Hesablama Palatasından korrupsiyaya zərbə bu cür vurulur – Deputat Rüfət Quliyev açıqladıbackend

Hesablama Palatasından korrupsiyaya zərbə bu cür vurulur - Deputat Rüfət Quliyev açıqladı

Hesablama Palatasının son zamanlar müxtəlif qurumlarda apardığı araşdırmaların nəticələrinə və cəmiyyətdə bu mövzuda səslənən müxtəlif fikirlərə uyğun olaraq Hokm.az deputat Rüfət Quliyevin fikirlərini öyrənib:

Bir neçə komitə üzvünün iştirakı ilə keçirilən iclasda Hesablama Palatasının sədrinin çıxışı həqiqətən çox məzmunlu, çox şəffaf çıxış idi. Biz bu analizi, bu məlumatı çox bəyəndik və mən obyektiv şəkildə bildirmək istəyirəm ki, ildən-ilə Hesablama Palatası auditinin keyfiyyəti artır. Orada səsləndirilən yoxlamaların, auditin, təftişin nəticəsində kənarlaşmalar, korrupsion sxemlər, rüşvətxorluğun mənbəyi və o formada kənarlaşan pulların büdcəyə qayıtması çox vacib məsələdir və bu məsələ ilə əlaqədar biz hətta Hesablama Palatasının sədrinə müraciət etdik. Xahişimiz ondan ibarətdir ki,bu işlərin sonu nə ilə yekunlaşır?
Başa düşdük ki, pullar büdcəyə qayıtdı, yoxlamalar hələ də davam edir. Amma bu iş hüquq mühafizə orqanlarına verilib və orada məbləğlər kifayət qədər çoxdur. Maraqlısı odur ki, Hesablama Palatasının 15-16 işçisi var. Bu işçilər 100 milyon manatlıq, bəlkə də milyard manatlıq xərcləri yoxlamaq üçün əziyyət çəkirlər.
İqtisadiyyatın inkişaf etməsini nəzərə alaraq, gələcəkdə maliyyə təftişinin olmağının bizim üçün vacib rol oynadığını bilirik. Buna görə də Hesablama Palatasında işçi sayının artırılması da vacib məqamlardan biridir.
Əgər biz korrupsiya terminindən istifadə ediriksə dövlətin maliyyəsində olan çatışmazlıqları, büdcə vəsaitlərinin düzgün istifadə edilməməsini nəzərdə tuturuq. Sahibkarlıq fəaliyyətində korrupsion sxem qurulanda bu daha çox sahibkarlar arasında olan münasibətlərin anormallığından, qeyri-adekvatlığından ibarət olur. Sonda müəyyən qədər maliyyə problemləri yaranır və bu zaman daha çox istehlakçılar əziyyət çəkir. Bu fonda korrupsiya haqqında söhbət ediləndə ilk növbədə büdcə vəsaitlərinin düzgün istifadə olunmamısı nəzərdə tutulur. Əgər hansısa sxemlər yaranırsa, pul ilə öz xeyrinə çirkin işlər görən məmurlar o sxemləri qururlarsa, ordan pul vəsaitini mənimsəyirlərsə, deməli, əsas təhlükə məhz oradadır.
Azərbaycanda anti-korrupsiya prosesi böyük vüsat alıb, inkişaf edir və bu mübarizə davam edəcək.
Tutduğu vəzifəsindən və statusundan asılı olmayaraq məmur cənab prezidentin tapşırıqlarını yerinə yetirmirsə və şəffaf işləmirsə, onlara qarşı ən yaxşı mübarizə apara biləcək ən güclü maliyyə auditi aləti Hesablama Palatasıdır.
Çox maraqlıdır ki, bu işlərin sonu nə ilə qurtarır?
İlk növbədə Hesablama Palatası yoxlamanı aparır, daha sonra orada yaranan bütün çatışmazlıqlar müəyyən olunur, həmin çatışmazlıqlar büdcəyə qaytarılır və paralel şəkildə hüquq mühafizə orqanlarına məlumatlar verilir. Sonrakı proseslər haqqında deputatların xəbəri olmalıdır.
Tək Hesablama Palatasının gücü ilə məmurlar tərəfindən mənimsənilən pulların büdcəyə qayıtmağı da mümkün olmur. Məsələyə hüquq mühafizə orqanları qarışandan sonra məcburi formada qaytarılır. İstər siyasi, istərsə də hüquqi tərəfdən biz buna qiymət verməliyik. Hansi cəzalar tətbiq olunub, hansılar məhkəməyə çıxarılıb və məhkəmənin nə qərar verdiyi ilə maraqlanırıq. Çünki dövlət büdcəsindən söhbət gedir. O xalqın pullarıdır. Vergidən, gömrükdən, dövlət tərəfindən yönləndirilən transferlərdən əldə edilən pullardır. Bu pulları necə mənimsəmək olar? Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır və ictimaiyyət qarşısında məhkəməyə çıxarılmalıdır. Xalq da bilməlidir ki, hansı qurumlarda işləyən məmurlar bu formada satınalma mexanizmlərdə qurulan çirkin əməllərdən istifadə edirlər.
