Həssas məqamda imzalanan Moskva Bəyannaməsi: nə qazandıq, nə itirdik?backend

Həssas məqamda imzalanan Moskva Bəyannaməsi: nə qazandıq, nə itirdik?

İlham Axundov: ““Belə bir şəraitdə praqmatik siyasət yürütmək yeganə çıxış yoludur”

Teymur Yəhyayev: “Azərbaycan-Rusiya münasibətləri həm də buradakı soydaşlarımızın mənafeyinə xidmət edir” 

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” əsas müzakirə mövzularından biridir. Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif formatlarını özündə ehtiva edən bu sənəddə regional sabitlik və təhlükəsizlik məsələsində birgə əməkdaşlıq, hərbi-siyasi əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı fəaliyyət və digər məqamlar öz əksini tapıb.

Rusiyanın Ukraynaya hücumu fonunda bu sazişi tənqid edənlər, bununla da Moskvanın ölkəmizə təsir imkanlarının artacağını düşünənlərlə yanaşı, hazırki həssas şəraitdə Bəyannaməni təqdir edənlər də var. İkincilərin qənaətinə görə, Azərbaycan bu sazişlə özünü qorumağa və regional əhəmiyyətini artırmağa nail olacaq.

 

Kanadanın Vaterloo Universitetinin Biznes Proqramları direktoru, professor, həmyerlimiz İlham Axundov AYNA-ya deyib ki, 43 bənddən ibarət olan bu Bəyannaməyə pozitiv yanaşır: “Bəyannamənin yalnız bir maddəsinə toxunmaq istəyirəm. Bu sazişdə qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadəyə, ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin maliyyə təsisatları arasında birbaşa müxbir münasibətlərinin inkişaf etdirilməsinə imkan yaradan bənd yer alıb. Hesab edirəm ki, bu, öz valyutalarını Qərbin sanksiyasından qorumaq üçün atılmış bir addımdır. ABŞ hər iki dövlətdən birini qlobal SWIFT bank şəbəkəsindən xaric etdiyi halda, həm ABŞ dollarından, həm də qlobal ödəniş sistemlərindən yan keçərək, Rusiya və Azərbaycan maliyyə ticarəti aparmağa malik olacaqlar”.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr yüksək səviyyədədir: “Təsəvvür edin ki, Azərbaycanın qeyri-neft sektoru üzrə məhsullarını ən çox ixrac etdiyi ölkə Rusiyadır. İki ölkə arasında ikitərəfli ticarətin həcmi 3,5 milyard dollar təşkil edir. Digər yandan bu gün Rusiyada milyonlarla azərbaycanlı yaşayır. Bir çox hallarda onlar ədə etdiyi gəlirdən Azərbaycanda yaşayan doğmalarına vəsait göndərirlər. Bu xüsusda Rusiyaya qarşı gözlənilən maliyyə sanksiyalarından yayınmaq, ikitərəfli maliyyə əməliyyatlarını qoruyub saxlamaq üçün razılaşma əldə olunması mühüm addımdır. Yəqin ki, Moska Çin və İranla da qarşılıqlı ticarərət hesablaşmalarını inkişaf etdirməyə və ABŞ dollarına məhəl qoymayaraq, sanksiya təhdidlərindən qorunmağa çalışacaq” – professor söyləyib.

Əlavə edib ki, Azərbaycanın yerləşdiyi region kifayət qədər həssas bir mərhələyə qədəm qoyub: “Belə bir şəraitdə praqmatik siyasət yürütmək yeganə çıxış yoludur. Məsələyə həm də bu prizmadan yanaşmaq lazımdır” – deyə Axundov vurğulayıb.

 

Rusiyada yaşayan politoloq Teymur Yəhyayev AYNA-ya şərhində söyləyib ki, bu Bəyannamənin imzalanması Azərbaycan-Rusiya münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldəcək: “44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər ölkəmizin regionda və dünyada rolunu əhəmiyyətli dərəcədə artırdı. Prezident İlham Əliyevin düşünülmüş, məntiqli siyasətinin nəticəsi idi ki, Azərbaycan öz doğma torpaqlarını geri qaytardı. Uzun müddət idi ki, buna hazırlıq gedirdi. Azərbaycanda ordu quruculuğu həyata keçirilir, ölkə iqtisadiyyatı isə inkişaf etdirilirdi. Dəfələrlə rəsmi Ermənistana xəbərdarlıq edildi ki, işğalçılıq siyasətindən imtina etsin. Görəndə ki, onlar bu mənfur siyasətindən əl çəkmirlər və beynəlxalq birlik də buna göz yumur, biz özümüz hərəkətə keçdik və layiq olduğumuz qələbəni qazandıq. Azərbaycanın yürütdüyü siyasət praqmatik siyasətdir və Rusiya ilə imzalanmış son Bəyannaməyə də bu rakursdan yanaşmaq lazımdır”.

Politoloq qeyd edib ki, Azərbaycanla Rusiya arasında tarixi qonşuluq münasibətləri mövcuddur: “Nəzər yetirsək görərik ki, bir çox dövlətlər müstəqil siyasət yürüdə bilmədiklərinə görə, dağılmaq, məhv olmaq təhlükəsi ilə üzləşiblər. Onlar bir çox hallarda ABŞ və Qərbə güvənsələr də, yekunda təklənmiş duruma düşürlər. Uzağa getməyək, götürək elə Ukraynada baş verənləri. Diplomatik siyasət o demək deyil ki, qonuşlarla münasibətləri gərginləşdirəsən. Diplomatik münasibət odur ki, xalqının, ölkənin, dövlətinin maraqlarını hər şeydən öndə tutasan. Prezident İlham Əliyev bir daha göstərdi ki, öz uğurlu fəaliyyəti ilə Azərbaycanı müxtəlif təzyiqlərdən qorumağı və inkişaf etdirməyə layiqincə bacarır. Necə ki, Ulu Öndər Heydər Əliyev müdrik və uzaqgörən addımlar atardı, bu gün İlham Əliyev də həmin uğurlu siyasəti davam etdirir”.

“Müqavilədə diqqətçəkən məqamlardan biri humanitar sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlıdır”, – deyən müsahibimiz hesab edir ki, ki, bu Rusiyada yaşayan milyonlarla soydaşımızın da maraqlarını qoruyacaq: “Bu imkan verəcək ki, soydaşlarımız Rusiyada öz məktəblərini yarada, mədəni adətlərimizi daha da inkişaf etdirə bilsinlər. Yaxınlaşan Azərbaycan-Rusiya münasibətləri həm də buradakı soydaşlarımızın mənafeyinə xidmət edir” – deyə Yəhyayev fikrini tamamlayıb.

  •  (0)
  •  (0)