Əcnəbi vətəndaşı və onun azyaşlı övladlarını məcburi əməyə məruz qoyan şəxs məhkum edilib.
Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaş olan bir qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.