Dövlətin vəsaitinə toxunan adam cəzalanmalıdır. Bütün cəmiyyət bunu bilməlidir. Məmurlar da kimlər ki, bu işə əl atmayıb, lakin könlündən keçir, xəbərdar olmalıdırlar ki, dövlət orqanları bu işlə ciddi məşğul olacaqlar. Bunun sonu da cinayət işi ilə bitəcək. Düşünməsinlər ki, mənimsədikləri pulu qaytarmaqla azad olacaqlar. Bu nəzarət daim artmalıdır və sosial ədalət bərpa olunmalıdır.
Qeyd edim ki, bizim şəffaf formada işləyən ibrət götürüləcək minlərlə məmurlarımız da var.
İstər öz işini düzgün aparan nazirliklər, komitələr, qurumlar, istərsə də Hesablama Palatasında adı çəkilən qurumların adını çəkməyə ehtiyac duymuram. Hesablama Palatasının hesabatı məxfi bir sənəd deyil. Orda bütün nazirliklərin və qurumların çatışmazlıqları var. Ehtiyac olsa, həm büdcədən pul alan, həm də “özü də pul qazanan” qurumların adlarını çəkib, açıqlama vermək olar.
Mən təxminən bir ay əvvəl komitə iclasında sual verdim ki, həm cərimələrlə pul yığan, həm də büdcədən maliyyələşən qurumları necə qiymətləndirək? Bu dövlət qurumu işi ilə məşğuldu ya cərimələrlə? Cərimələrdən gələn qeyri-rəsmi vəsait bəlkə də büdcədən götürülən puldan da artıqdır.
Mən millət vəkili kimi istər şəhərdə, istərsə də doğma Lənkəranda gedib hardasa çay içirəm. İnsanlar yaxınlaşır, başlayır öz fikirlərini bölüşməyə. Fikirlərin böyük əksəriyyəti müsbətdir. Onlar Azərbaycan dövlətini dəstəkləyirlər və aparılan siyasətdən razıdırlar. Lakin bununla yanaşı, bəzi qurumların atdığı çirkin addımlardan da danışırlar. Əgər hansısa dövlət qurumunun yüksək statuslu məmuru düşünürsə ki, insanlar bunu bilmir və yaxud dilə gətirmir, yalnış bilirlər. Əgər şübhələri varsa saytlarda, sosial şəbəkələrdə olan çıxışlara, iclaslara baxsınlar.
İngilislərin belə bir atalar sözü də var: “Əgər 8 nəfər deyirsə sən içkilisən, düşün, bəlkə həqiqətən də içkilisən”. Əgər çox sayda insan bir qurumdan narazıdırsa, deməli nəsə var. Bir millət vəkili, pedaqoq kimi müraciət edib, bildirirəm ki, xəbərdar olsunlar ki, bunun sonu var.
Çox vaxt bəzi ekspertlər, jurnalistlər, hətta cəmiyyətin aparıcı nümayəndələri kriminal axtarmağa başlayırlar. Kriminal sxemlər axtarmağa ehtiyac yoxdur. Əgər varsa, bunu dövlət açıqlayacaq. Müəyyən vaxt keçirsə, dövlət açıqlamırsa, ondan əvvəl bu xaricdən açıqlanacaq. Bütün inkişaf etmiş ölkələrdə bankların və dövlətin maliyyə üzrə əks-kəşfiyyat orqanları var. 1.1 milyard manat valyutanın xaricə daşınması haqqında ciddi ekspert rəyləri mövcuddur. Əgər bu banklara qeyri-qanuni şəkildə çirkin pullar daxil olursa, dərhal əməliyyat başlanılır.
Biz burda kriminal kök axtarmırıq. Azərbaycan dünya iqtisadiyyatına açıqdır və biz dünya maliyyəsinə inteqrasiya oluruq. Əgər bizim dünya banklarıyla münasibətimizdə bir nöqsan olsaydı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya Bankı və digərləri Azərbaycana kredit ayırmazdılar. Onlar nədənsə şübhələnsə, birbaşa münasibətlər kəsilər.
Ekspertlərə, aparıcılara və jurnalistlərə müraciət edirəm ki, gəlin, bazar iqtisadiyyatının rəqəmlərində kriminal sxemlər axtarmayaq. Bazar iqtisadiyyatının öz qanunları var və proseslər bu qanunlara uyğun aparılmalıdır.
Hokm.az -a geniş açıqlama verən deputat Rüfət Quliyev ehtiyac bilmədi ki, dələduzluq, oğurluq edən qurumların adı çəkilsin. Amma mən ehtiyac olan kimi hamısının adlarını deyəcəm.

Hokm.az

  •  (3)
  •  (1)