“Gömrük Komitəsi Vergilər Xidmətinə birləşdirilsin” – Natiq Cəfərlidən təklifbackend

“Gömrük Komitəsi Vergilər Xidmətinə birləşdirilsin” – Natiq Cəfərlidən təklif

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşının saxlanılması barədə məlumat vermişdik. Komitənin həbs olunan əməkdaşı, Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov üç il öncə general-mayor rütbəsinə layiq görülüb.

Qeyd edək ki, ötən aydan Dövlət Gömrük Komitəsi (DGK) ətrafında yaranan ajiotaj bitmək bilmir. Dövlət Təhlükəsizliyi Xidmətinin bu qurumda əməliyyat keçirdiyi və bir neçə yüksək rütbəli zabitin saxlanıldığı iddia olunsa da, məlumat rəsmi olaraq təsdiqlənmir. General Rəsulovun həbsi isə komitə daxilində ciddi yoxlamaların həyata keçirildiyinə dair iddiaların əsassız olmadığını ortaya qoyur.

Gömrük orqanları Azərbaycanda ən çox şikayət olunan qurumlardan biridir. Təsadüfi deyil ki, bu komitəni ölkə miqyasında həyata keçirilən islahatların şamil olunmadığı azsaylı qurumlardan biri kimi qiymətləndirirlər.

İqtisadçı ekspert Natiq Cəfərli Hokm.az-a açıqlamasında bildirib ki, Azərbaycanın gömrük sistemində kosmetik deyil, kompleks islahatlara ehtiyac var: “Əgər bu baş verməyəcəksə, atılan addımların ciddi effekti olmayacaq. Bu elə bir qurumdur ki, sahibkarlar illərdir süründürməçiliyə salındığını, idxal-ixrac əməliyyatları zamanı süni əngəllərlə qarşılaşdıqlarını bəyan edirlər. Bu qurumda idarəetmə sistemi və fəlsəfəsi dəyişməlidir. İlk növbədə bu qurumun müstəqil qurum kimi fəaliyyətinə son qoyulmalıdır. Çünki buna ehtiyac gərək yoxdur. Gömrüyə rəsmi olaraq daxilolmalar vergi sistemi ilə eynidir. O Bu səbəbdən bu qurumu Dövlət Vergi Xidmətinin tabeliyinə vermək lazımdır.

Cəfərli qeyd edir ki, yoxlamalar və məmur həbsləri heç nəyi dəyişməyəcək: “Düzdür, korrupsiya cinayət əməlidir və buna görə, hüquqi ölçü götürülməlidir. Lakin hər hansı məmuru həbs etmək və cəzalandırmaqla, köklü dəyişikliklərə nail olmaq mümkün deyil. Azərbaycanda nəinki gömrük sistemində, əksər sahələrdə kompleks islahatlar aparılamlıdır. Gömrük sistemində, Dövlət Yol Polisi sistemində, bütün sahələrdə. Buna isə xərcləri optimallaşdırmaq və idarəetmənin fəlsəfəsini dəyişməklə nail olmaq mümkündür. Mövcud idarəetmə sistemi çürüyüb və müasir dövrün tələblərinə cavab vermir. Buna görə də, məmurları əvəzləmək yox, sistemi yeniləmək lazımdır – müsahibimiz deyir.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi “kolxoz təfəkkürü”ndən çıxmalıdır: “Bir müddət öncə bu qurumda mənim də başıma oxşar olay gəldi. Sahibkarlar bəzən günlərlə gömrükdə gözləməli olurlar. Daxili istehsal zəif olduğuna görə, əksər məhsullar xaricdən idxal olunur. Həmin məhsulları gətirəndə isə iş adamlarının gömrükdə rastlaşdıqları satış prosesindən də daha çətin və əzablıdır.

Təcili olaraq bu istiqamətdə kosmetik deyil, real islahatlar aparılmalıdır – deyə ekspert fikrini yekunlaşdırır.

Mikayıl Mirzəzadə

Hokm.az

  •  (1)
  •  (1)