Bu gün “Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib.
“Hokm.az” xəbər verir ki, tədbir Dövlət himnin səsləndirilməsi və ərazi bütövlüyümüz, suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra “Femida Könüllüləri” Təşkilatının bir illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Forumda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida Könüllüləri” Təşkilatının sıralarına hazırda 500-dən çox könüllünün qoşulduğunu diqqətə çatdırıb:
“Bu, ali təhsil müəssisələrinə, hüquq fakültələrinə böyük dəstəkdir. Könüllülük fəaliyyəti hüquq fakültələrindəki təcrübəyə töhfə kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, bu, gənc hüquqşünasların daha təcrübəli, daha praktikaya yaxın biliklərlə ali təhsil müəssisələrini bitirməsinə gətirib çıxarmalıdır. Ona görə də təşkilatın fəaliyyəti yüksək qiymətləndirilməlidir. Bir il ərzində göstərilən fəaliyyət öz müsbət nəticələrini verib və əminəm ki, bu daha da yaxşı olacaq. Məlumdur ki, bu il Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilib və müvafiq qurumlara tapşırıqlar və tövsiyələr verilib. Əminəm ki, “Femida Könüllüləri” təşkilatı bu fəaliyyətdə aktiv olaraq iştirak edəcək və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində müvafiq qurumlara dəstək verəcək”.
Hazırda könüllülük hərəkatının bütün dünyada təqdir olunan, etimad göstərilən və hörmətlə qarşılanan hərəkatlardan biri olduğunu deyən ədliyyə nazirinin müavini Abiddin Hüseynov fikirlərinə belə davam edib: “Çünki könüllülük fədakarlıq, əzmkarlıq deməkdir və bu işləri təmənnasız görməkdir. Bu baxımdan hər kəs həmin keyfiyyətləri özündə birləşdirib könüllülük fəaliyyəti ilə məşğul ola bilmir. Bu gün Femida könüllüləri həm də hüquqşünas könüllülərdir. Hüquqşünaslıq peşədən əlavə bir sosial məsuliyyətdir. Hüquqşünas qanunları bilməklə yanaşı, onları ədalətli tətbiq etməyi bacarmalı, fəaliyyəti zamanı insanpərvərliyini, ədalət hissini itirməməlidir. Femida könüllüləri bir çox təşkilatlarda bu fəaliyyətlə məşğuldurlar. Bu, onların özləri üçün də böyük imkanlar açır. Həmin fəaliyyət onların təkcə hüquqi bilik və bacarıqlarını tətbiq etmələrinə, yeni vərdişlər əldə etmələrinə deyil, həm də onlara karyera yüksəlişi üçün geniş imkanlar açmağa, özlərini təqdim etməyə imkan verir. Bu fəaliyyət nəticəsində biz də könüllülər sırasından fərqlənən gəncləri gələcəkdə ədliyyə orqanları sıralarında görmək istəyir, onlara müxtəlif təkliflər edirik. Onlar gələcəkdə Azərbaycanın tanınmış hüquqşünasları, hakimləri, prokurorları, vəkilləri və digər müxtəlif peşə sahələrində uğurla çalışan şəxsləri olacaqlar”.
Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilovun sözlərinə görə isə bir illik fəaliyyəti yeni tamam olmuş belə bir könüllülük təşkilatının bu dərəcədə vüsət alması əslində təsadüfi deyil. Bunun səbəbi ölkəmizdə hüquqşünasların hər bir təşkilatda öz sözlərini deməyə qadir olmaları ilə əlaqəlidir. Ona görə də Femida könüllülərinin bir illik fəaliyyətinə baxanda heç də təəccüblənməməliyik.
Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov isə VK-nın hər zaman gənclərə dəstək göstərdiyini vurğulayıb.
Mediasiya Şurasının sədri Nadir Adilov “Femida Könüllüləri” Təşkilatı ilə sıx əməkdaşlıq etdiklərini və könüllülərin fəaliyyətindən məmnun olduqlarını bildirib.
Forum çərçivəsində, həmçinin səmərəli fəaliyyətinə görə Femida Könüllüləri mükafatlandırılıblar.
Bununla yanaşı, Könüllülərin Elektron İdarə Edilməsi Sisteminin təqdimatı olub.
Forum çərçivəsində “Dövlət Qurumlarında Hüquqşünas Gənclər üçün İnkişaf Şəraiti” və “Hüquqşünas Gənclər üçün Özəl Sektorda Təcrübə İmkanları” mövzularında dəvət olunmuş qonaqlarla panel görüşləri də keçirilib.
Qeyd edək ki, Forum Azərbaycan Ali Məhkəməsi, Məhkəmə-Hüquq Şurası, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçirilib.
![](https://qafqazinfo.az/uploads/1739612148/c9e90c7d-dc2f-4a34-bba5-28dc44faf585.jpg)
![](https://qafqazinfo.az/uploads/1739612148/aef2d5a0-67ac-4c9f-a81a-7e883a166fbb.jpg)
![](https://qafqazinfo.az/uploads/1739612148/12764a20-8a97-4c8c-b588-661eaf8688b4.jpg)
![](https://qafqazinfo.az/uploads/1739612148/73ec038e-f023-4fc4-bb77-a4632f9a551d.jpg)
![](https://qafqazinfo.az/uploads/1739612148/63d1cc89-289a-4b4c-9798-f506694cb0a6.jpg)
![](https://qafqazinfo.az/uploads/1739612148/5b30bfe8-4389-4671-8ce9-1b93ddcc9b87.jpg)