Bakıda bloqeri qətlə yetirməkdə təqsirləndirilən Əmrulla Güləliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Hokm.az xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. Ə.Güləliyev barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində qətl hadisəsi qeydə alınıb.
24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu (Hafizli) bıçaqla qətlə yetirib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ə. Şıxməmmədov bloqer olub.APA