“Erməni yalanlarına qarşı mübarizədə bütün cəmiyyətin yaxından iştirakı vacibdir”backend

“Erməni yalanlarına qarşı mübarizədə bütün cəmiyyətin yaxından iştirakı vacibdir”

Elnur Allahverdiyev: “Tariximizlə bağlı kitab və araşdırmalar mütləq beynəlxalq arenaya çıxmalıdır”

“Ali Baş Komandanımız Vətən Müharibəsi zamanı həm də informasiya mübarizəsinin ön sırasında yer aldı”

“Medianın İnkişafı Agentliyinin yaradılması bu sahənin inkişafına mühüm dəstək olacaq”

“Yaxın gələcəkdə Qarabağda böyük iqtisadi layihələrin reallaşmasına şahidlik edəcəyik”

Azərbaycan ordusunun şanlı 8 noyabr zəfəri erməni işğalına son qoysa da, təcavüzkarın bu gün də informasiya müstəvisində həyata keçirməyə çalışdığı yalan və təxribatlar, beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdi ona qarşı informasiya müstəvisində mübarizəni davam etdirməyi zəruri edir.  Bu baxımdan  millət vəkili Elnur Allahverdiyevlə söhbətimizdə həm bu, həm də digər məqamları müzakirə etməyə, Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın informasiya platformasında etibarlı şəkildə qorunması üçün görülən işlərlə yanaşı, görülməsi gərəkən işlərin də konturlarını müəyyənləşdirməyə çalışdıq.

– Elnur müəllim, son vaxtlar “Qorqud” Vikipediya Metodiki Klubu istər Vətən Müharibəsi həqiqətləri, istərsə də tariximizdəki digər mühüm hadisələrlə bağlı Vikipediyada ciddi iş aparmaqda, zəngin informasiya bazası yaratmaqdadır. Sizcə internet resurslarında yaradılan bu cür informasiya bazaları Azərbaycan həqiqətlərini təbliğ etməklə yanaşı, həm də ermənilərin informasiya platformasındakı yalan və təxribatlarını ifşa etmək baxımından nə dərəcədə önəmlidir?

– Sualınızın ikinci hissəsindən başlayım. Bəli, bu, önəmli işdir və mən fürsətdən istifadə edib bu sahədə zəhmət çəkən vətənpərvər gənclərimizə təşəkkür etmək istəyirəm. Ancaq bu da bir faktdır ki, tək belə təşəbbüslərlə Vikipediya məkanında dezinformasiya prosesinin qarşısını almaq çox çətindir. Bu, tək vətənpərvər könüllü işi deyil. Tutaq ki, “Qorqud” kimi qurumlar öz işlərini görürlər. Ancaq ciddi çətinliklərlə  qarşılaşırlar. Çətinliklərdən biri yaradılan məqaləyə təqdim edilməsi vacib olan istinad mənbələridir. Vikipediya dünyaca tanınmış media strukturları və elmi mərkəzlərə, onların nəşrlərinə etibar edir. Bizim isə həmin mənbələrdə mənafelərimizə cavab verən informasiyaya ehtiyacımız var. Ona görə də qarşımızda duran daha bir vacib vəzifə alimlərimizin beynəlxalq elmi nəşrlərdə, konfrans və tədbirlərdə, media işçilərimizin isə dünyanın nüfuzlu informasiya orqanları ilə təmaslarda, mübadilə, müştərək layihələrdə fəal olmalarıdır. Sadə dildə desək, beynəlxalq arenaya çıxmalıyıq. Bizim xalqımız, xüsusilə yeni yetişən gənc nəslin intellektual qabiliyyəti üst səviyyədədir. Mediamızda çox istedadlı gənclərimiz çalışır. Bax məncə, onlar da bu istiqamətdə ümumi işimizə tövhə verə bilərlər. Bunun yolu isə bir daha qeyd edirəm, mövcud hüdudları aşmaqdan keçir.

Azərbaycanda çoxsaylı tarixi araşdırma, elmi məqalələr var, maraqlı kitablar çap olunur, ancaq onlar Vikipediya üçün istinad mənbəyi sayılmır. Çünki Vikipediya bu araşdırmaların dərc edildiyi mənbələrə istinad etmir. Bu işlər mütləq beynəlxalq arenaya çıxmalıdır. Odur ki, sualınızın birinci hissəsinə qayıdıb deyə bilərəm: mövcud səylər Vikipediyada ermənilərlə mübarizə üçün yetərli deyil. Bu işdə bütün cəmiyyət iştirak etməlidir. Düşünürəm ki, gənclərimizi, gənc alimlərimizi, xaricdə yaşayan, dünyanın nüfuzlu universitetlərində oxuyan, Azərbaycandan kənarda əmək fəaliyyəti ilə məşğul, belə demək mümkündürsə, bilgisayarla bu və ya digər şəkildə əlaqəsi olan istənilən şəxsi bu sahədə aktiv olmağa çağırmalıyıq.

– Ölkə başçısının fərmanı ilə yanvarın 12-də Medianın İnkişafı Agentliyi təsis edildi. Hansı ki, məqsəd mediamızın daha da inkişafına nail olmaq, onun fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində yenidən qurmaqdır. Sizcə mediamızın güc və peşəkarlığının artırılması beynəlxalq miqyasda ermənilərin informasiya təxribatlarına qarşı daha effektiv mübarizə aparmağa imkan verəcəkmi?

