sonra bura səfər edən beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar, jurnalistlər öz açıqlama və reportajlarında şəhərin yer üzünüdən silindiyini dəfələrlə vurğulayıblar.

Saxta.info sadalananlara əsasən  bu qənaətə gəlib ki,  Hikmət Hacıyevin  Ağdam şəhəri ilə bağlı açıqlaması  həqiqəti əks etdirir.

  •  (0)
  •  (0)