Gömrük inspektoru prokurorluğun verdiyi “nömrələnmiş” pulla tutulubbackend

Gömrük inspektoru prokurorluğun verdiyi “nömrələnmiş” pulla tutulub

Bakı Baş Gömrük İdarəsinin rüşvətə görə həbs edilən daha bir əməkdaşının cinayət işi ilə bağlı detallar məlum olub.
Kriminalqafqaz xəbər verir ki, istintaq zamanı idarənin “İpək Yolu” postunun inspektoru Mirağa Ağayevin sahibkardan 200 manat rüşvət istədiyi üzə çıxıb.
Mirağa yüklərin yerində yoxlanılmasını həyata keçirən inspektor olub və bu pulu sahibkar Rüfət Akiflinin adına Türkiyədən göndərilən 18 500 manat dəyərindəki avtomobil ehtiyat hissələrinin gömrükdən sürətli keçidini təşkil etmək üçün tələb edib. O, bu işdə vasitəçi rolunu oynayan “Global Broker” MMC-nin direktoru Ceyhun Şabanova işin “qiyməti”nin 200 manat olduğunu bildirib.
Ceyhun isə Elçindən ümumilikdə 1000 manat pul alıb. O, məbləğin 200 manatını Mirağa Ağayevə, 400 manatını digər gömrük inspektoru Elmar Rzayevə çatdırmalı imiş. Yerdə qalan 400 manatı isə gömrük bəyannamələrini hazırladığına və işdə vasitəçi olduğuna görə özünə götürüb.
M.Ağayev özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, işlədiyi müddətdə heç bir qanunsuzluğa yol verməyib. O, Elçin Rzayevə məxsus yükləri yoxlayarkən hər şeyin qaydalar çərçivəsində olduğunu görüb buraxılış verdiyini bildirib. Mirağa bu iş üçün heç kimdən pul istəmədiyini və heç kimin ona pul vermədiyini qeyd edib.
Elçin Rzayev ifadəsində göstərib ki, ona məxsus yüklərin gömrük bəyannamələrini Ceyhun Şabanov hazırlayıb. Ceyhun ondan xidmət haqqı kimi 380 manat, Mirağa Ağayev üçün 200 manat, Elmar Mirzəyev üçün 400 manat olmaqla cəmi 980 manat pul istəyib. O, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verib. İdarədə ona 1000 manat “nişanlanmış” pul verilib. O, həmin gün Ceyhunla Bakıxanov qəsəbəsində görüşərək 1000 manatı ona verib.
İstintaq zamanı ifadələr arasında yaranmış ziddiyyətlərlə bağlı üzləşdirmələr keçirilib. Ceyhun Şabanov göstərdiyi xüsusatları Mirağanın üzünə qarşı da bildirib. Mirağanın ondan istədiyi 200 manatı həmin ərəfədə bayram vaxtına düşdüyü üçün verə bilmədiyini qeyd edib.
Qeyd edək ki, Mirağa Ağayev 14 oktaybr 2019-cu ildən Bakı Baş Gömrük İdarəsində іnspektor vəzifəsinə təyin olunub. DGK sədri Səfər Mehdiyevin 21 iyun 2021-ci il tarixli əmrinə əsasən Gömrük orqanlarından xaric olunub.
M.Ağayev 17 may 2021-ci ildə şübhəli şəxs qismində tutulub. Ona Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Bu iş üzrə həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
  •  (0)
  •  (0)