Erməni deputat: “Ağlıma gəlməzdi ki, bu zal məğlubiyyətə əl çalacaq”backend

Erməni deputat: “Ağlıma gəlməzdi ki, bu zal məğlubiyyətə əl çalacaq”

Aprelin 16-da hakim parlament fraksiyasının deputatları müxalif “Maariflənmiş Ermənistan” partiyasından millət vəkili Karen Simonyanın çıxışını gülüşlə qarşılayıblar.

Deputat parlamentin dünənki sessiyasında hakim fraksiya nümayəndələrinin baş nazirin çıxışını alqışlamalarını kəskin tənqid edib.

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 15-də keçirilən sessiyada hökumətin 2020-ci il üçün proqramının yerinə yetirilməsinə dair geniş hesabatla çıxış edib. İqtidaryönlü deputatlar bu çıxışı bir neçə dəfə sürəkli alqışlayıblar.

Dünən keçirilən sessiyada müxalifət deputatları hakim partiyadan olan yoldaşlarının bu davranışını sərt tənqid ediblər. Nəticədə deputatlar arasında söz atışmaları baş verib.

Karen Simonyan çıxşında deyib:

“Bəli mən bu gün Ermənistan Respublikasının gələcəyindən danışmaq istəyirəm. Amma mən sizdən fərqli olaraq, məsələn, üç il bundan əvvəl Ermənistan Respublikasının gələcəyini tamam başqa cür təsəvvür edirdim. Üç il bundan əvvəl mənim heç ağlıma da gəlməzdi ki, bu zal sizin törətdiyiniz məğlubiyyətə, alçaldılmaya, özünüməhvə bu cür əl çalacaq. Siz həmin gələcəkdə yoxsunuz. Ermənistan Respublikasının qarşısında bugün iki gələcək var: biri sizinlə, qısa və heç yerə gətirib çıxarmayacaq gələcək, digəri sizsiz – işıqlı və bəli, əsl gələcək”.

Lakin iqtidaryönlü deputat Gevork Papoyan bu ittihamı qəbul etməyib və deyib ki, bu çıxışı bir dəfə də alqışlayardı:

“Bəli mən əl çalmışam və söhbət ölkəmizin işıqlı gələcəyindən gedən bütün hallarda əl çalacağam. Bu çıxışda deyilirdi ki, ölkəmizin və xalqımızın belini dikəldib irəliyə doğru hərəkət edək”.

“Maariflənmiş Ermənistan” partiyasının deputatı Taron Simonyan diqqəti baş nazirin çıxışındakı bir məqama çəkib.

Paşinyan demişdi ki, bircə dövlət təsisatı da ona müharibə ehtimalı olduğunu deməyib və beləcə sayıqlıq itirilib.

Simonyan deyib ki, o, öz dostlarından aldığı informasiyaların təhlilindən belə bir nəticəyə gəldiyi halda, dövlət aparatı niyə bunu edə bilməməliydi:

“Bəs sutkada 24 saat işləyən və işlərinə sadiq diplomatik korpusunu çıxmaq şərtilə dövlət aparatı nə ilə məşğul olub? Bəs qalanları nə işlə məşğul olublar?”

Hakim “Mənim addımım” fraksiyasını tərk etmiş deputat Taqui Tovmasyan deyib ki, o hətta müharibədən beş ay sonra da dövlətin “belinin dikəldilməsi” üçün hərəkət görmür.

O silahlı qüvvələrin vəziyyətini misal çəkib:

“Bizim nə təchizatlı səngərlərimiz, nə də təchizatlı ön cəbhəmiz var”.

Müstəqil deputat Arman Babacanyan Paşinyanın çıxışından bəzi epizodları yada salıb.

Baş nazir demişdi ki, əvvəlki hakimiyyət danışıqlar aparırdı və belə demək mümkündürsə, ağrılı kompromislərə hazır idi.

Deputat deyib:

“Uzun illər bizə belə gəlib ki, biz ağrılı kompromislərə, bu əraziləri 7, 5+2, 3+4, 6+1 formulu üzrə qaytarmağa hazırıq. Amma düşünmüşük ki, dünya gücləri razılığa gəlməyəcəklər və biz növbəti dəfə bundan yan keçə biləcəyik”.

Babacanyan habelə Ermənistanın strateji müttəfiqi Rusiyanın bu müharibədəki rolundan danışıb:

“Necə oldu ki, Azərbaycan və Türkiyə Artsaxa (Dağlıq Qarabağ – red) hücum etmək imkanı qazandılar. Rusiya niyə bu müharibənin qarşısını ala bilmədi?”

Millət vəkili ötən il hökumətin daha bir “böyük uğursuzluğundan”, hüquq siyasətinin iflasından söz açıb.

O deyib ki, hazırkı Konstitusiya Məhkəməsi buna misal ola bilər.Azadliq.org

  •  (0)
  •  (0)