– Bilirsiniz, suala müəyyən mənada artıq toxunduq. Cənab Prezidentin qeyd etdiyiniz fərmanı çox vacibdir. Vətən müharibəsi və qazanılan qələbə dünyaya yeni Azərbaycanı təqdim etdi. Biz qalib ölkəyik, necə ki, güclü, modern ordumuz var, düşmənlə mübarizədə olan digər sferalarımız da belə olmalıdır. Azərbaycan ətrafında olan informasiya blokadasının yarılmasında mediamızın xidmətləri böyükdür. Xüsusilə 44 günlük müharibə günlərində. Ancaq eyni zamanda, biz həmin günlərdə, indinin özündə də görürük ki, Azərbaycanı istəməyən dairələr bizə qarşı qərəzli təbliğatı daha da intensivləşdirirlər. Mediamız bax bu təhdidin qarşısını almağa hazır olmalıdır. Yəni postmüharibə mərhələsi mediamız qarşısında da mühüm və keyfiyyətcə yeni vəzifələr qoyub. Prezidentin fərmanının icrası mənim qənaətimə görə, mediamıza bu istiqamətdə mühüm dəstək olacaq.

Mən bu sahənin mütəxəssisi deyiləm və çalışıram ifadələrimi ehtiyatla seçəm. Ancaq reallıq budur ki, bu gün dünyanın hansı aparıcı media strukturuna baxırsan, orada mütləq bir erməni və ya erməni təəssübkeşi var. Onlar da təbii olaraq Azərbaycana qarşı öz məkrli işlərini görürlər. Hamımız həmin günlərdə dövlət başçısının dünyanın tanınmış telekanalları və agentliklərinə müsahibələrini xatırlayırıq. Cənab Prezident özü şəxsən informasiya mübarizəsinin ön sıralarına keçməklə bizim hər birimizin işini görmüş oldu. Biz qəbul etməliyik ki, daxili auditoriya üçün vəzifələrimizi yerinə yetirməklə kifayətlənmək artıq yetərli deyil. Biz məsələn, dövlətdən dünya standartlarında olan sosial siyasət, yaxud tutaq ki, nəqliyyat infrastrukturu, turizm sektoru və s. tələb ediriksə, öz üzərimizə düşən missiyanı nədən yeni mərhələyə, dünya çapına qaldırmaq barədə düşünməməliyik? Bu baxımdan fikrimcə, Prezidentin fərmanı ilə yaradılmış agentliyin əsas vəzifələrindən biri bu istiqamətdə mediaya yardım, dəstək göstərməkdən ibarət olacaq. Ancaq təbii ki, çox şey medianın özündən də asılıdır.

– Bugünlərdə ölkəmizdə səfərdə olan türk iş adamları Qarabağda sənaye müəssisələri inşa etmək, işğaldan azad edilən torpaqların bərpası prosesində yer almaq istəklərini bildirdilər. Sizcə Qarabağda sənaye müəssisələrinin inşası, bölgənin iqtisadi tərəqqisi ilə yanaşı, digər sahələrin – elm, təhsil, mədəniyyət və s-nin də inkişafına, həmçinin, sosial rifah halının yüksəlməsinə təkan verəcəkmi?

– Şübhəsiz ki, bu, təkan üçün bir fürsətdir. Özü də söhbət tək qardaş Türkiyənin iş adamlarının sərmayesindən getmir. Dövlətimizin özünün kifayət qədər imkanları var, milli sahibkarlıq, yəni özəl sektorumuzun layihələri olacaq və bəlkə də artıq mövcuddur. Qarabağ bizim mədəniyyət mərkəzimiz olub, təsadüfi deyildir ki, Şuşa Prezident tərəfindən mədəniyyət paytaxtımız elan olundu. Qarabağ tanınmış elm, təhsil xadimləri ilə məşhur olub və olacaq. Bu istiqamətlər məlumdur.

Sənaye müəssisələrinə gəldikdə isə, təbii ki, onların ümumi iqtisadi infrastrukturun tərkibində öz yeri və təmayülü olacaq. İndi mən bu barədə ətraflı nə isə deyə bilmərəm, cənab Prezident hökumət qarşısında konkret tələblər qoyub. Odur ki, biz hökumətin “Yol xəritəsi”ndən çıxış etməliyik. Qarabağ ilk növbədə kənd təsərrüfatı baxımından önəmli bölgəmizdir. Turizm üçün ciddi perspektiv mövcuddur. Mineral sular, müalicəvi istirahət komplekslərinin istifadəyə verilməsi potensial var və s. Mənim şəxsi qənaətimə görə, yaxın illər ərzində biz bu cənnət guşəmizdə böyük iqtisadi, yol infrastrukturu layihələrinin yaradılmasına şahidlik edəcəyik. Qarabağ çox zəngindir, bu amil və həyata keçirilən iqtisadi siyasət bu bölgədə yaşayan əhalimizin rifah halına və qeyd etdiyiniz amillərə müsbət təsir göstərəcək. Düşmən də görəcək ki, birincisi, bu torpaqlar kimə məxsusdur, ikincisi isə Qarabağı kim dağıdıb, indi isə kim çiçəkləndirib dirçəldir.moderator.az

  •  (0)
  •  (0)