Son günlər həm sosial şəbəkələrdə, həm də mediada Gürcüstan vətəndaşı olan azərbaycanlı ailənin 11 yaşlı qızını nişanlaması gündəmin əsas müzakirə mövzusuna çevrilib. Bu olay cəmiyyəti silkələməklə yanaşı, hər zaman diqqətdə saxlanılan erkən nikahlar problemini də aktuallaşdırmış oldu.
Erkən nikahlar cəmiyyətin həll olunmayan problemləri sırasındadır. Xüssuilə azyaşlı qızların evliliyə təhriki əsrlərə dayanan ənənədir. Lakin indi vəziyyət dəyişib və ya dəyişməlidir axı…
Azərbaycan qanunvericiliyinə görə rəsmi nikah yaşı 18-dir. Göstərilən yaşdan aşağı şəxslərin rəsmi nikahı qeydə alına bilməz. Bir sözlə, uşaqların evlənməsi qadağandır və qanunvericiliklə bununla bağlı məsuliyyətə cəlbedilmə nəzərdə tutulub.
Təəssüflər ki, cəhalətin əsirliyindən qurtula bilməyən bəzi şəxslər buna da çarə tapırlar. Belə ki, övladlarını erkən evliliyə təhrik edən valideynlər bu məsələni sadəcə kəbin yolu ilə yəni, dini nikahla həyata keçirirlər. Elə bu səbəbdən hazırda əksər ailələrin sadəcə dini nikahı var, rəsmi evlilik isə arxa plana atılıb.
Maraqlıdır, bu məsələ hansısa şəkildə tənzim edilirmi? Dini kəbin kəsən axundlar, imamlar bu barədə hansısa quruma məlumat veririlərmi? Bununla bağlı nəzarət mexanizmi var?
Mövzu ilə bağlı danışan ilahiyyatçı Hacı Surxay Məmmədli dini kəbinin yalnız rəsmi nikahdan sonra qeydə alınmalı olduğunu bildirib:
“Qafqaz Müsəlmanlar İdarəsi hər zaman din xadimlərinə, imamlara tövsiyə edir ki, kimsə kəbin kəsməyə gəlirsə ilkin növbədə rəsmi dövlət nikahına aid sənəd tələb edilməlidir. Bu sənəd təqdim edildikdən sonra kəbin kəsilə bilər. Lakin nikahda həm də valideynlərin iştirakı mütləqdir. Valideyn razılığı olmadan kəbin kəsmək olmaz. Yetkinlik yaşına çatmış şəxslərin belə valideyn iştirakı olmadan dini nikahlarını qeydə almırıq. Biz nikah şəhadətnaməsini alaraq dini kəbinin şəhadətnaməsinə həmin sənəddəki reyestr nömrəsini qeyd edirik. Hər axundun özündə daha sonra bu sənədin surəti saxlanılır. Qeydə alınan nikah barədə rəsmi olaraq hansısa quruma məlumat göndərilmir”.
Din xadimi 18 yaşdan aşağı olan, lakin bioloji cəhətdən evliliyə hazır olan şəxslərin nikahının qeydə alınması məsələsinə də aydınlıq gətirib:
“18 yaşdan aşağı olan şəxsin fiziki görünüşü nikaha hər hansı əsas verə bilməz. Kimsə bioloji cəhətdən evliliyə hazır ola bilər, amma bu o demək deyil ki, biz kəbinə icazə verməliyik. Axundlar mütləq şəkildə dövlət nikahını təsdiq edən sənədi tələb etməlidir və nikah mərazsimində ağsaqqalların iştirakı mütləqdir”.
Belə aydın oldu ki, axundların dini nikah sənədlərini yığmaq üçün xüsusi qovluğu var. Erkən yaşda ya elə vaxtında qeydə alınan nikah sənədləri orada öz yerini tutur. Yəni, qanunsuz nikahlardan nə Qafqaz Müsəlmanları İdarəsinin nə də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin xəbəri var.
Qovluğa gəlincə, onun içindəkiləri təfərrüatı ilə bir molla bilir, bir də Allah… Sfera.az
















